Ruslan İzzətli: "Monarxiyada dövlət də, hüquq da monarxın özüdür"

Ruslan İzzətli:

29-12-2022 13:00 / Bu xəbər 954 dəfə oxundu

"Siyasi həbslərdə, hər hansısa işgəncə olaylarında sosial mediada bir çoxları hakimiyyətə müraciət edərək bu addımın dövlət adına, hüquq adına biabırçılıq olduğu yöndə məsləhətlər verməyə çalışır. Monarxiyanın hakimiyyətində "dövlətçilik”, "hüquq” kimi sözlər mənasız söz yığınıdır".

Bu fikirləri "Arqument.az"a siyasi fəal Ruslan İzzətli deyib. 

O bildirib ki, monarxiyada dövlət də, hüquq da monarxın özüdür: "Bu cür rejimlərdə Akif Çovdarov kimi cinayətkar dəstə yaratmaqda ittiham olunan şəxsin müsadirə olunmuş 30 milyonluq mülkünün özünə qayatarılması təbiidir. Nəciməddin Sadıqov kimi şəxsin hələ də azadlıqda olması da təbiidir. Fərqli düşündüyünə, doğruları söylədiyinə görə kiminsə həbs olunması, işgəncəyə məruz qalması bu rejimlərdə təbiidir. Təbii olmayan sizin hələ də monarxdan demokrat kimi davranış gözləməyinizdir". 

İzzətli düşünür ki, bununla yanaşı, monarx və onun sistemi ilə bir formada işbirliyində olub, sonra ona qarşı çıxanlar cəzalanır və cəzalanacaq: "Hətta ifşası yönündə addımlar atacaq. Monarxa kibercinayətkarlıq yönündə dərs keçməyə çalışmayın. Onun üçün hüquq və dəyərlər, hakimiyyətini qorumaqla müqayisədə dəyərsiz sözlərdir. Monarxiyadan qurtulmanın yolu dürüst, şəffaf və ləyaqətli siyasi duruşdan keçir".

Xatırlatma

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov həbs olunarkən onun ailəsinə məxsus müsadirə edilmiş təxminən 30 milyon manatlıq əmlak özlərinə qaytarılıb. 

Dekabrın 28-də Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, Həsən Əhmədov və İlqar Murquzovdan ibarət hakimlər kollegiyası buna qərar verib.

2015-ci ildə həbs edilib, 12 il il cəza alan və əfv sərəncanıyla 2020-ci ildə azadlığa buraxılan Akif Çovdarov özü haqqında hökmlə bağlı şikayətlərini hələ də davam etdirir.