Rusiyada SSRİ ilə Almaniyanı eyniləşdirənlər cərimələnəcəklər

Rusiyada SSRİ ilə Almaniyanı eyniləşdirənlər cərimələnəcəklər

16-04-2022 15:42 / Bu xəbər 1555 dəfə oxundu

15 sutka həbs cəzası da nəzərdə tutulur

Rusiyada II Dünya müharibəsindəki fəaliyyətinə görə SSRİ ilə faşist Almaniyasını ictimai şəkildə eyniləşdirənlər cərimələnəcəklər.

Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin aprelin 16-da qanun imzalayıb.

Qanunda deyilir ki, SSRİ və nasist Almaniyasının rolunu təhrif, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə ediləcək və ya 15 günə qədər həbs olunacaq.

Qanuna görə, hüquqi şəxslər isə 100 min rubla qədər cərimələnəcəklər.

II Dünya müharibəsi 1939-cu ilin sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb.

2 il sonra, 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel faşist Almaniyası adından qeydsiz-şərtsiz təslim aktını imzalayıb.

Müharibə isə sentyabrın 2-də Tokioda Amerika gəmisi "Missuri”də Yaponiyanın qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalaması ilə başa çatıb.

Müharibə milyonlarla insanın ölümünə səbəb olub.

Döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbçinin həyatı sona yetib.

Ümumilikdə 25 milyona yaxın mülki şəxs ölüb.

Hər il Rusiya və postsovet ölkələrində 9 May "Qələbə günü” kimi qeyd olunur.(Meydan TV)