Navalnı Moskvanın Borisov qəbiristanlığında dəfn edilib

Navalnı Moskvanın Borisov qəbiristanlığında dəfn edilib

02-03-2024 01:37 / Bu xəbər 663 dəfə oxundu

Navalnının silahdaşı İvan Jdanov "Telegram"da: "Əlvida dostum. 4.6.1976 – 16.2.2024. Putin tərəfindən öldürüldü”, - deyə yazıb.

Rusiyanın mərhum müxalifət liderinin valideynləri Lyudmila Navalnaya və Anatoli Navalnının Borisov qəbiristanlığında oğullarının dəfn mərasimində iştirak edib.

Alekseyin dəfn mərasimi Moskvanın cənub-şərqindəki Marino rayonundakı kilsədə baş tutub.

"Current Time" yazır ki, müxalifətçinin cəsədi olan tabut kilsədən çıxarılarkən oraya toplaşanlar "Navalnı", "Biz bağışlamayacağıq" və "Putin qatildir" şüarları səsləndirməyə başlayıb.

Navalnının komandası "X" sosial şəbəkəsində Navalnı dəfn edildikdən sonra insanların qəbiristanlığa getməsinə icazə verilmədiyini bildirib və " vidalaşmağa icazə verin!”, - deyə tələb edib.

Vida mərasimində minlərlə insan Navalnı ilə vidalaşmaq üçün kilsənin qarşısında növbədə dayanıb.

Siyasətçinin cənazəsi mərasim üçün kilsəyə gətirildikdə alqışlarla və "Navalnı!" sədaları ilə qarşılanıb.

Rusiyadan kənarda olan və ərinin dəfnində iştirak edə bilməyən siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya "X" sosial şəbəkəsində yazıb: "Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma sənin göylərdə mənim üçün sevinmən və mənimlə fəxr etmən üçün əlimdən gələni edəcəyəm. Buna nail olub-olmayacağımı bilmirəm, amma çalışacağam" .

O, ərinə "26 illik xoşbəxtliyi" üçün təşəkkür edib.