Neft Fondunun aktivləri 44 milyard dolları keçdi

Neft Fondunun aktivləri 44 milyard dolları keçdi

27-07-2021 13:53 / Bu xəbər 4120 dəfə oxundu

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 886,1 milyon manat təşkil edib.

Bu barədə iyulun 27-də ARDNF-dən xəbər verilib. 

Məlumata görə, bunun 4 959,1 milyon manatı neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə olunub. O cümlədən Fond mənfəət nefti və qazının satışından 4 175 milyon manat, bonus ödənişlərindən 768,6 milyon manat, tranzitdən 10,8 milyon manat, akrhesabı ödənişlərdən isə 4,7 milyon manat gəlir əldə edib. Qurum vəsaitinin idarə olunmasından isə 1 927 milyon qazanıb.

Hesabat dövründə ARDNF-in büdcə xərcləri isə 4 708,7 milyon manat təşkil edib. Bunun isə 4 696,7 milyon manatı dövlət büdcəsinə transfertlərdir. 

Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1,4 milyon manat yönəldib. Qurum idarə edilməsinə isə 10,6 milyon manat xərcləyib.

Həmçinin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin 1 258,2 milyon manat büdcədənkənar xərcləri olub.

Bu il iyulun 1-nə ARDNF-in aktivləri 44 104,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2% çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.