"Səfər Mehdiyevin "Şevrolet"in loqosuna bənzər malikanəsi" - FOTO

26-08-2020 12:09 / Bu xəbər 2786 dəfə oxundu

"Foto 1-də gördüyünüz obyekt Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Naxçıvan, Babək rayonu, Nehrəm kəndində, Şevroletin loqosuna bənzər malikanəsidir, ətrafdakı tikililər də ona və qohumlarına aiddir".

Bunu jurnalist Həbib Müntəzir sosial şəbəkədə yazıb.

O, Gömrük Komitəsinin sədrinin milyonluq malikanəsinin görüntülərini də yayıb. 

""Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm" deyən qohumbaz komitə sədri", - deyə vurğulayan jurnalist qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahibdir.

"Foto 2-də gördüyünüz General-polkovnikin Şahbuz rayonu, Biçənək kəndində, dağların arasında, ucu-bucağı görünməyən, möhtəşəm bir malikanəsidir. Malikanənin içindən Biçənək çayının bir qolu axır. Bundan başqa, Nehrəm kəndinin yaxınlığında 350 hektarlıq ərazidə üzüm və alma bağları saldırıb. Nehrəmdə şərab istehsalı üçün istifadə olunur. "Sumqala Tikinti Təchizat” MMC nəzdində 100-dən çox işçisi olan "Sumqala” Nehrəm üzümçülük təsərrüfatının sahibi komitə sədrinin qardaşı Kazım Mehdiyevdir. Mənbə: https://cutt.ly/Vfska4c".

Onun sözlərinə görə, Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşıdır: "Digər bacısı oğlu Əli ismayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşıdır. Digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşıdır. 

Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisidir. Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunları dolandırmaq lazımdır ya yox? Rüsumları, vergiləri ona görə digər ölkələrdəki standartlara uyğun edirlər ki, bu qədər nəsli dolandırsınlar.

Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə, belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər? Məsələn, onun Gündüz adlı bacanağı "Babək” və "Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.

Utanmır hələ 1%-dən danışıb, camaatın 35% cibinə girir. Mən sənə onlarla obyektini, villanı göstərərəm amma sizin ləyaqətiniz və cəsarətiniz çatmaz istefa verməyə. Ölkədə istehsalı sıfıra endirib, qanunları dəyişib xalqın cibinə girməyi bilərsiniz ancaq. Maksimum paylaşın, hamı görsün ki, xalqın vergi və rüsumları ilə necə taxt-tac qurublar.
Google Maps: 

Dövlət Gömrük Komitəsi jurnalistin araşdırmasına cavab verməyib.