Tofiq Yaqublu azadlığa çıxdı

Tofiq Yaqublu azadlığa çıxdı

23-01-2023 00:19 / Bu xəbər 754 dəfə oxundu

30 günlük inzibati həbs müddəti başa çatdıqdan sonra müxalif siyasətçi Tofiq Yaqublu yanvarın 22-də səhər saatlarında azadlığa çıxıb. 

Yaqublu cəzasının 17 günü ərzində qanunsuz həbsinə və təcridxanada hüquqlarının pozulmasına etiraz edərək aclıq aksiyası keçirib. 

Aclıq aksiyasının yeddinci günündə o, mülki xəstəxanaya köçürülsə də, polis nəzarətində qalıb.

"Turan" xəbər verir ki, azadlığa çıxan Yaqublu ilk növbədə onunla həmrəylik  aclıq aksiyasının keçirildiyi "Müsavat" Partiyasının qərargahına gedib.

Etirazçılara həmrəylik və fədakarlıqlarına görə təşəkkür edən Yaqublu onları aclıq aksiyasını dayandırmağa çağırıb.

Bununla da "Müsavat"da yanvarın 9-dan bəri keçirilən həmrəylik aclığı başa çatıb.

Yanvarın 7-də yeməkdən imtina edən siyasətçinin həyat yoldaşı Maya Yaqublu da bu gün aclıq aksiyasını dayandırıb.

Milli Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. 

O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.