Ukrayna təcili Qərbə müraciət edib

Ukrayna təcili Qərbə müraciət edib

29-12-2023 14:29 / Bu xəbər 928 dəfə oxundu

Kiyev 2024-cü il büdcəsi ilə bağlı "hədsiz böyük qeyri-müəyyənliklə” üzləşdiyi üçün Ukraynanın Baş naziri Denis Şmıqal beynəlxalq donorlarla təcili görüş tələb edib.

Bu barədə "Bloomberg" agentliyi Ukrayna baş nazirinin ofisinə  istinadla məlumat yayıb.

"Makroiqtisadi sabitliyi qorumaq üçün 2024-cü ilin yanvar ayından başlayaraq kifayət qədər operativ xarici maliyyə almağımız son dərəcə vacibdir", - "Bloomberg" Şmıqaldan sitat gətirib.  

Əks təqdirdə, hökumətin işi dayana, müəllimlərə və dövlət qulluqçularına ödənişlərdə, həmçinin pensiyaların verilməsində problem yarana bilər. 

Məktubda həmçinin bildirilir ki, ölkə 2024-cü ildə sağ qalma uğrunda mübarizə aparacaq, belə şəraitdə bərpa və yenidənqurma layihələri ilə bağlı hər hansı müzakirə aparmaq mümkün deyil.

"Bloomberg"in yazdığına görə, Ukraynanın müttəfiqlərinin məktuba reaksiyası məlum deyil.

Bundan əvvəl Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko "Financial Times” qəzetinə müsahibəsində bildirmişdi ki, Qərb 2024-cü ilin əvvəlində maliyyə yardımı göstərməsə, Ukraynada demək olar ki, 12 milyon insanın maaş və pensiyalarının ödənilməsində gecikmə baş verə bilər.  

Onun sözlərinə görə, Kiyev çox güman, 500 min dövlət qulluqçusu və 1,4 milyon müəllimin maaşlarının, həmçinin 10 milyon pensiyaçının ödənişlərini gecikdirməli olacaq.