“Ohanyan səddi”ndən reportaj

“Ohanyan səddi”ndən reportaj

25-03-2021 11:44 / Bu xəbər 1002 dəfə oxundu

Azərbaycan əks-hücumu Ağdam istiqamətindən qursaydı…

Müəllif: Seymur Kazımov
(fotolar müəllifindir)

1994-cü ildə mayın 12-də atəşkəs elan olunduqdan sonra Ermənistan Silahlı Qüvvələrinin birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənmə və müdafiə işləri aparmağa başladılar.

Bunların arasında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın adını daşıyan "Ohanyan xətti” xüsusi yer tutur. Həmin xətt ələ keçirilmiş mövqelərin saxlanılması, rəqibin qarşısının alınması üçün kompleks şəkildə qurulmuş güclü maneədir. Kompleks müdafiə səngərlərindən, uzun və qısamüddətli atəş mövqelərindən, tank əleyhinə xəndəklərdən, tel-məftil sədlərindən, qarışıq mina sahələrindən (həm piyada, həm tank əleyhinə) və komanda məntəqələrindən ibarətdir.
Ermənistan ordusunun komanda məntəqəsi (KM)

2016-cı ilin aprelində bu xəttin yarılması onun keçilməzliyi barədə yaradılmış mifi dağıtdı. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir neçə yüksəkliyi geri qaytardıqdan sonra Seyran Ohanyan müdafiə naziri vəzifəsindən azad edildi.
Komanda məntəqəsinin girişi metro tunelini xatırladır

Ohanyan bəlkə də özünü fin marşalı Karl Mannerheymlə müqayisə etmək istəyirmiş. Mannerheymin 20 il ərzində qurduğu müdafiə sistemi sovet qoşunlarının qarşısını almışdı. Ohanyan isə bunu bacarmadı. Üstəlik, aprel döyüşlərindən nəticə çıxarmadı.
İkinci mərtəbə - burda monitorlar yerləşdirdi

Sədd Ağdam, Xocavənd, Füzuli və Cəbrayıldan düz İran sərhədinə – Araz çayına qədər bütün ərazini əhatə edir. Erməni hərbçiləri ərazini "bufer zonası” hesab etdikləri üçün onu qoşunların təmas xətti boyunca salıblar.
Pilləkənlər müşahidə məntəqəsinə aparır

Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində tank əleyhinə xəndəklər arasında məsafələr 500 metrdir. Məftillərlə əhatələnmiş bu aralarda əlavə maneələr yaradılıb. Hər maneənin qarşısı və içərisi minalarla döşənib. Ərazi minadan tam təmizlənmədiyinə görə sahələrə daxil olmuruq. Yüksəkliklərdə isə atəş nöqtələri və kiçik komanda-qərargah məntəqələri yerləşdirilib. Ətraf dirəklərdə optik kameralar olub. Ermənistan ordusu 10 noyabr bəyanatına əsasən Ağdamı tərk edərkən, kameraları da aparıb. Amma bəzi yerlərdə kabellər bugünədək dirəklərin üstündə yellənir.
Müşahidə nöqtəsi

44 günlük müharibə dövründə və ondan sonra "Ordu nə üçün birbaşa Ağdam istiqamətindən hücuma keçmədi?” sualı tez-tez verilirdi.

Ərazini diqqətlə nəzərdən keçirəndə, qarşıda geniş düzənlik və xırda təpəliklər görmək mümkündür. Bu tip ərazilərdə hücuma keçmək təhlükəlidir. Qarşı tərəfin müdafiə xəttini yarmaq vəzifəsinin öhdəsindən bəlkə gələ bilərsən, amma bu zaman canlı qüvvədə və texnikada böyük itkilər verəcəyini hesaba qatmalısan.
 Texnikanı gizlətmək üçün xəndəklər 

Düzənlikdəki çoxsaylı mühəndis qurğuları müdafiə imkanlarını genişləndirir. Hücum edən ordu bir maneəni keçən kimi, dərhal başqa maneə ilə üzləşir və bu proses davam etdikcə, itkilərin sayı artır. Maneəyə "ilişmiş” hərbi birləşmənin məhv edilməsi asandır, çünki belə halda əsgərlər və texnika hərəkətsiz vəziyyətə düşür. Yəqin ki, Azərbaycan ordusu coğrafi mövqeyi və ərazinin relyefini nəzərə alaraq əks-hücum əməliyyatını, əsasən, cənub istiqamətindən həyata keçirdi.
KM-dən Ağdamın Mərzili kəndinin görüntüsü. Azərbaycan ordusu bu istiqamətdən hücuma keçsəydi, onun bütün hərəkəti nəzarət altında olacaqdı. 

İşğal zamanı qarşı tərəf ərazidə qurulmuş termal kameralardan 30-40 kilometr enində, 30-35 kilometr dərinliyində, xüsusən Ağdam, Füzuli, Ağcabədi, Xocavənd istiqamətində mülki obyektləri, hərəkət marşrutlarını, təminat yollarını müşahidə edə bilirdi.

Ağdamın Xocavəndlə sərhədində yerləşən Çeyil dağında, dəniz səviyyəsindən 415 metr yüksəklikdə Ermənistan ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatacı alayının komanda məntəqəsi yerləşirdi. Erməni qoşunları ərazini tərk etdikdən sonra bura Azərbaycan əsgərlərinin nəzarətindədir.
Yuxarı mərtəbədən gözlə müşahidə olunan ərazi həm də termal kameralarla izlənilirdi, görüntülər buradakı monitorlara ötürülürdü

Məntəqə hərbi bölmələrin idarə olunması üçün strateji əhəmiyyət kəsb edir, eyni zamanda müşahidə imkanlarnın genişliyi ilə seçilir. Buradan Ağdam, Ağcabədi və Xocavənd rayonlarının bir hissəsini hətta gözlə müşahidə etmək mümkündür. Müxtəlif sahələrdə qurulmuş kameralar görüntüləri optik naqillər vasitəsilə komanda məntəqəsinin monitorlarına ötürür, daxil olan məlumatlar fasiləsiz təhlil edilir və məntəqədən kənara çıxmadan çox geniş ərazini nəzarət altında saxlamaq olur.
Azərbaycan bayrağının dalğalandığı bu dirəkdə vaxtilə kamera olub

Məntəqənin  yerləşdiyi məkan da təsadüfən seçilməyib. Onu tikmək üçün böyük bir təpənin ortasını qazıb çıxarıblar, yol çəkiblər, sonra isə nəhəng dəmir konstruksiyaları hissə-hissə daşıyaraq torpağa basdırıblar.
KM-nin yuxarıdan görünüşü

Dəmir-beton tikilinin üstündə çoxsaylı çənlər qoyulub. Bunlar üzüm çənləridir. Əvvəllər Ağdam və Xocavənddə üzüm sahələri çox olub, bu çənlər də işğaldan sonra təsərrüfatlardan gətirilib. Onları torpaqla dolduraraq üst-üstə yığıblar. Beləliklə, həm torpaq qatının aşınmasının, həm də palçıqlı suların məntəqənin girişinə tökülməsinin qarşısını alıblar, eyni zamanda aviasiya zərbələrindən müdafiəni gücləndiriblər.
KM-nin üstündə dayanan Azərbaycan əsgəri sağda Ağdamı, ortada Ağcabədini, solda Xocavəndi görə bilir

Komanda məntəqəsinin ən maraqlı detalı onun qapısıdır. Təxmini hesablamalara görə, çəkisi 3-5 tondur və artilleriya zərbəsinə  davamlıdır. Əvvəl bu qapı elektron qaydada açılıb-bağlanırdı. Erməni əsgərləri buranı tərk edəndə bütün elektron və kompüter sistemlərini ya dağıdıblar, ya da özləri ilə aparıblar. Komanda məntəqəsinin qapısı kimi, divarları da sənayedə istifadə olunan konstruksiyalardan qurulub. İçərisi isə metro tunelini xatırladır. Bütün məntəqə 2 mərtəbə və 1 müşahidə nöqtəsindən ibarətdir. Birinci mərtəbənin girəcəyində sanitar qovşağı yerləşir. İçəridə bir neçə kiçik otaq var. İkinci mərtəbə isə 1 böyük, 3 kiçik otağa bölünüb. Ehtimal ki,  əsas monitorlar məhz böyük otaqda qurulub. Hazırda bura kazarma kimi istifadə olunur. Nazik və dar pilləkənlər "dama” – müşahidə nöqtəsinə aparır.
 Bunlar vaxtilə üzüm çənləri olub

Komanda məntəqəsindən o yana Ağdam-Füzuli magistralının Xocavənd rayonuna girən hissəsi, rayonun Qarakənd kəndi, lap yuxarıda "Ana fəryadı” adlı abidə də aydın görünür.  28 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də məhz bu ərazidə, Qarakənd yaxınlığında Ermənistan əsgərlərinin atəşi nəticəsində Azərbaycanın rəsmi şəxslərinin də içərisində olduğu vertolyot qəzaya uğramışdı. Nəticədə vertolyotdakı 22 nəfərin hamısı həlak olmuşdu.
Giriş qapısı sənayedə istifadə olunan ağır dəmir konstruksiyalardan hazırlanıb

Ağdam-Füzuli magistralından ara-sıra mülki ermənilərin avtomobilləri keçir. Yolun qırağında Qarakənddə məskunlaşmış ermənilərin mal-qarası otlayır. Bir qədər aralıda isə qarşı tərəfin müşahidə məntəqəsi yerləşir. Azərbaycan əsgəri yüksəklikdən hər şeyi nəzarətdə saxlayır. Noyabrın 10-dan bugünədək ətraf ərazilərdə insident qeydə alınmayıb.

Qapının bayırdan görünüşü


Ərazidə xidmət aparan əsgər


Yoldan o tərəfə qarşı tərəfin müşahidə məntəqəsidir


Azərbaycan əsgəri müşahidə aparır


Nəhəng KM bu istiqamətdən kiçik bunker kimi görünür


Ohanyan səddinin bir hissəsi- tanklara qarşı maneə


"Ohanyan səddi" - piyadaların və texnikanın hərəkətinə maneə


"Ohanyan səddi"nin daha bir hissəsi


Təkərlər olan yer atəş nöqtəsi, dairəvi qurğu isə komanda məntəqəsidir

Uzaqdan Qarakənd və ondan yuxarıda abidə