Trampın şirkətinə və əməkdaşlarına qarşı cinayət işi açılacaq

Trampın şirkətinə və əməkdaşlarına qarşı cinayət işi açılacaq

01-07-2021 17:44 / Bu xəbər 4169 dəfə oxundu

Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən əsası qoyulan "Tramp Orqanizeyşn" ("Trump Organization”) şirkətinə qarşı dələduzluq və vergidən yayınma cəhdi ilə bağlı ittiham irəli sürmək niyyətindədir.  

CNN-nin məlumatına görə, keçmiş prezident özü hələ istintaq prosesinə cəlb edilməyib. 

Əsas şübhəli şəxslər qismində şirkətin top-meneceri Allen Vaysselberqin də var. Onu şirkətin əməkdaşlarına, o cümlədən özünə verilən bahalı hədiyyələrə görə vergi ödəməməkdə təqsirləndirirlər. Prokurorluğun məlumatına görə, "Tramp Orqanizeyşn" menecerlərinə maliyyə bonusları ödəyib, avtomobil və zərgərlik əşyaları bağışlayıb, amma bu xərcləri deklarasiya etməyib.

CNN bildirib ki, Vaysselberq könüllü surətdə təslim olmağa hazırlaşır. 

Keçmiş prezidentin şirkətinə qarşı ittihamlar prokuror Sayrus Vensin iki il əvvəl başlatdığı istintaq çərçivəsində irəli sürülüb. 

İstintaqın başlamasının rəsmi səbəbi Trampın 2016-cı il seçki kampaniyası dövründə porno ulduz Stormi Denielsə pul ödəməsi haqqında məlumat olub. 

Deniels Trampla cinsi əlaqədə olduğunu deyib və susması üçün 130 min dollar aldığını iddia edib. 

İddial olunan bu ödənişi prokurorluqda seçki kampaniyasını maliyyələşdirmə haqqında qanunun pozuntusu hesab ediblər. Daha sonra istintaq maliyyə fırıldaqları, aktivlərin dəyərinin artırılması, sığorta şirkətlərinin aldadılması və vergidən yayınma kimi faktları aşkar edib. 

KİV-in iddiasına görə, "Tramp Orqanizeyşn" şirkətinin ən azı iki yüksək vəzifəli əməkdaşı istintaqla əməkdaşlıq etməyə razı olub.

Donald Trampın özü isə baş verənlərə bazar ertəsi münasibət bildirib və deyib ki, şirkətinin menecerlərinin əməllərində cinayət tərkibi yoxdur.

Müşahidəçilərin fikrincə, baş verənlər sabiq prezidentin maliyyə imperiyasının çöküşünün başlanğıcı ola bilər.