Rövşən Ağayev: "Bu təyinatlar köklü islahat deyil"

Rövşən Ağayev:

30-03-2021 17:27 / Bu xəbər 1577 dəfə oxundu

"Azərbaycanda bütün müşahidə şuralarına ya hansısa nazir, ya da nazir müavini rəhbər təyin edilir, şuranın üzvləri də məmurlardan ibarət olur, yəni heç biri müstəqil şəxs olmur”.

Bunu "Toplum TV”-yə iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Prezident İlham Əliyev bu ilin fevral ayında Azərbaycan İnvestisiya Holdinqinə həvalə olunan "BakuBus”, "Bakı Metropoliteni”, "Azərbaycan Dəmir Yolları” və "Azərbaycan Hava Yolları”na yeni müşahidə şurası sədrləri təyin edilməsi ilə bağlı martın 30-da sərəncam imzalayıb.

Sərəncama əsasən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Azərbaycan Dəmir Yolları”nın, AZAL-ın Müşahidə Şurasının, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Bakı Metropoliteni” Müşahidə Şurasının, "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin olunub. 

Bu təyinatları islahat saymaq olarmı? 

Rövşən Ağayev deyir ki, bu təyinatlar dövlət şirkətlərinin səmərəli fəaliyyət göstərməməsindən qaynaqlanır. 

O bunların köklü islahat olmadığı qənaətindədir: "Bu gün idarəetməsinə verilən şirkətləri saymasaq, İnvestisiya Holdinqinin idarəetməsinə ümumilikdə 21 şirkət verilib. Biz bu holdinqin yaradılması ilə bağlı sənədlərə də baxsaq, hökumətin hədəfinin bu günədək effektiv idarə edilməyən dövlət şirkətlərinin islahatını aparmağa ehtiyac duyduğunu görə bilərik. Hökumət isə islahat aparmaq modelini bu şirkətlərin hamısını vahid bir çətir altına yığmaq və adını da İnvestisiya Holdinqi qoymaqla həyata keçirir. Ümid edirlər ki, bu İnvestisiya Holdinqi bütün bu şirkətlərin effektiv idarəetməsi üçün modellər formalaşdıracaq. Bu modellərdən biri isə bu gün gördüyümüz müşahidə şuralarının yaradılmasıdır, lakin bu sahədə mənim gözləntilərim aşağıdır, yəni bu addımlarla həmin dövlət şirkətlərinin səmərəli şəkildə idarə ediləcəyinə şübhə edirəm”.

"Bu islahat modelini effektiv saymıram"

Ekspert bu dəyişikliklərin effektiv nəticə verməyəcəyini deyir: "Tanınmış bir qurum olan İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının dövlət şirkətlərinin idarəedilməsi ilə bağlı standartları var. Bu standartlarda qoyulan yanaşma ondan ibarətdir ki, dövlət şirkətlərində müşahidə şuraları tamamilə müstəqil və peşəkar şəxslərdən formalaşdırılmalıdır. Müşahidə şuraları bütövlükdə şirkətlərin idarə olunmasının tam olaraq nəzarətini həyata keçirir, yəni bir şirkətdə hansı qərarlar verilirsə, bu, müşahidə şurasının nəzarəti altında baş verir. Digər adı direktorlar şurası olan bu orqan adından da görüldüyü kimi eyni səlahiyyətli bir neçə direktordan ibarət olur. Müşahidə şurası ona görə müstəqil olmalıdır ki, orada maraqlı tərəf olmasın, eyni zamanda hər quruma uyğun peşəkar şəxslərdən ibarət olsun. Bizdə isə bütün müşahidə şuralarına ya hansısa nazir, ya da nazir müavini rəhbər təyin edilir, - bir sözlə, şuranın üzvləri məmurlardan ibarət olur. Digər tərəfdən isə nəzarətedici orqan olan müşahidə şurası İnvestisiya Holdinqinə tabe olur. Yəni həm tərkibi baxımından, həm də tabe olduğu bir qurum olduğu üçün müşahidə şurası müstəqil olmur. Bütün bunlara görə seçilmiş bu islahat modelini effektiv saymıram və hesab edirəm ki, bir müddət sonra hökumət özü də dövlət şirkətlərində islahatların aparılması baxımından qarşıya qoyulan vəzifələrə yetirincə nail ola bilmədiyini görəcək”.