Müsavat seçkinin nəticələrini tanımadı, təkrar seçki tələb etdi

Müsavat seçkinin nəticələrini tanımadı, təkrar seçki tələb etdi

07-02-2024 20:58 / Bu xəbər 622 dəfə oxundu

Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. 

Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir: 
 
"7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib.

Növbədənkənar prezident seçkilərinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb.

Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib.

Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb. 

Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib.

Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur.

Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib.

Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir.

Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib.

Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib.

Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin tam aradan qaldırılması, təkpartiyalı siyasi sistemin qurulması istiqamətində fəaliyyətini növbədənkənar prezident seçkiləri ərəfəsində də davam etdirib.

Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst siyasi fəaliyyətinə imkan verilməyib.

"Siyasi Partiyalar haqqında" Qanuna edilən mürtəce dəyişikliklər icra hakimiyyətinin müxalifətin fəaliyyətinə müdaxilə imkanları daha da artırıb.

Müstəqil mətbuat əsasən sıradan çıxarılıb.

Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir.

Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir. 

"Media haqqında" mürtəce qanun müstəqil və tənqidçi medianın qanuni fəaliyyət göstərməsini əngəlləyib. 

Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz həbs edilib.

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməyib.

Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb.

Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib.

Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib.

Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb.

Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib.

Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir.
 
2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkiləri azad və ədalətli olmayıb.

Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir.

Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir".