“Müdafiə Xətti”: Azərbaycanda insan hüquqlarının pozulması artan xətt üzrə gedir

“Müdafiə Xətti”: Azərbaycanda insan hüquqlarının pozulması artan xətt üzrə gedir

30-04-2021 19:26 / Bu xəbər 2847 dəfə oxundu

"İctimai-siyasi fəalları susdurmaq məqsədilə onların ailə üzvlərinin də şəxsi həyatı gizli çəkilir, yayılır”

Azərbaycanda son aylarda ailə və şəxsi həyata hörmət, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, ədalətli məhkəmə araşdırması, işgəncəyə, ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının daha çox pozulduğu bildirilir. 

"Müdafiə Xətti” insan hüquqları təşkilatının mart-aprel aylarında apardığı monitorinqlər bu nəticəni ortaya qoyub.

Təşkilatın icraçı direktoru Rüfət Səfərov, həmtəsisçilər Zaur Əkbər və Zəfər Əhmədli mətbuat konfransı keçirərək, monitorinqin nəticələrini açıqlayıblar.

Rüfət Səfərov deyib ki, mart-aprel aylarında Azərbaycanda insan haqlarının durumu ağır olub, ictimai-siyasi fəallara qarşı qara piar kampaniyası aparılıb.

"Hüquq pozuntuları artan xətt üzrə gedir. Repressiyalar kəskin hal alıb. Müxalif mövqeli insanlar, tənqid edən vətəndaşlar yaxşı halda, inzibati qaydada həbs olunur, pis halda isə cinayət məsuliyyətinə cəlb edilir, onlara uzunmüddətli həbs cəzaları kəsilir. İctimai-siyasi fəalları şantaj etmək, susdurmaq məqsədilə onların özü ilə yanaşı, ailə üzvlərinin də şəxsi həyatı gizli çəkilir, yayılır. Bu, dövlətin və cəmiyyətin maraqlarına çox böyük zərbədir”, - Rüfət Səfərov bildirib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Şamaxı sakini Akif Niftəliyev yol polisini tənqid edən videosuna görə dərhal polis tərəfindən saxlanılıb, təzyiqə məruz qalıb və məhkəmə qərarıyla onun haqqında 10 günlük inzibati həbsə göndərilib: "Monitorinqlər göstərir ki, nəinki siyasi hüquqlar, hətta iqtisadi hüquqlar, mülkiyyətin toxunulmazlığı da Konstitusiya və qanunlarımızda əksini tapsa da, gerçəkdə formal xarakter daşıyır. Təkcə müxalifətçilər yox, sadə vətəndaşlara da fərqli fikir söyləmək hüququ tanınmır. Sərbəst fikir, tənqid cinayət kimi qəbul olunur və dərhal cəzalandırılır. Dövlət orqanları baş verən neqativ halları, məsələn, işgəncələri araşdırmaq əvəzinə təkzibetmə funksiyasını yerinə yetirir”.

2017-ci ildə Tərtərdə casusluq ittihamıyla hərbçilərin saxlanması və onların dəhşətli işgəncələrə məruz qalması, ən azı, 11 nəfərin öldürülməsi haqda danışan Rüfət Səfərov bildirib ki, BMT səviyyəsində bu məsələyə münasibət bildirilib, Azərbaycan hökuməti isə real araşdırma aparmaq istəmir: "Bu qətliamı sifariş verənlər də, icra edənlər də cəzasız qalmamalıdır. Bir neçə nəfər aşağı rütbəli hərbçini həbs elədilər, yüngül cəza verdilər, həmin cəza da başa çatmadan azadlığa buraxdılar. Dövlət başçısı dünən əli hərbçilərin qanına batmış həmin şəxsləri Qarabağ müharibəsində iştiraka görə mükafatlandırdı”.

"Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər bildirib ki, ölkədə insan haqlarının vəziyyətinin ağırlığını nəzərə alaraq, hər ayın sonunda monitorinqlərin nəticələrini açıqlamağı planlaşdırırlar. Nəticələr Azərbaycan ictimaiyyətilə yanaşı, beynəlxalq təşkilatlara, səfirliklərə də göndəriləcək.

"Ramazan bayramı ərəfəsində siyasi məhbusların azad edilməsi üçün Prezident İlham Əliyevə, Əfv Komissiyasına və parlamentin Hüquq Siyasəti və İnsan Haqları Komitəsinə müraciət edəcəyik”, - Zaur Əkbər bildirib.

Zəfər Əhmədli isə bir sıra şəxslərin siyasi məhbus kimi təqdim olunması, həmçinin həbsdə olan keçmiş deputat və məmurlardan bəzilərinə qarşı hüquq pozuntularının ictimailəşdirilməsiylə bağlı iradlara cavab verib: "Biz təşkilat olaraq, siyasi məhbus siyahısı hazırlamırıq, kiminsə siyasi məhbus kimi tanınıb-tanınmamasında rol oynamırıq. Bizim hədəfimiz ayrı-ayrı şəxslər yox, pozulmuş hüquqların bərpasıdır. Biz bu təşkilatı ona görə yaratmışıq ki, pozulmuş hüquqları qeydə alaq, hüquqların müdafiəsilə məşğul olaq, problemin həllinə çalışaq. Siyasi məhbuslara gəlincə, bunun üçün Avropa Şurasının da müəyyən etdiyi konkret kriteriyalar var”.

Rüfət Səfərov da bu məsələyə münasibət bildirib: "Məsələn, bizi qınayırlar ki, Hüseyn Abdullayevə qarşı baş verənləri niyə pisləyirik, vaxtilə onun özü də bu rejimə xidmət edib. Biz onun zamanında yol verdiyi qanuna zidd hərəkətləri bu gün də pisləyirik. Amma onun pis rəftara məruz qalmasına da göz yuma bilmərik. BMT kimi mötəbər bir təşkilat belə, onun siyasi motivlərlə, qərəzli həbs olunduğunu qəbul etdiyi sənədlə təsdiqləyib. Bizim kiminsə pozulmuş hüququnu müdafiə etməyimiz onun keçmişdəki hərəkətlərinə haqq qazandırmağımız anlamına gəlməməlidir”.///Meydan.tv