Müstəqil jurnalistlər “Abzas Media”ya təzyiqləri pislədilər

Müstəqil jurnalistlər “Abzas Media”ya təzyiqləri pislədilər

21-11-2023 16:33 / Bu xəbər 1212 dəfə oxundu

Azərbaycan jurnalistlərinin böyük bir qrupu "Abzas Media” rəhbərlərinin – Ülvi Həsənli və Sevinc Vaqifqızı, eləcə də bu nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalova qarşı cinayət təqibini pisləyən bəyanatla çıxış edib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Azərbaycanda uzun illlərdir ki, söz və ifadə azadlığı siyasi hakimiyyətin amansız repressiyaları və təhdidi altındadır. Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də söz və ifadə azadlığı tamamilə məhdudlaşdırılıb sıradan çıxarılmağa hesablanıb. 

İndiyə qədər ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar da məhz bu repressiyanın tərkib hissəsi olub. 

Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib. 

2021-ci ildən isə davamlı olaraq məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin də tamamilə sıradan çıxarılması siyasəti yürüdülür. 

Buna 2021-c ildə qəbul edilən mürtəce "Media haqqında" Qanunu və qanunvericiliyə gətirilən çoxsaylı hüquqazidd normaları, həmçinin söz azadlığına qarşı amansız davranışları misal göstərmək olar. 

Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı "Abzas Media"ya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir. 

Bildiyiniz kimi, noyabrın 20-də "Abzas Media"nın dirketoru Ülvi Həsənli zorakılığa məruz qalaraq həbs edilib. O saxlanılarkən işgəncə və qeyri-insani rəftara məruz qalıb. Bundan sonra media orqanının ofisində və  Ülvi Həsənlinin mənzilində axtarış aparılıb. 

5 saat davam edən axtarış zamanı polis əməkdaşları guya saytın ofisində 40 min avro pul "aşkarlayıblar". Bundan sonra Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb. Lakin repressiya və təzyiqlər bununla da məhdudlaşmayıb. 

"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) noyabrın 20-dən 21-nə keçən gecə ölkəyə qayıdarkən Bakı Hava Limanında saxlanılıb. Gecə saatlarında həmçinin Sevinc Vaqifqızının mənzilində axtarış aparılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb. 

Eyni zamanda, "Abzas Media" ilə əməkdaşlıq edən ictimai fəal Məhəmməd Kekalov 24 saatdan artıqdır ki, saxlanılıb və harada olması barədə hər hansı bir məlumat verilmir. 

Bütün bu ittiham və təzyiqlərin nə qədər gülünc və absurd, həmçinin konstutsion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara zidd olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətinə çağırış edir, bu saxta ittihamı dayandırmağı tələb edirik. 

Həmçinin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edərək onlardan bu məsələni diqqətdə saxlamağı, Azərbaycan hakimiyyətinin hamılıqla tanınan və beynəlxalq hüquqla təsbit edilən təməl hüquq və azadlıqlara dair öhdəliklərini yerinə yetirməyə, onun qanunazidd və repressiv addımlarına qarşı əməli addımlar atmağı tələb edirik. 

Hesab edirik ki, bütün bu repressiyaların məsuliyyəti birmənalı olaraq beynəlxalq tədbirlərdə Azərbaycanda "media azaddır" deyən Prezident İlham Əliyevin üzərindədir. 

Şəmşad Ağa - "Arqument.az" saytının baş redaktoru
Alya Yaqublu - Toplum TV-nin əməkdaşı 
Aynur Elgünəş - Meydan TV-nin baş redaktoru 
Rövşən Hacıbəyli - "Azadlıq" qəzetinin redaktoru 
Şahnaz Bəylərqızı - Toplum TV-nin əməkdaşı
Mustafa Hacıbəyli - "Basta" saytının baş redaktoru 
Hafiz Babalı - "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru
Samirə Əhmədbəyli - Müstəqil jurnalist
Ülviyyə Əli - Müstəqil jurnalist 
Elməddin Şamilzadə - "Avasor TV"-nin baş redaktoru 
Anar Abdulla - "Gözətçi portalı" - jurnalist
Samirə Qasımlı -  RLC kanalının baş redaktoru 
Sevda Səmədova - Meydan TV-nin redaktoru
Natiq Cavadlı - Meydan TV-nin əməkdaşı 
Fatimə Mövlamlı - Müstəqil jurnalist
Vüqar Qurdqanlı - "Az24saat.org
" saytının baş redaktoru
Mehman Hüseynov - Sancaq TV
Şəhla Kərim - müstəqil jurnalist
Xədicə İsmayıl - Toplum TV-nin baş redaktoru 
Nicat Əmiraslanov - müstəqil jurnalist
Pərvanə Qurbanlı - Toplum TV-nin əməkdaşı
Şahvələd Çobanoğlu - "Azadlıq” qəzetinin köşə yazarı
Əziz Elxanoğlu - "Turan” İA-nın əməkdaşı
Orxan Məmməd - Meydan TV-nin redaktoru 
Aytən Fərhadova - Müstəqil jurnalist
Gülər Mehdizadə - Müstəqil jurnalist
Günel Səfərova - Müstəqil jurnalist
Nigar Mübariz - Müstəqil jurnalist
Esmira Cavadova - Toplum Tv-nin əməkdaşı
Qənimət Zahid - Turan TV-nin rəhbəri
Əziz Orucov - Kamal 13-ün rəhbəri 
İsmi Şahzadə - Oc-Media-nın jurnalisti
Ramin Deko - reportyor 
Seymur Kazımov - müstəqil jurnalist 
Əfqan Muxtarlı - araşdırmaçı jurnalist 
Nurlan Libre - müstəqil jurnalist 
Aytac Tapdıq - Meydan TV-nin əməkdaşı 
Aygün Aslanlı - jurnalist, kino tənqidçisi 
Ülviyyə Şahin - müstəqil jurnalist 
Fikrət Hüseynli - TİME TV-nin baş redaktoru
Emil Cəfərov - TİME TV
Kamran Mahmudov - "Turan” İA-nın əməkdaşı".