Qubad İbadoğlu: "Gəlin prezidentdən üzr istəməsini tələb edək"

Qubad İbadoğlu:

08-01-2021 14:22 / Bu xəbər 282 dəfə oxundu

"Hökumət iqtisadi forum keçirsin, müstəqil iqtisadçılar dəvət olunsun, prezident də kənarda əyləşib dinləsin”

"Belə sözlər nə dövlətin rəsmi protokol, nə də işgüzar dilində işlədilmir. Görünür ki, İlham Əliyev "dilini qarnına qoymaq", "xoruz kimi banlamaq" sözlərini yeni öyrənib”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu dövlət başçısı İlham Əliyevin 6 dekabr müşavirəsindəki çıxışına belə münasibət bildirib. İqtisadçı "Facebook” səhifəsində bu barədə yazıb.

"Təsəvvür edirsinizmi, prezidentdən nümünə götürən atalar və ya analar övladlarına...”

Qubad İbadoğlu daha sonra yazır: "Ona "belə ifadələr işlətməklə xalqın xoşuna gələcəksiniz və hörmətiniz artacaq” məsləhətini verənlər düşünüblər ki, Paşinyanın ünvanına səsləndirdiyi ifadələr kimi bunlar da ictimaiyyət arasında populyarlaşacaq və dillər əzbəri olacaq. Hesab edirəm ki, yanılırlar. Prezidentin bu tip uğursuz ifadələrlə diqqətə gəlməsi onu nüfuzdan salır, intellektinə şübhə yaradır, siyasi mədəniyyətinə xələl gətirir. Prezident dövlətin atributudur, o, özünü istədiyi kimi apara, bütün vətəndaşları işçiləri, ölkəni isə şəxsi mülkiyyəti hesab edə bilməz. Prezidentin fikirləri arqumentli olmalıdır, iddiaları əsaslandırılmalıdır, çünki onun çıxışları dərsliklərdə, elmi məqalələrdə istinad mənbəyinə çevrilir. Təsəvvür edirsinizmi, prezidentdən nümünə götürən atalar və ya analar övladlarına, müəllimlər şagirdlərinə, professorlar tələbələrinə "xoruz kimi banlama", "dilini qarnına qoy" ifadələrini işlədələr, bu bütövlükdə cəmiyyətdə hansı eybəcərliklərin yaranmasına gətirib çıxara bilər?”

İqtisadçı hesab edir ki, prezidentin belə açıqlaması həm də islahatlara yox deməkdir: "Bu o deməkdir ki, hazırkı sosial-iqtisadi vəziyyət onu təmin edir və bundan sonra nələrisə dəyişmək planları yoxdur. Biz iqtisadçılar istəyirik ki, korrupsiya ləğv edilsin, inhisarçılıq aradan qaldırılsın, gizli iqtisadiyyat leqallaşdırılsın, struktur və institutsional islahatlar aparılsın, sosial ödənişlər qaldırılsın, xüsusi karantin rejimində aztəminatlı işsiz əhaliyə birdəfəlik yardım, sahibkarlara maliyyə dəstəyi göstərilsin. Görünür ki, Əliyev hakimiyyətinin bu problemlərin heç birini həll etmək niyyəti yoxdur. İqtisadi və sosial sahədə həyata keçirilən dövlət siyasətinin nəticələrinə gəlincə, onu hər kəs ailə büdcəsində, özünün dolanışığında, soyuducusunda hamıdan əvvəl görür və qiymətləndirir. Əliyevin açıqlaması bizim indiyədək apardığımız işlərin doğru və təsirli olduğunun, eləcə də onun prezident səviyyəsində də izlənildiyinin göstəricididir. Lakin bunları bilib, iqtisadçıları gah "iki eşşəyin arpasını bölə bilməyən”, gah "xoruz kimi banlayan” adlandırmaqla inkar etmək problemin həlli yolu deyildir. Ən doğrusu, debatlar olardı. Odur ki, mən Prezident İlham Əliyevin Baş nazirini, iqtsiadiyyat nazirini, maliyyə nazirini, əmək və əhalinin sosial müdafiəsi nazirini debata dəvət edirəm. Buyursunlar, təşkil etsinlər, istərsələr komanda şəklində gəlsinlər, iqtisadiyyatdan danışaq. Mövzunu və formatı da müəyyənləşdirməyi qarşı tərəfin üzərinə buraxıram”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV 
 
"Bu ifadələr yalnız dövlət dilini korlamır...”

Qubad İbadoğlu iqtisadçıları əməkdaşlığa dəvət edib: "Təhqiramiz ifadələrə qarşı birgə mövqe qoymaq istəyən iqtisadçıları əməkdaşlığa dəvət edirəm. Hörmətli iqtisadçılar, gəlin prezidentə müraciət göndərib, bu ifadələrə etirazımızı bildirək və ondan üzr istəməsini tələb edək. Belə ritorikada danışmağı nəinki dövlət başçısına, hətta yerli icra hakimiyyətinin başçısı vəzifəsi daşıyan məmurlara belə yaraşdırmazdım. Özünə və xalqın hörmət edən nə yerli və nə də mərkəzi səviyyədə vəzifə tutan heç bir başçı leksionunda belə ifadələr işlətməli deyil. Bu ifadələr yalnız dövlət dilini korlamır, həm də səviyyəsini çox aşağı salır. Əgər prezident bu səviyyəyə düşürsə, onda bilin ki, problemimiz bildiyimizdən də çoxdur”.

"Tək marağım özüm, övladlarım, həmvətənlərim üçün arzuladığım Azərbaycanın qurulmasıdır”

İqtisadçı Rövşən Ağayev də öz "Facebook” hesabında ölkə başçısının fikirlərinə münasibət bildirib. 

Onun sözlərinə görə, Azərbaycanı inkişaf etmiş ilk 50 ölkənin sırasına qatmağın tək yolu fərqli fikirlərin, fərqli səslərin mövcudluğundan, fərqli fikirlərin bir-birinə dözüm göstərməsindən, ölkənin mənafeyi tələb etdikdə hər kəsin bir-birinin əlini sıxmasından keçir:

Rövşən Ağayev
Mənbə: Facebook

"Tənqidlər sərtliyindən asılı olmayaraq inkişafa xidmət edir. Tənqidin qadağan olunduğu cəmiyyətdə biz 70 il yaşadıq, indi də yaşananlar gözümüzün qabağındadır. Hamısının nəticəsi də bizə bəllidir”.

"Şəxsən öz payıma deyirəm: tək marağım özüm, övladlarım, həmvətənlərim üçün arzuladığım Azərbaycanın qurulmasıdır. Bu quruculuqda yanlış olan hər cür siyasəti mədəni dillə hər zaman deyəcəm, doğru bildiyim yolu da biliyim-bacarığım çatan qədər çatdıracam. Təvazökarlıqdan uzaq olsa da, öz sahəsində peşəkar olan dövlət məmurları bizim nə qədər faydalı işlə məşğul olduğumuzu bilir və imkan düşdükcə qiymətləndirirlər”, - deyə Ağayev fikrini tamamlayıb.

"Bu zaman kimin haqlı, kimin boş-boş danışdığını...”

ReAL Partiaysının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli İlham Əliyevin söylədiklərini Meydan TV-yə şərh edərkən deyib ki, bu cür ritorika ölkədaxili diskurslara düşməməlidir: "Prezident işğalçı Ermənistan və onların rəhbərliyi barədə belə ritorikada danışanda, cəmiyyət tərəfindən çox yaxşı qarşılandı deyə, sanki həvəsə düşdü. Məncə, cəmiyyətin həmin çıxışlara reaksiyasının da təsiri var. Nəticədə dövlət başçısı daxili siyasətdə də bu ritorikanın uğur gətirəcəyini düşünüb. Məncə, prezident hamının prezidenti olmalıdır və daxili siyasətdə belə ritorikadan istifadə etməməlidir”.

Natiq Cəfərli hakimiyyətə iqtisadi forum keçirməyi təklif edib:

Natiq Cəfərli
Mənbə: Meydan TV

"Yaxşı olardı ki, hökumət iqtisadi forum keçirsin, müstəqil iqtisadçılar dəvət olunsun, prezident də kənarda əyləşib dinləsin. Bununla da hökumətin də, müstəqil iqtisadçıların da gətirdiyi arqumentlərin müzakirəsi baş versin. Bu zaman kimin haqlı, kimin boş-boş danışdığı, yaxud oxumadan, öyrənmədən hansısa məsələlərə münasibət bildirdiyi görünər”.

Prezident İlham Əliyev yanvarın 6-da keçirdiyi müşavirədə Dünya Bankının "Doing Business” hesabatına istinad edərək bildirib ki, qurumun hesabatında Azərbaycanın reytinqi artırılıb: "Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının "Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.
 
Meydan.Tv