Toplum TV-nin ofisində axtarış bitib, qapısı möhürlənib (Yenilənib)

Toplum TV-nin ofisində axtarış bitib, qapısı möhürlənib (Yenilənib)

07-03-2024 01:44 / Bu xəbər 600 dəfə oxundu

Toplum TV-yə məxsus sosial şəbəkə hesabları ələ keçirilib və adı dəyişdirilib.
 
Hazırda hesablardakı materiallar silinir.

_____________________________________________________________________________

Toplum TV ilə bağlı işdə Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əhmədova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Müşfiq Cabbarın həyat yoldaşının verdiyi məlumata görə, onların da evində axtarış aparılıb və avro "aşkarlanıb”.

______________________________________________________________________________

Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun evində də axtarış aparılıb.

Onun yaşadığı evdən 3100 avro götürüldüyü haqda məlumat var.

Vəkil Şəhla Hümbətova polis zorakılığına məruz qaldığını bildirir.

Bu barədə özü "Facebook” hesabında yazıb.

Onun sözlərinə görə,  6 nəfər polis zorakılıq edərək onu Akif Qurbanovun yaşadığı mənzilin qarşısından uzaqlaşdırıblar.

Vəkilin iştirakı olmadan axtarış davam etdirilir.

Vəkil Şəhla Hümbətova axtarış aparılan mənzilə buraxılmır.

Bu barədə Şəhla Hümbətova "Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

"Akif Qurbanovun mənzilində axtarış gedir, özü də içəridədir. Gəlmişəm, qapını döyürəm, açmırlar. İçəridən xəbər verdilər ki, polis icazə vermir açmağa”, – Şəhla Hümbətova belə yazıb.

Vəkil bununla bağlı "Facebook” hesabında video da paylaşıb.

Hazırda Akif Qurbanovun evində axtarış aparılır

III Respublika Platformasının spikeri Akif Qurbanov polis tərəfindən saxlanılıb.

Hazırda özünün iştirakı ilə evində axtarış aparıldığı bildirilir. Vəkil Şəhla Hümbətovanın da axtarışda iştirak etdiyi deyilir. Məlumat III Respublika Platformasının "Facebook” səhifəsində yayılıb.

III Respublika Platformasının spikeri Akif Qurbanovun təşkilatın ofisindən çıxarılaraq polisə aparıldığı deyilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, III Respublika Platformasının ofisi də qapadılıb.

Akif Qurbanovdan sonra Ruslan İzzətli və Araz Əliyevin də ofisdən çıxarılaraq polisə aparıldığı bildirilir.

III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvləri Ruslan İzzətli və Araz Əliyevlə əlaqə saxlamaq mümkün deyil. – Toplum TV yazır.

Onların polis tərəfindən saxlanıldıqları güman edilir.

Sosial şəbəkələrdə yayılan foto görüntüdən isə aydın olur ki, "Toplum TV”nin ofisində axtarış bitib və qapısı möhürlənib.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl "BBC Azərbaycanca”ya açıqlamasında bəzi əməkdaşların "polis maşınına oturdularaq, aparıldığını” bildirib.

 "İndi əməkdaşlarımın taleyi ilə maraqlanıram ki, görüm hara aparırlar”, – Xədicə İsmayıl deyib. Onun sözlərinə görə, polisin apardığı axtarışların yalnız bir səbəbi var, medianı susdurmağa çalışırlar.

 "Ölkədə heç bir tənqidi səs çıxmasın deyə, azad söz olmasın deyə atılan addımların davamıdır. Bircə onu bilirəm ki, biz heç bir cinayət işi üçün hüquqi əsas verməmişik”, – o əlavə edib.

Toplum TV-də axtarış aparılır, polis ərazini mühasirəyə alıb

Sayt əməkdaşlarının ərazidən polis maşını ilə uzaqlaşdırıldığı bildirilir

Müstəqil media olan Toplum TV-nin ofisində axtarış aparıldığı bildirilir.

Bu barədə sosial şəbəkələrdə saytın əməkdaşları məlumat paylaşıb. Bildiriblər ki, media qurumunun ofisində axtarış başlayıb, polis saytın əməkdaşlarını ərazidən polis maşınında uzaqlaşdırıb.

Meydan TV məlumatı sayt rəhbərliyi ilə dəqiqləşdirə bilməyib. Heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Saytın əməkdaşlarından biri medianın yerləşdiyi ərazinin polis tərəfindən mühasirəyə alındığını bildirib.

Meydan TV-nin əldə etdiyi başqa bir məlumata görə, III Respublika Platformasının yerləşdiyi ofisin ətrafını da polis əhatəyə alıb.

Axtarışı hansı qurumun apardığı bəlli deyil. Lakin Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Əlavə məlumat veriləcək”, – E.Hacıyev deyib.