O gün yadındadır? - Yadımda deyil...

O gün yadındadır? - Yadımda deyil...

12-06-2023 13:07 / Bu xəbər 1766 dəfə oxundu

Arqument.az gənc şair Cavid Qasımovun şeirini təqdim edir.

O gün yadımdadır, qarışqalar da, 
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara...

O gün yadımdadır, yarasalardan,
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında,
uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim,
Gecəni yatmayan səfil dostuma.

O gün yadımdadır, işıqforların,
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin,
Kimsəsiz bir uşaq qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında...

O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən, 
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itgin düşmüş ata evində...

O gün yadımdadır, ağaclar hələ,
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə,
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim,
Meyvədən xəbərsiz əlağacından...

O gün yadımdadır, xatırlayıram 
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram,
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
- Yadımda deyil...

Müəllif: Cavid Qasımov