Rəşad Həsənov: “Yaşayış minimumu çox primitiv standartlarla hesablanır”

Rəşad Həsənov: “Yaşayış minimumu çox primitiv standartlarla hesablanır”

02-01-2021 13:09 / Bu xəbər 603 dəfə oxundu

"Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumu çox primitiv, müasir tələblərə uyğun olmayan standartlara əsas hesablanır, bu qiymətlərin hardan götürüldüyü məlum deyil”. 

İqtisadçı Rəşad Həsənov dekabrın 31-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanuna münasibət bildirərkən belə deyib. 

Qanuna əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Sosial müdafiə mexanizmlərinin keyfiyyətinin artırılması, şaxələndirilməsi üçün kifayət qədər geniş maliyyə imkanları olduğunu deyən R.Həsənov Azərbaycan iqtisadiyyatının əhəmiyyətli hissəsinin illeqal olduğunu xatırladıb, qeyd edib ki, bu hissənin iştirakçıları oliqarxlar və məmurlardır: 

"Müvafiq kateqoriyadan olan şəxslərin fəaliyyətinin leqallaşdırılması resurs aslılığını azalda və əlavə maliyyə imkanları yarada bilər”. 

R.Həsənov həmçinin qeyd edib ki, büdcə xərcləmələrində şəffaflıq və səmərəliliyi artırmaqla, vəsait artımına nail olmaq mümkündür. 

Aytac Məmmədli
Toplum.Tv