SMS şeirlər

SMS şeirlər

11-05-2023 11:27 / Bu xəbər 1339 dəfə oxundu

Arqument.az şair Bəxtiyar Hidayətin yeni şeirlərini təqdim edir: 

Əlini qulağına dirəyib
Şairanə şəkil çəkdirən bu adam
Guya təpədən dırnağa şairdi
Amma əlini lap tapança kimi tutub həqiqətən.

***

Həə, çoban dostum
Kəsə bilərsən o küçüyün quyruğunu da
Onsuz da yerinə o qədər 
Quyruq bulayası adam var ki.

***

Ömrü çəkilib qurtarmış,
Canı tüstüsündə olan
Qanı tüstü kimi sorulan,
Tüstüsü başından çıxan
Siqaretin yaşamaq yanğısına bax bir
Külqabında da yaşamaq istəyir
...Onun yaşamaq yanğısı
Gözümüzü çıxardır
Başını əzmək lazım...

Göy qübbəsi aspirator kimi...
Amma
sormağa qadir deyil
Kədəri, rəzaləti...
Ya göylər qüdrətini itirib
Ya da insan çox alçalıb
Yaranıb arada bir belə işıq ili
...şair, söndür aspiratoru
Bu ay çox gəlib işıqpulu

***

Presin iplərini kəsib azad etmək...
Yarım saata
o azadlıq yoxa çıxar
Və sonra da təzək olar
... Qardaş, azadlıq hamı üçün deyilmiş
P. S. Mətbuata da aid edə bilərsiz

***

Bəli, ölkə çiçəklənir
Bunu görməyən kordu
Axı bir belə ölən umudun,
Ölən arzunun
Çiçək çatdırmaq lazım əklilinə.

***

Bəli həyat bir nərdivandı...
Amma feodal nərdivanı
Biz yoxuq orda

***

Zivədə donmuş paltarlar
... Budur təmizliyin axırı.

***

rayon polisinin işgəncə şöbəsinin önü...
Divarda iri bir lövhə
Lövhədə bölgənin şairlərinin şəkli
Sərlövhədə, "Şairlər Vətəni bizim tərəflər".
Şöbənin divarının eşik üzündə
Başqa bir lövhə
Sərlövhədə "Onları polis axtarır"
4-5 şəkil var axtarışda
Tanıdım birini
O da əsl şair

***

Neftin qiyməti
Ayağımızın razmerinə yaxın
Düzdü, bu söhbət çoxunun başının razmerində deyil
Axın var yaxın vaxtlarda Günəşə axın
Yox ee günəş enerjisinə axın

***

Gördüm ikinci həyatını yaşayanların gününü
Palçıq vedrələrini deyirəm
İnsanın ikinci həyatı düşdü gözlərimdən

***

Yorulmayasan, usta
Hörüldü bu hasar da
Altı qara daş, üstü ağ daş
Həyat da belədi
Qara camaat saxlamalıdır belində ağ günlüləri
Özül də, kürsü də möhkəm olmalı
Bunun tərsi heç vaxt olmayacaq
Dağılsa da dünya, uçsa da dağ, daş...

***

bizləri dostum,
2-ci dərəcəli insan sayırdılar,
indi 5-ci kalon sayırlar
yaman geriləyirik

***

Xalların buğda dənəsi
Əslində bədənin də çörək ağacıdır...

***

Mən, 92-də könüllü olmuşam
Könülsüz yaşayıram
93- dən bəri

***

Sizinki 76 spirtdi
İL 76 ilə alınmır
İndi il 2022

***

Ağ ayı,
Göy qitə,
Qırmızı qan.

***

İntihar etmiş şairin son sözü:
Mən səni həyatım qədər sevirəm, Vətən

Adətən, bir sənəd yazılanda
"Z" işarəsi qoyulur sənədin boş yerinə.
Rusun simvolu da boşluqdur
Batacaq öz qanına
Getdikcə dərinə.

***

Bu kölgə adamlar
Görəmməz aydınlıqları
Bunları tualet divarlarına vurmaq lazım
Bəlkə onda bilinə, kişilikləri, qadınlıqları.

***
 
Bir neçə vəzifəsi
Bir neçə evi
Bir neçə maşını
Bir neçə sevgilisi
Və bir neçə sifəti.

***

KASIBIN ÖMÜR DAYANACAQLARI

... Əvvəl Doğum evinin yanı
Sonra N saylı məktəbin yanı
Sonra Hərbi Komissarlığın yanı
Sonra Qul Bazarının yanı
Daha sonra
ZAQS- ın yanı
Sonra Bazarın yanı, Polisin yanı
Və daha sonra Məhkəmənin yanı
Vağzalın yanını da keçib
Çatırsan sonuncu dayanacağa-
Zibil yeşiyin yanı.

***

Para+doks

Azərbaycanda trend: 
qaz vermə, qaz vermə...
Avropanın Azərbaycandan istəyi: 
qaz ver, qaz ver...

***

Aşağıda " 26- lar" barı,
Ortada qəlyanlı rəhbər,
Yuxarıda "Ulduz".
AYB- də Stalinizm
Əməlləri 37,
Əsərləri 31.

***

Soyuq müharibə dövrünə uyğundu
Sizin Pin Qvin
İsti müharibə dövründə
Neyləyə bilər axı
Sizin pinqivin

***

Kasıb bir komaya kustar üsulla
İşıq çəkən mantyor
Məcbur qalıb torpaqdan götürdü
Mənfi enerjini
Sən torpağın gücünə bax ki
Mənfi enerjisi də
İşığa çevrilir.

***

Köhnə relslər üstündə hamam çəni
Yenə həmin yük
Kölgədə domaşıb söhbət edir iki nəfər
İkinci həyat barədə.

***

Avtoyuma
Təzyiqli su
Maşın tər-təmiz
... Bəli,
Təmizlik üçün
Təzyiq gərək.

***

İşıq dirəyinin dibində zibil yeşiyi
Həmişə belə olub
İşıq gələn yerləri
Çevirmişik zibilliyə...

***

...Parkda yaşıl soyqırım
Doğranan ağaclarda
Neçə-neçə  quş yuvası da məhv edildi
quşlar balalarını saxlaya bilmədi.
Otellər tikildi parkın yerində
Və neçə- neçə əxlaqsızlıq yuvası saxladılar orda
şəhərdə quş civiltisini
Fahişə iniltisi əvəz etdi
Həə, bunu edənlər
Vaxtilə iki ağacın kəsilməsinə görə 
Ayağa qalxanlar idi.

***

Gürgan üçün
(Gənc güləşçidir)

Bu qaz yerişi,
Bu hörümçək yerişi,
Bu kərtənkələ yerişi,
Bu qurbağa yerişi,
Bu meymun yerişi
Yaxşı məşq elə
Bu yerişləri oğlum,
Böyüyəndə canavar yerişi yerimək üçün...

***

Başım işə-gücə elə qarışıb
Möhtacam həyatın boş günlərinə
Nə yaxşı təqvimdə qırmızı günlər
Qırmızı işıqdı iş günlərinə

***

Qollarınızı bir-birinə qandallandı
Axır ki birləşdik, qardaşım.

***

Qollarım arxamda qandallı
Mənim də arxamda duranım var
Daha qorxmuram sizdən

***

Çay qırağında söyüdlər
Ayaqlarını suya qoyublar ki
Yuxuları gəlməsin
Gecə- gündüz dinləsinlər
Çayın həzin nəğməsini


***

Qazaxın KPZ -dən "bandotdel" yaxşıdı
"Bandotdel" sən "Qoroddel"
Qoroddeldən Bayıldakı zülüm yaxşıdı
Və nə yazıq ki indi
Bayırdakı azadlıqdan
Bir ucuz ölüm yaxşıdı

***

Göl - mavi ekran
Əlində krosna kimi çətir tutmuş bir gözəl
Ekranda 18+

***

Zivədə şpilkalar not kimi
Mən də deyirəm
Bu sarı toyuq
Niyə belə  gözəl qaqqıldayır

***

Qızlar-
Yer üzünün ulduzları
Bəlkə də ərəblər ona görə qırılırlar ki
Bir zaman 
Diri- diri basdırırmışlar qızları

***

Ey mənim yeniyetmə dövlətin
Ononizmlə məşğulsan
Xoşbəxtliyin öz əlində.

***

Şair var lampa kimidi
Aşılması işıq verməz
Şair də var sarmaşıq kimidi
Sarmaşmasa var verməz

***

Narkoman vaxtlarında
Cənnət həzzi adı altında
Varlı balalarını yoldan çıxaran bu adam
İndi dindar olub da
Cənnət xülyası ilə
Kasıb balalarını yoldan çıxarır

***

Hər prezident gələndə
Hər deputat gələndə
Hər bayram gələndə
Qazaxda Vurğunun heykəli dəyişir öz rəngini
( Elə sağlığında da belə olub)
Mənimsə əllərimin qabarıq dəyişir tez -tez.

***

Qarabağın açarı rusun cibində
Demokratiyanın açarı Amerikanın cibində
Onsuz da açarımızı itirmişik
Bir araq da ver
Nisyə dəftərinə yaz
İt dəftərində olmayan adımı...