Tofiq Yaqubluya azadlıq tələb edən AXCP fəalı 60 manat cərimələnib

Tofiq Yaqubluya azadlıq tələb edən AXCP fəalı 60 manat cərimələnib

16-09-2020 18:04 / Bu xəbər 1350 dəfə oxundu

Sentyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev "Tofiq Yaqubluya azadlıq” tələbi ilə öz maşınında aksiya keçirərkən polis tərəfindən saxlanılıb. 

Bu barədə partiyanın sədr müavini Seymur Həzi məlumat verib. 

Onun sözlərinə görə, elə həmin gün axşam saatlarında sərbəst buraxılan fəalın yol hərəkət qaydalarını pozması əsas gətirilərək 60 manat dəyərində cərimələnib. 

Tofiq Yaqublu artıq 15 gündür aclıq aksiyası keçirir. Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə ittiham olunur. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. 

T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. 

Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Son məlumata görə, T.Yaqublunun vəziyyəti ağırdır, artıq yaxşı danışa bilmir.

Vüsalə Mikayıl
Toplum.Tv