Qadın ürəyi, sevgi və romantika

Qadın ürəyi, sevgi və romantika

14-02-2024 23:07 / Bu xəbər 2464 dəfə oxundu

Çingiz Sultansoy 

İyirmi ildən çox tanıdığım, dostum və oxucum olan bir xanım 14 Fevral - Sevgililər Günüylə bağlı yazıb: "Həyatımda romantik münasibət görmədim". 

İkinci nikahda olan, iki uşaq böyüdən xanımın yaşı 50-yə yaxnlaşsa da, çətin bir həyat, o cümlədən qaçqınlıq yaşasa da, gözəlliyi, məlahəti solmayıb, cazibəsi itməyib. Bu bir yana, heç gözəl olmasaydı belə, ağlı-savadı, davranışı,  rəgbət, simpati və məhəbbət doğuracaq, kişi ürəyini fəth edə biləcək bir xanımdır. Bu səbəbə onun etirafı məni kədərləndirdi, amma təəccübləndirmədi...

Həm də 30-35 il öncə ərli, iki uşaq anası olan başqa bir xanımın etirafını yadıma saldı. Məndən iki-üç yaş kiçik, imkanlı və yaxşı ailənin qızı, məlahətli və cazibədar xanım etiraf etmişdi ki, bir dəfə qonaqlıqda, masa arxasında yanlarında oturan bir gəncin süfrənin altında nişanlısının əlini xəlvətcə tutduğunu, tumarlamasını görmüş və o qıza həsəd aparmışdı. 

"Mən ərimdən heç vaxt belə bir şey, heç bir nəvaziş görməmişəm", - demişdi.

Təqsir ərlərində, biz kişilərdədir ki, xanımlara bu hissləri, münasibəti, ovqatı yaşatmamaşıq, yaşada bilmirik? Kişilərin mütləq əksəriyyəti sevgilisini ilk dəfə öpdüyü günü, toyunun tarixini bir müddət sonra unudur, amma qadın heç vaxt unutmaz. 

Toy buketindəki qızılgüllərin ləçəyini qurudub onillərlə saxlamaq hansı kişinin ağlına gələr? Amma qadınlar saxlayır. Qadınla kişi xasiyyətinin, ürəyinin, duyğularının kövrəkliyinin fərqi budur. Amma, başqa tərəfdən, bəlkə, təqsir qadının özündədir ki, hüzurunda kişilər nəsə romantik bir söz, əməl, hərəkətdən çəkinib? Belə qupquru  ya zəhmli xanımlar da görmüşəm, tanımışam, az da olsa...

Bəlkə, "heç zaman romantik münasibət görmədim" deyən gözəl xanım yanılır? O mənada ki onun da həyatında arzuladığı, can atdığı romantik münasibət, anlar, saatlar, aylar-günlər olub, amma onları görməyib, anlamayıb, romantik saymayıb?  

Tək qadınlara yox, kişilərə də, bütün insanlara xas olan bir özəllikdi - malik olduğunun qədrini bilməmək, dərk etməmək. Romantika yalnız Baham, Bermud, Kanar ya Maldiv adalarının bahalı hotellərində bal ayı keçirmək, gözəl bir axşam dəniz üzərindəki körpüdə, ya dənizə baxan eyvanda şam eləmək deyil. 

Xatırlayıram ki, illər öncə Bakıdakı hansısa turizm şirkəti xaricilər üçün Valentines Day - fevralın 14-də Qız Qalasının üstündəki meydançada şam işığında, qızılgüllərlə bəzədilmiş və b. atributlu masa arxasında yüz min dollara başa gələn romantik şam yeməyi təklif edirdi. Bilmirəm, Qız qalasının zirvəsində o romantik axşama gələn oldu, ya yox?

Ümumiyyətlə, məsələ pulda deyil. Əks halda, on-on iki il əvvəl nazirlərimizdən birinin xanımı milyonçu ərini ataraq imkansız sevgilisinə qoşulub qaçmazdı.  
Elə bu səbəbə suallarımı "heç zaman romantik münasibət görmədim” deyən dostuma, "Facebook"da dostluğumda olan və bu sətirləri oxuyan bütün xanımlara ünvanlayıram.

Sizə heç vaxt kompliment deməyiblər? Gözlərinizin ya saçınızın rəngini tərifləməyiblər? Müzakirə mövzusu etməyiblər? Gül, ətir, konfet, şokolad hədiyyə etməyiblər? Ərinizlə, ya sevgilinizlə "konfet-buket dövrü" deyilən çağlarınız olmayıb?  Sizi küçədə, qapı ağzında gözləməyiblər? Üzünüzə, ya arxanızca həsrətlə baxmayıblar? Nəinki şəhvətli, heç qaba da olmayan, ürkək ya hökmlü, eşq dolu baxışlarla saatlarla  ya günlərlə təqib etməyiblər? Sıxıla-sıxıla ya əksinə, sakitcə, təcrübəli kişi arxayınçılığıyla görüşə çağırmayıblar?

Məclisdə, bir çox adam içində masa arxasında oturanda sevgiliniz, ya nişanlınız, ya əriniz süfrənin altında əlinizdən xəlvətcə tutmayıb? Barmaqlarınızı nəvazişlə sıxmayıb? Tumarlamayıb? Dizinizə ya budunuza yavaşca toxunmayıb, oxşamayıb?

Saçlarınızı tumarlamayıb, qoxulamayıb? Əlinizi, ya boynunuzu öpüşlərə qərq etməyib? 

Əlli iki il öncə təzə tanış olduğum, cəmi bir neçə dəfə görüşdüyümüz, kinoya getdiyimiz, o vaxtı mərkəzdə, inqilabdan qabaqkı binanın birinci mərtəbəsində yaşayan qıza telefon-avtomatdan zəng edib: "”Azərbaycan” kinoteatrının yanındayam. Beş dəqiqədən sonra pəncərənizin qabağına gələ bilərsən?”, - deyə soruşdum. Beş dəqiqədən sonra pəncərənin açıldığını görüb yaxınlaşdım. "Birdən səni görmək istədim”, - söylədim, bir qədər danışdıq və qəfildən, amiranə: "Əlini ver!”, - dedim. 

Qədim, yoğun dəmir millərin arasından mənə sarı uzanan balaca, sanki ərgən yox, yeniyetmə qıza məxsus toppuş əli tutub qəfildən nazik barmaqlarından öpdüm. Qız əlini tez geri dartdı: "Görən olar! Daha get!”, - dedi.  

Mənə elə gəlir ki, qızın ürəyini o zaman, o öpüşlə, o hərəkətimlə fəth etdim. 

Altı il sonra o qız bütün maneələrə rəğmən həyat yoldaşım, uşaqlarımın anası, on-on beş il sonra hekayələrimdəki qız-gəlin surətlərinin  proobrazı oldu... Pəncərədən, barmaqlıq arasından əlinizi bu cür uzatmağınızı istəyən, öpən olmayıb? 

Belə oxşama, nəvaziş, sadaladığım kimi hallar və hərəkətlər özü romantika, romantik məhəbbətin təzahürləri deyilmi? Bütün bunlar, ya bir hissəsi, ya heç olmasa birisi qadının həyatında olubsa, deməli, arzuladığı romantik an və duyğuları yaşayıb. 

Amma heç biri olmayıbsa, həqiqətən, olmayıbsa, acınacaqlıdır... 

Deməli, Azərbaycanda İsmayıl Şıxlının "Dəli Kürün"dəki qəhrəman, arvadını, sevgilisini heç vaxt əzizləməyən, yalnız qartal kimi başının üstünü alıb "istədiyini götürən" Cahandar ağa kimi kişilər hələ də çoxdur.  

Bütün nöqsanları, gender məhdudiyyətləriylə yanaşı, XIX yüzillik Azərbaycan kişisinin, bəyinin cəsarət və şücaət rəmzi olan Cahandar ağa kimi kişinin arvadı olmaq XXI əsrdə Azərbaycan qadını üçün faciəyə çevrilir. Özü də hətta Cahandar ağa qaçırdığı Mələyə "istədiyini götürmək" yox, tumarlamaq, əzizləmək istəyini yaşayır. 

Çağdaş dövrdə qadının ərindən, kişidən gözləntisi, tələbləri artıb və bu təbiidir. 

Sevgililər günündə daha Azərbaycandakı qadın qətlləri, ailə daxilində zorakılıq statistikası haqqında danışmaq istəmirəm. 

Dəhşətlidir. 

Dünya və insan haqqında hələ aşağı-yuxarı 2 500 il öncə deyilən "Ttempora mutantur, et nos mutamur in illis” – "Zaman dəyişir, biz onunla birgə dəyişirik” latın kəlamı əbəs yerəmi günümüzə qədər gəlib çatıb? 

Dövr dəyişir və biz - qadınlar da, kişilər də də onlara uyğun dəyşirik, dəyişməliyik. Qadın yalnız zorakılıq görməmək, döyülməmək, evdə nökər-qaravaş olmamaq yox,  sevib-sevilmək, əzizlənmək istəyir 

Romantik məhəbbət haqqında ən gözəl ədəbi əsərlərdən biri rus nasiri Aleksandr Kuprinin gənc və kasıb məmurun ərli, gənc, gözəl, varlı və kübar xanıma cavabsız məhəbbəti haqqında yüz on il əvvəl yazdığı "Гранатовый браслет" – "Yaqut bilərzik” povestidir, zənnimcə. Filmi də var, amma köhnədir, sovet vaxtının. 

Məncə, sabah ac qalsanız belə, dünya dağılmaz, Sevgililər Günü isə həyat yoldaşınıza, iyirmi-otuz, ya lap əlli ilin arvadına heç olmasa bir gül almağa, şirin söz deməyə, kövrək qadın ürəyini oxşamağa dəyər. Lazımdır. Vacibdir. 

Flörtün, qadınla davranmağın, ürəyini fəth etməyin sirrlərini bizdən dəfələrlə yaxşı bilən fransızların məsəli var, hələ sovet vaxtı oxumuşam: "Qadına hərdən bir kompliment demək, gününü göy əskiyə büküb brilliant almaqdan daha yaxşıdır". 

14 fevral - Sevgililər Gününüzü təbrik edirəm, əziz xanımlar və bəylər!