Nərmin Quliyevanın anası polis rəisindən pul alıb?

Nərmin Quliyevanın anası polis rəisindən pul alıb?

07-04-2022 18:13 / Bu xəbər 2074 dəfə oxundu

Yanmış meyit tapılan gün ana polis rəisi ilə iki dəfə görüşüb: "Dedi ki, rəisdən pul almağa gəlmişəm”

2019-cu ilin noyabrında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir. Aprelin 6-da məhkəmədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov şahid qismində ifadə verib.

Keçmiş polis əməkdaşı – Tovuz Rayon Polis Şöbəsinin post-patrul bölüyünün polis nəfəri olan Murad Süleymanov bildirib ki, 2020-ci il yanvarın 6-da – yanmış meyit tapılan gün şöbədə Nərmin Quliyevanın anası Aynurə İsmayılovanı görüb:

"Raport üçün şöbəyə getmişdim, gözlədim ki, "razvod” qurtarsın. Onda Aynurə İsmayılovanı gördüm. Dedi ki, rəisdən pul almağa gəlmişəm”.

O dövrdə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov idi. Azyaşlının oğurlanması, yanmış meyitin tapılmasıyla bağlı məsələlərdə onun da adı çox hallanırdı. Bu hadisədən bir müddət sonra – 2021-ci ilin yanvarında Şirzad Əsgərov təqaüdə göndərildi.

Eyni gündə polis rəisi ikinci dəfə Nərmingilin evinə niyə gəlib?

Aynurə İsmayılova özü də məhkəmədə dindirilərkən suallara cavabında yanmış meyit tapıldığı gün səhər saatlarında polis şöbəsinə gedib, Şirzad Əsgərovla görüşdüyünü etiraf etmişdi. Lakin o məhkəmədə demişdi ki, şöbəyə getməkdə məqsədi Nərmin haqda yeni xəbər olub-olmadığını öyrənmək olub.

Məhkəmə araşdırmalarında o da aydınlaşmışdı ki, həmin gün günorta saatlarında polis rəisi Aynurə İsmayılovanın evində olub. Ana polis rəisinin gəlişinin səsəbi haqda vəkillərin suallarına cavab verərkən bildirmişdi ki, Şirzad Əsgərov gəlib uşaq itkin düşən gün əynindəki paltarlar və s. məsələlərlə maraqlanıb. O zaman vəkillər xatırlatdı ki, həmin vaxt uşaq artıq 47 gün idi itkin düşmüşdü və dəfələrlə onun nə vaxt, hansı paltarlarla itməsi haqda izahatlar da alınmışdı.

Aynurə İsmayılova onu da bildirmişdi ki, yanmış meyit tapılmamışdan 2-3 gün əvvəl polis rəisi onlara gələrək, uşaq tanınmaz halda tapılsa, onu nəyindən tanıya biləcəklərini soruşub.

Yanvarın 6-da axşam saatlarında evlərinin yaxınlığındakı yanğınla bağlı İlkin Süleymanov əvvəlcə qonşu Nazim Vəliyevə məlumat verib. Çünki yanğın onun hasarının o biri tərəfində baş verib. Qonşu gələndən sonra isə onlar hüquq-mühafizə orqanlarına məlumat vermək üçün onun özünün də polis olmasını nəzərə alaraq, Murad Süleymanovu çağırıblar. O, İlkin Süleymanovgillə divar qonşusudur.

"Çatan kimi rəis dedi ki, odur, Nərmindir”

Murad Süleymanov bildirib ki, meyitin dizdən aşağı hissəsi yanmırdı, üz hissəsində də alov gördüyünü xatırlamır. Əsas dizdən yuxarı və qarın nahiyəsi yanırdı:

"Mən əlimlə torpaq götürüb tökdüm yanğının üstünə, Nazim dayı da bel gətirib torpaq tökdü. Mən əvvəl öz bölük komandirimə zəng eləmişdim, Bakıya getdiyinə görə dedi ki, şöbənin rəisinə zəng eləyim. Zəng eləyəndə Şirzad Əsgərov soruşdu ki, ayağında ayaqqabı, əynində qırmızı kurtka var? Ayaqqabının biri ayağında idi, biri də yanına atılmışdı. Yanında qırmızı kurtka da vardı. Təxminən 10-15 dəqiqə sonra rəis Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla birlikdə gəldi. Çatan kimi rəis yaxınlaşıb dedi ki, odur, Nərmindir”.

Murad Süleymanov. Foto: Meydan TV

Dərhal rəisinin göstərişilə İlkin Süleymanovun aparıldığını deyən Murad Süleymanovun sözlərinə görə, gecə saat 1 radələrində onun özünü də şöbəyə çağırıblar. Saat 4 radələrinə qədər orada olub. Hadisə yerinin polis əməkdaşları tərəfindən mühafizə olunduğunu, ertəsi gün Bakıdan hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəldiyini deən şahidin sözlərinə görə, günorta saatlarında meyiti aparıblar. Hadisə yerinin yaxınlığında yağ qabı və kibrit dənələri tapılıb.

"Gecə saat 4-də qara "cip”lə gəldilər”

Uşaq itkin olduğu vaxtlarda yalnız onların özünün və əmisigilin evlərində axtarış aparıldığını deyən Murad Süleymanovun sözlərinə görə, kənddəki başqa evlərdə axtarış olmamışdı. Polislər göstərişə uyğun olaraq, bir də otlaq sahələrində, çöldə axtarış aparmışdılar. Amma meyit tapılandan sonra evlərdə axtarış aparılıb.

Zərərçəkmiş tərəf isə iddia edirdi ki, uşaq itkin olan vaxtlarda Murad Süleymanov polis olmasından sui-istifadə edərək, İlkingilin evində axtarış aparmağa imkan verməyib: "Yalandır, mən kim idim, kiməsə göstəriş verim ki, burada axtarış aparmayın. Qonşulardan heç kimin evində axtarış olmamışdı. Mənim yaşadığım ev isə həmişə polislərə açıq idi, gəlib-gedirdilər. Meyit tapılandan sonra evlərdə axtarış oldu. Yanvarın 8-də İlkingilin evinə də baxmışdılar, onda heç nə tapmamışdılar. Yanvarın 9-dan 10-na keçən gecə saat 4 radələrində polis var, Azər Məmmədov ondan mənə zəng gəldi, dedi ki, evdən "udlinitel” çıxarıb bizə verə bilərsən? Çıxanda gördüm ki, qara "cip” maşın var. Polis rəisi Şirzad Əsgərov da orada idi. "Udlinitel”i polis var, Tural, ona verdim. Əmimgilin darvazası açıq idi. Rəis mənə dedi ki, soyuq olar, evə keç. Mən də keçdim”.

Murad Süleymanov bildirib ki, növbəti dəfə İlkingilin evinə baxış keçiriləndə rəis onu çağırıb, əmisi və ailəsinin evdən çıxmasını istəyib. Deyib ki, İlkin Süleymanov evə gətirilir, o, hadisəni necə gördüyünü əyani şəkildə göstərəcək, amma istəmir ki, həmin vaxt ailə üzvlərindən kimsə olsun:

"Dedi ki, əmingil evdən çıxsınlar. Gedib əmimə – İlkinin atasına dedim, bildirdi ki, evimdən çıxmıram. Qızları Kəmaləgil də evdə idi. Sonra mən evimə girdim deyə, bilmədim ki, necəsə əmimi və övladlarını evdən çıxarıblar”.

"Nazirə raport yazdım ki, özümə və ailə qarşı təzyiqlərə görə işləyə bilmirəm”

Əmisi oğlunun həbsindən sonra özünün də polis rəisi tərəfindən təzyiqlərə məruz qaldığını, hədələndiyini bildirən Murad Süleymanovun sözlərinə görə, hətta Şirzad Əsgərov polis vəsiqəsini də əlindən alıb, bir gün sonra qaytarıb:

"Məndən tələb edirdi ki, bu məsələdən söhbət düşən hər yerdə qatilin İlkin olduğunu deyim. Mən onun tələbinə əməl eləmədim. Ayın 23-də apelyasiya məhkəməsində İlkin başına gətirilənləri danışmışdı. Vəsiqəmi də ondan sonra aldı, səhəri gün qaytardı. Məni yanvarın ya 24-ü, ya da 25-də prokurorluğa apardılar. Baş prokurorun birinci müavini Rüstəm Usubov da oradaydı. Məni o da hədələdi, dedi ki, niyə orada-burada meyit yanan vaxt orada iy olmadığını demisən? Dedim ki, mən heç yerdə belə şey danışmamışam. Amma haqlısınız ki, orada iy yox idi. Prokurorluqda məni Aynurə İsmayılova ilə üzləşdirdilər. Çünki böhtan atırdı ki, guya mən ona pul təklif eləmişəm. Halbuki, belə bir şey olmamışdı, özləri də bilirdilər. Ona görə başını buraxdılar. Sonra rəis yenə məni hədələməyə başladı. Dedi ki, "atana, əmilərinə çatdır, oturduqları yerdə sakit olsunlar, əminin oğlanları var, maşın sürürlər, qarşılarına adam çıxar”. Yanvarın 29-da "Kanal 13”ə müsahibə verdim, baş verənləri danışdım, gecə saatlarında rəis və başqa polislərin İlkingilin evinə necə girdiyini də açıqladım. Bundan sonra rəis daha da aqressivləşdi. Mən atam və əmilərimlə məsləhətləşib, işdən çıxmaq barədə ərizə yazdım. Cənab nazirə ünvanladığım raportda göstərdim ki, mənə və ailəmə qarşı təzyiqlərə görə işdən çıxmaq istəyirəm”.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Murad Süleymanov deyir ki, polis rəisi onların evinə bölük komandiri Vüqar Hüseynov da daxil olmaqla, dörd nəfər polis göndərərək, məcburi şöbəyə aparmaq istəyib. Həmin vaxt o, evdə olmayıb. Bu səbəbdən qardaşının evinə giriblər. Polislərin zorakılıqla evlərinə girdiyini, kobudluğunu görən qardaşının həyat yoldaşı deyib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləyəcək. Bundan sonra çıxıb gediblər.

"Bildim ki, Şirzad Əsgərov başıma oyun açacaq…”

"Bir müddət sonra axşam saatlarında məni Bakıda yaşadığım evdən gəlib apardılar. Məni nazir müavini Seyfulla müəllimin qəbuluna saldılar. O bildirdi ki, cənab nazir göstəriş verib, bu məsələ araşdırılmalıdır ki, niyə işdən çıxmaq istəyirsən? Rəisin elədiklərini danışdım. O dedi ki, Şirzad Əsgərov kimdir belə hərəkətlər eləsin, işində qalacaqsan. Sonra general Sahib Mirzəyevin yanına apardılar, o da eyni şeyi dedi. Amma mən bilirdim ki, o rəis başıma oyun açacaq. Ona görə getmədim, işdən çıxmaq barədə cənab nazirə teleqram göndərdim”, – Murad Süleymanov bildirib.

Şahid onu da deyib ki, hələ yanmış meyit tapılmamışdan əvvəl rəis müavini Şahlar Cəfərov ondan kənddə tək yaşayan adamlar haqda məlumatlar istəyib. O da Dondar Quşçu sakinləri barədə məlumat verib.

Murad Süleymanovun yaşadığı ev Nərmin Quliyevanın itkin olduğu 47 gün ərzində saxlanıldığı iddia edilən evlə divar qonşusudur. Onun sözlərinə görə, əvvəllər o, bir ev olub. Sonradan babası onu iki oğlu arasında bölüb və ortadan arakəsmə salınıb. İlkin Süleymanovgil həyətdə başqa bir evləri olduğuna görə köhnə tikilidən əlavə saxlanc yeri kimi istifadə edirlər. Murad Süleymanov bildirib ki, əmisigildən kimsə həmin evdə hərəkət edəndə mütləq onlarda səs eşidirlir. O güman edir ki, 47 gün orada 10 yaşlı uşaq saxlanmış olsaydı, mütləq onların da xəbəri olardı.

Bu cinayət işi üzrə məhkəmə prosesi aprelin 11-də davam edəcək.

"İlkingilin evində yanvarın 8-dəki baxışda heç nə tapmayıblar, bir gün sonra isə…”

Məhkəmədən sonra Meydan TV-yə açıqlama verən vəkil Zabil Qəhrəmanov bildirib ki, Murad Süleymanovun ifadəsi bu işdəki bir sıra qaranlıqlara işıq saldı:

"Ən yüksək səviyyədə göstəriş verilmişdi ki, bu cinayətin üstü açılsın. Yanğını İlkin gördüyünə görə onun üzərində dayandılar. Necə olur ki, yanvarın 8-də İlkingilin evinə baxış keçirilir, heç nə tapılmır, bu barədə protokol da var, bir gün sonra bir də axtarışdan sonra tapılır? Murad Süleymanov gecə qara maşınla polis rəisinin gəlməsini danışdı. Gecə saat 4-də o adamların orada nə işi vardı? Görünür, sonradan o evdən saxta sübut tapmaq üçün gəlmişdilər”.

Vəkil İlkin Süleymanovun valideynləri və digər qohumlarının evdən çıxarılmasıyla bağlı məsələyə də diqqət yetirib.

Onun sözlərinə görə, hətta İlkin ailə üzvlərinin yanında danışmaq istəmədiyini desəydi belə, bunun polis rəisinə aidiyyəti yox idi:

"Polis rəisi hardan bilirdi ki, İlkin nə deyir? Bu işi prokurorluq araşdırırdı axı. Belə çıxır ki, onların arasında bu işlə bağlı hansısa danışıqlar olub”.

Adil Süleymanov. Foto: Meydan TV

"Dövlət günahsız vətəndaşının arxasında dayanmalıdır”

İlkin Süleymanovun qardaşı Adil Süleymanov da hesab edir ki, həmin gecə evlərinə saxta sübutları yerləşdirmək üçün gəliblər:

"Başqa necə izah etmək olar gecə saat 4-də gizli gəlişlərini? Həm də bir gün əvvəl evə baxış keçirilmişdi, heç nə tapılmamışdı, bunu təsdiq edən sənəd var işdə. Yaxud da polis rəisi müavini ilə birlikdə meyit tapıldığı xəbər verilən kimi 10 dəqiqəyə hadisə yerinə gəlib. Halbuki, bizim kənddən şöbəyə 25 dəqiqə, yarım saatlıq yoldur. Rəisin o qədər işi var, nə yaxşı yadında saxlayıb ayaqqabı, kurtkanın rəngini? Niyə qız və ya oğlan olmasını, məsələn, saçın uzunluğunu yox, məhz paltarları soruşub? Bütün bu suallar cavab istəyir. Amma təəssüf ki, cavabını vermək istəyən yoxdur. Əgər bu işin arxasında vəzifəli şəxs və ya şəxslər dayanmasaydı, İlkin həbs olunmaz, sübutsuz-faktsız iş məhkəməyə göndərilməzdi. Bu, bizim gücümüz çatası təbəqə deyil. Biz sadə kənd adamlarıyıq. Onlara qarşı mübarizə apara bilmək üçün dövlət bizim arxamızda dayanmalıdır. Dövlət günahsız vətəndaşını tək qoymamalıdır”.