Növbəti bahalaşma dalğası: metro və marşrutlarda gedişhaqqı artırıldı

Növbəti bahalaşma dalğası: metro və marşrutlarda gedişhaqqı artırıldı

31-01-2023 21:53 / Bu xəbər 1308 dəfə oxundu

Metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 10 qəpik artırılıb. 

Qiymət artımı barədə Tarif Şurasının bu gün, 31 yanvarda keçirilən iclasında qəbul olunub. 

Qiymətin artımına səbəb kimi ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi göstərilib. 

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub(əvvəlki tarif 2,4 qəpik).

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Sonuncu dəfə sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minmişdi.