Toplum TV bəyanat yaydı: “Fəaliyyətimizi davam etdirəcəyik”

Toplum TV bəyanat yaydı: “Fəaliyyətimizi davam etdirəcəyik”

11-03-2024 18:15 / Bu xəbər 688 dəfə oxundu

Redaksiya TV-nin ofisinə polis basqınını azad sözə qarşı hakimiyyətin repressiyası sayır

Toplum TV-nin redaksiyası əməkdaşlarının həbsi və ofisinin möhürlənməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, martın 6-də Toplum TV-nin heyəti "Toplumda xəbər” verilişinin növbəti buraxılışını efirə hazırlarkən polis ofisə basqın edib: "Məhkəmə qərarı təqdim etmədən keçirilən axtarış zamanı polis bir sıra qanunsuzluqlara yol verib. Həmin vaxt redaksiyada olan bütün əməkdaşların telefonları əllərindən alınıb və bununla da onları nəinki vəkil çağırmaq, hətta baş redaktora və təsisçiyə məlumat vermək imkanından da məhrum ediblər. Basqın zamanı polis ofisdəki avadanlığı da qəsb edib və beləliklə də, bəzi bilgisayarlardan Toplum TV-nin "Youtube” və "İnstagram” səhifələrinə giriş əldə edib, adları dəyişdirilib və bütün videolar silib. Bəyan edirik ki, kiberhücuma görə məsuliyyəti Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daşıyır”.

Sənəddə qeyd olunur ki, Bakı Şəhər Baş Polis İdarəsində ofisdən aparılan jurnalistlərə təzyiqlər edilib: "Əməkdaşlarımız polisə aparıldıqdan sonra təzyiq altında onlardan telefonlarının şifrəsi tələb olunub və sonra yenə də təzyiq altında şifrə və telefonları könüllü verdikləri barədə protokol imzalatdırılıb. Eyni qanunsuzluqla müşayiət olunan həbslər Toplum TV-nin tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunda da (DTİ) baş verib. Bundan sonra polis həbs olunan əməkdaşların bəzilərinin evində axtarış aparıb və guya müxtəlif məbləğlərdə valyuta aşkarlayıb. Polisin aşkarladığını iddia etdiyi məbləğlər əməkdaşlarımıza aid deyil. Həmin pulların əsassız ittihamlara zəmin yaratmaq üçün əməkdaşlarımızın evinə axtarış zamanı polis tərəfindən yerləşdirildiyinə əminik”.

Peşəkar fəaliyyət göstərdiyini bəyan edən redaksiya bu təzyiqləri hakimiyyyətin azad sözü susdurması kimi qiymətləndirir: "Toplum TV gəlir götürmədən, professional jurnalistika standartları ilə keyfiyyətli yayım həyata keçirən media qurumudur. Efirimizdə xalqın şikayətləri ilə yanaşı, hökumətin bu şikayətlərə cavabına, hakimiyyətdə və müxalifətdə olanların məsuliyyət və səlahiyyətlərilə bağlı tənqidlərə yer ayırmışıq. Balansı hər zaman qorumağa çalışmışıq və səsinin Toplum TV-dən eşidilməsini istəyən hər kəsə peşəkarlıq normaları çərçivəsində imkan yaratmışıq. Hökumətin Toplum TV-ni susdurmaq cəhdi ölkədə həqiqəti ortaya çıxaran medianı tamamilə sıradan çıxarmaq səylərinin bir hissəsidir”.

"Toplum TV olaraq qəti şəkildə bəyan edirik: bu cinayət işinin səbəbi bizim fəaliyyətimiz deyil; araşdırıb xalqa çatdırdığımız cinayətlər və qanunsuzluqlardır. Həbslərin, o cümlədən ofisimizə, internet resurslarımıza müdaxilənin sifarişçisi də qanunsuz əməllərinin aşkarlanmasından qorxan hökumətdir”, – deyə bəyanatda qeyd olunur.

İnternet televiziyası izləyicilərinə də müraciət edib və yaxın zamanlarda fəaliyyətini bərpa edəcəyini bəyan edib: "Biz hazırda Toplum TV olaraq üzləşdiyimiz kiberhücumun nəticələrinin aradan qaldırılması və videoredaktorumuz Müşfiq Cabbarın, təsisçimiz Ələsgər Məmmədlinin və partnyor DTİ-nin həbs olunmuş əməkdaşlarının hüquqi müdafiəsini təşkil etməyə çalışırıq. Bu səbəblər üzündən keyfiyyətli və peşəkar jurnalist işimizdə yaranan fasiləyə görə izləyicilərimizdən üzr istəyirik, tezliklə onların həqiqi və peşəkar xəbər, balanslı müzakirə izləmə hüququnu bərpa edəcəyik”.

"Eyni zamanda, Toplum TV-yə qarşı atılan repressiv addımların da cavabını tələb edirik və günahkarların məsuliyyət daşıması üçün əlimizdən gələni edəcəyik. Toplum TV və onun əməkdaşları, sadəcə, jurnalistika ilə məşğuldurlar və hər hansı cinayət işi üçün əsas ola biləcək heç bir addım atmayıblar. Bundan sonra da fəaliyyətimizi məhz bu şəkildə davam etdirəcəyik”, – deyə redaksiya bəyanatında vurğulayıb.

"Toplum TV” ilə bağlı nə baş verib?

Martın 6-da polis "Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

III Respublika Platformasının ofisindən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

III Respublika Platformasının spikeri Akif Qurbanova, Toplum TV-nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan Toplum TV-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, Toplum TV saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.

III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.

Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul "tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia”, "Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

ABŞ Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlıqlarını ifadə ediblər.