Paşinyan: "Beynəlxalq sənədlərdə Azərbaycan ərazilərinin işğal faktı dəqiq qeyd olunmuşdu"

Paşinyan:

05-12-2020 23:19 / Bu xəbər 1434 dəfə oxundu

"Koçəryan son 25-30 ildə baş verənlərə görə hər şeyi mənim boynuma yıxmağa çalışır. Bunu o adam deyir ki, onun hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını sənədləşdirib. Dünyanın Ermənistanı işğalçı kimi tanıması son 2 ilin məsələsi deyil"

Ermənistanın sabiq prezidenti Robert Koçəryanın Nikol Paşinyanın ittihamı üzərində qurulmuş müsahibəsinə baş nazirin verdiyi cavabda olduqca ciddi məqamlar öz əksini tapıb. 

Paşinyanın ittihamlara cavab olaraq qeyd edib ki, Ermənistan Qarabağı ilk olaraq diplomatik masada uduzub. Bunun günahı isə ondan əvvəl Ermənistana rəhbərlik edən şəxslərdədir. 

Paşinyanın dediyi əsas məqamlar bunlardır: 

- Müharibədəki uğursuzluqlarla bağlı məsuliyyəti öz üzərimə götürdükdən sonra Ermənistanda yerindən duran son 25-30 ildə baş verənlərə görə hər şeyi mənim boynuma yıxmağa çalışır. İş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran, danışıqları Ermənistan-Azərbaycan müstəvisinə keçirən adam da (Koçəryan-red.) məni ittiham edir ki, Qarabağ məsələsini ərazi mübahisəsi konteksinə keçirmişəm. Bu məsələ o zaman ərazi mübahisəsi oldu ki, Ermənistan Qarabağın əvəzindən danışıqlar aparmağa başladı. Bu isə 20 il əvvəl baş verdi.

- Bizi ittiham edirlər ki, bizim fəaliyyətimiz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın aqressiyasını öz ərazi bütövlüyünü bərpa etmək niyyəti kimi qəbul elədi. Bunu o adam deyir ki, onun hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını sənədləşdirib.

- Beynəlxalq ictimaiyyətin bu fikri 2020-ci ildə formalaşmayıb, son 25 ildir ki, belədir. Dünyanın Ermənistanı işğalçı kimi tanıması son 2 ilin məsələsi deyil.

- Bizi müharibə dövründə diplomatik cəbhədə uğursuz olmaqda ittiham edirlər... Heç kim soruşmur ki, münaqişə danışıqlar mərhələsinə keçəndən sonra Ermənistan hansı diplomatik uğur qazanıb? Bəlkə 1995-ci ilin Lissabon sammiti uğur idi? O zaman bizim Qarabağdakı qələbəmizdən sonra beynəlxalq ictimaiyyət öz münasibətini açıq şəkildə ortaya qoydu: Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət şəklində qalmalıdır. Ya bəlkə 1998-ci ildə masaya vahid dövlət haqqında təkliflər paketi qoyulanda diplomatik uğur qazanılmışdı? O vaxt Ermənistanın qabağına konkret tələb qoyulmuşdu:  Ermənistan Azərbaycana 7 rayonu qaytarır və Azərbaycan ilə Qarabağ vahid dövlət olur. Bəlkə, diplomatik uğur ATƏT-in 1995-ci il İstanbul Bəyannaməsi idi. Bəyannamədə dəqiq əks etdirilmişdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ya bəlkə, Madrid prinsipləri diplomatik uğur idi? Bu prinsiplər Ermənistanda diplomatik uğur kimi qələmə verildi, ancaq həqiqi biabırçılıq idi. Orda deyilirdi ki, Qarabağ ancaq Azərbaycanın razılığı ilə onun tərkibindən kənarda mövcud ola bilər. Hə, bəlkə, 2011-ci ilin Kazan danışıqları uğur idi? O zaman Azərbaycan qapıları çırpıb çıxmışdı, Ermənistan rəhbərliyi isə müsahibəsində demişdi ki, "Biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir”. 

Son 25 ildəki diplomatik uğurlar o idimi ki, müxtəlif səviyyəli beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin işğal olunması faktı dəqiq qeyd olunmuşdu və yazılmışdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bəlkə, diplomatik uğur 2016-cı ildə Rusiyanın Arsaxın statusu məsələsinin gündəlikdən çıxarılması təklifi idi? İndi yüksək səviyyədə bu danışıqları aparan adamlar deyirlər ki, Paşinyan hakimiyyəti diplomatik uğursuzluğa düçar oldu.
 
- Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarırdınızsa, imkanınız var idisə, 2016-cı ildə müharibənin başlamasından qaçardınız və ya şifahi vəd verib əraziləri geri almaq üçün müharibəni dayandırardınız. Biz niyə belə edə bilmədik? Ona görə ki, Ermənistan bir neçə dəfə əraziləri qaytarmaq haqqında şifahi razılıq verib, sonra ona əməl etməmişdi. Ona görə də bizdən tələb etdilər ki, konkret müddətlər göstərilən yazılı razılaşma olsun.

- İndi belə məlum olur ki, guya hamı Azərbaycanla 5+2 prinsipi ilə razılaşmağın tərəfdarı imiş. Eləydisə, bunu niyə 2016-da, 2018-də etmədiniz? Onda Qarabağ məsələsi müharibəsiz həll olunardı. Axı, siz aprel müharibəsindən sonra yaxşı bilirdiniz ki, nə nədir.

- Bizi ittiham edirlər ki, Türkiyənin Qarabağ müharibəsinə qoşulmasının qarşısını almamışıq. Türkiyə Qarabağ məsələsinə 2008-ci ildə Serj Sərkisyanın təşəbbüsü ilə baş tutan futbol diplomatiyasından sonra daxil olmuşdu. Həmin uğursuz futbol diplomatiyasından sonra Türkiyə bəyan elədi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayanadək Ermənistanla münasibətlər qurmayacaq.

Paşinyan bununla Ermənistanın əvvəlki rəhbərliyinin hərbi üstünlüyü danışıqlar prosesində istifadə edə bilməməkdə günahlandırıb. 

O həmçinin dolayısı ilə etiraf edib ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində beynəlxalq hüquqdan maksimum yararlanaraq ərazilərinin mübahisələndirilməsinə imkan verməyib.///qaynar.info