Rejissorun iddiaları əsasında teatrda yoxlamaların başlandığı bildirilir

Rejissorun iddiaları əsasında teatrda yoxlamaların başlandığı bildirilir

22-11-2022 14:39 / Bu xəbər 225 dəfə oxundu

Nazir Anar Kərimov yoxlamalarla bağlı əmr imzalayıb

Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar apardığı deyilir.

Araşdırmaların noyabrın 18-dən mədəniyyət naziri Anar Kərimovun əmri ilə başladığı bildirilir.

Məlumata görə, yoxlamanın keçirilməsinə səbəb rejissor Saida Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddialardır.

S.Haqverdiyeva mediaya deyib ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib.

Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.

Rejissor qeyd edib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

Mədəniyyət Nazirliyi teatrda yoxlamaların aparıldığını Meydan TV-yə təsdiqləyib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada da məlumatlar yayılıb.

Bundan sonra nazirin əmri ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.

"Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür”, – deyə açıqlamada qeyd olunur.

Nazirlik həmçinin bildirib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.