Rəsulzadə fenomeni və onun ölməz ideyaları

Rəsulzadə fenomeni və onun ölməz ideyaları

14-01-2024 03:38 / Bu xəbər 1582 dəfə oxundu

Ramil Allahverdiyev
AMEA-nın dissertantı

Məhəmməd Əmin Rəsulzadə haqda yazını bir tarixi hadisəni xatırlatmaqla başalamaq istədim: 14 yanvar 1920-ci il. 

1920-ci ilin yanvarın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması xəbəri Bakıda böyük coşqu ilə qarşılandı. Bu, 1918-ci ili mayın 28-də Azərbaycanın istiqlalının elan edilməsindən sonra baş verən möhtəşəm və əhəmiyyət kəsb edən bir hadisə idi. Çünki müstəqilliyi əldə etmək böyük uğur idisə, onu dünyada tanıtdırmaq, yaşatmaq və daimi etmək onun qədər vacib olan uğur idi. 

Bu uğur Ə.B.Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında apardığı uzun və gərgin danışıqların nəticəsində qazanılmışdı. 

Yanvarın 14-də bu hadisə ilə bağlı Bakıda keçirilən bayram tədbirində insanlar arasında elə bir ruh yüksəkliyi yaranmışdı ki, xalq "Təzə Pir" məscidindən çıxıb Parlamentin qarşısında yığılaraq  Məhəmməd Əmin Rəsulzadəni tələb edir. 

Həmin vaxt insanlar gurultulu və hay-küylü alqışlarla onu əlləri üstə parlament binasının eyvanına çıxarmışdı. Rəsulzadə burada öz məşhur təbrik nitqini söyləmişdi. Nə üçün məhz Rəsulzadəni? Çünki xalq o zaman Azərbaycan adlı müstəqil, azad və Şərqdə ilk parlamentli respublika  modelində dövlət qurmaq ideyası və təcrübəsinin müəllifi kimi məhz Rəsulzadəni  görürdü. Həmin dövrdə çar Rusiyasından qoparaq müstəqil olmaq və Azərbaycan adlı Cümhuriyyəti  yaratmaq çoxlarına yuxu kimi görsənirdi. Çünki bu cür reallıq böyük bir mübarizənin nəticəsində baş verə bilərdi. Elə bir mübarizə ki onun anlayışının ideya mərkəzini, imperiyanın işğalçılıq və müstəmləkəçiliyinə son qoyulması təşkil etməli idi. 

Azərbaycan xalqının tarix salnaməsində yadelli təcavüzə qarşı mübarizə, düşmən işğallarına baş əyməyən xalq üsyanlarını əks etdirən və hətta dünyanı heyrətə salan zəngin faktlar çoxdur. Lakin gəncəli Cavad xanın Rusiya imperiyasının işğalçılıq siyasətinə tabe olmayaraq ona qarşı sonadək qəhrəmancasına döyüşüb şəhid olması ilə bağlı tarixi fakt, bu ideologiyanı başa-baş tamamlayırdı. Məhz bu tarixi fakta söykənərək istiqlala nail olmağa xidmət edəcək bu ideologiya Azərbaycanın müstəqil dövlət olması üçün imperiyaya qarşı mübarizədə insanlara ruh verəcəkdi.  

Məlumdur ki, Rusiya imperiyasının Şimali Azərbaycanın işğal edilməsinə qarşı ilk dirəniş Gəncədən başlanmış və orada ilk şəhidlər verilmişdi. Məhz bu hadisədən sonra  on minlərlə insanımızın qanı bahasına Şimali Azərbaycan xanlıqları Rusiya imperiyası tərəfindən işğal edilmişdi. İşğalla barışmayan xalqımızın dəfələrlə ciddi müqavimət göstərməsi, eyni zamanda,19-cu əsrin 30-cu illərində imperiyaya qarşı qaldırdığı üsyanlar da amansızcasına yatırılmışdı. 

Xalqımıza qarşı bu amansız siyasət 1905-1906-cı illərdə, eləcə də 1918-cildə soyqrım vasitəsilə davamlı olaraq  həyata keçirilib. İmperiyanın bu amansız müstəmləkə siyasəti milli maarifçilər və aydınlarımız tərəfindən zaman-zaman dilə gətirilirdi. 

Ona görə də XIX əsrin ikinci yarısından başlayan maarifçilik və milli özünüdərk proesi nəticəsiz qalmadı. Bu proses XX əsrin ilk illərində xalqımızın ictimai və siyasi təşkilatlanmasına gətirib çıxardı. 

Azərbaycanda ilk siyasi təşkilatın yaradıcısı hesab edilən Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının milli müstəqillik ideyasının həyata keçirilməsi yolunda fenomen fəaliyyəti öz möhtəşəm zirvəsinə Azərbaycan Xalq Cümhuriyyətin yaradılması hadisəsi ilə çatdı.  

Qısa müddət - 23 ay yaşamasına baxmayaraq, bu Cümhuriyyət Azərbaycan xalqına öz istiqlaliyyətini daddırdı. Lakin 1920-ci ildə qırmızı bolşevik cildinə girən imperiya təcavüz qəsdi ilə Azərbaycan milli dövlətçiliyinə  son qoydu. Təsadüfü deyil ki, bolşeviklərə qarşı ən böyük üsyan da elə Gəncədə baş verdi. 

M.Ə.Rəsulzadə sonralar yazırdı: "Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də özünü göstərirdi”.  

Bolşevik cilddində gələn imperiya bu dəfə xalqımıza qarşı həyata keçirdiyi dəhşətli qırmızı terror və 50-ci illərə qədər davam edən repressiyalar dövrü ilə tarixə düşdü. Məhz bu dövrdə  Rəsulzadənin müstəqillik ideyalarının daşıyıcıları olan Azərbaycan ziyalı elitasının nümayəndələri güllələnmiş və Sibir çöllərində məhv edilmişdi. 

Məhəmməd Əmin  Rəsulzadə azadlıq və müstəqil olmaq üçün mücadiləyə ümumbəşəri dəyər kimi qiymət verirdi.  Onun "İnsanlara hürriyyət, millətlərə istiqlal”  fəlsəfi şüarından məlum olur ki, öz xalqının azadlığı və istiqlalı ilə bərabər bütün insanlığın azadlığını arzulamış, işğal, müstəmləkə və imperiya siyasəti ilə heç vaxt barışmamışdı. Bunun həqiqət olması Rəsulzadənin 1943-cü ildə Berlində Azərbaycan legionunun qarşısında çıxış edərkən söylədiyi nitqində bir daha öz əksini tapıb. 

O, həmvətənlərini öz azadlıqları uğrunda mübarizə aparan Avropa xalqlarına qarşı silah işlətməməyə çağırmışdı. Onun bu mövqeyi də alman hakim dairələrində narazılıq doğurmuş və Almaniyadan qovulmasında ciddi səbəbə çevrilmişdi.

Rusiyanın imperiya siyasəti XX əsrin sonlarında da xalqmızı rahat buraxmamış, 20 Yanvar, Xocalı  kimi tarixdə misli görünməmiş qətliamları həyata keçirmiş və Qarabağ da daxil olmaqla torpaqlarımızın işğal olunmasına həm siyasi, həm də maddi dəstək vermişdi. Məhz bu faktlar bir daha sübut etdi ki, Rəsulzadə və onun silahdaşları yanılmamışdılar. 

Dahi Rəsulzadənin xalqımız üçün müəyyən etdiyi və ömrünün sonunadək mübarizə apardığı  ideologiya ötən yüz il ərzində hər an  gündəmdə olmuş, özünü dəfələrlə doğrultmuş və bu gün də  gündəmdə qalmaqdadır. Hələ də Azərbaycan dövlətçiliyinə, onun milli təhlükəsizliyinə imperiya təhdidləri səngimir. Məhz Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu ideyalar xalqımız üçün hələ neçə yüz illər sonra da  onun müstəqillik və azadlığının qorunmasında əsas mübarizə mənbəyi olaraq qalacaq.
 
140 yaşın mübarək olsun, dahi və ölməz insan!