Ukraynadakı müharibəni başa düşmək üçün tarixi bilmək lazımdır

Ukraynadakı müharibəni başa düşmək üçün tarixi bilmək lazımdır

28-02-2023 17:21 / Bu xəbər 861 dəfə oxundu

Timoti Snayder
Yel Universitetinin tarix üzrə professoru, 
Ukrayna və Rusiya tarixinə dair kitabların müəllifi

Putin Ukraynanın keçmişinin mifoloji mənzərəsini qurur, lakin yalnız real keçmişi bilmək gələcəyi qurmağa kömək edəcək. Keçən payızda Ukraynanın tarixindən mühazirə oxuyarkən sürreal bir hiss yaşadım. Mən kursu tədris etməyə başlayanda Ukraynada müharibə artıq altı ay idi ki, gedirdi

Nüvə dövləti nüvə silahından imtina etmiş dövlətə hücum etdi. İmperiya qonşu ölkənin Avropaya inteqrasiyasını dayandırmağa çalışırdı. Tiraniya demokratiyanı əzməyə çalışırdı. İşğal etdiyi ərazilərdə Rusiya açıq-aşkar soyqırım əlamətləri olan vəhşiliklər törədib və yenə də Ukrayna döyüşdü. 

Ukraynalılar nüvə şantajına müqavimət göstərdilər və özlərini riskə atdılar. Kiyevdə, Xarkovda, sonra isə Xersonda rusiyalıları məğlub etdilər, işgəncələri, qətlləri, sürgünləri dayandırdılar. Biz tarixi dönüş nöqtəsindəyik. Bəs əvvəllər nə baş verdiyini kim bilirdi? Dünya telekanalları Ukraynadan danışırdı, amma nə ekspertlər, nə də televiziya şərhçiləri bu ölkənin keçmişi haqqında heç nə bilmirdilər.

İndi hökumətdə və ya jurnalistikada çalışan keçmiş tələbələrimdən eşitmişəm ki, onlar müharibədən başqalarına nisbətən bir az daha az təəccübləniblər və sarsılıblar – tarix bilikləri onlara bələdçi olub. Bu müharibənin tarixi əhəmiyyəti ilə tarixin bilikləri arasındakı ziddiyyət ciddi problemi ortaya qoyur. Keçmiş haqqında çox az şey bilirik. Dünyanın necə işlədiyini anlamağa çalışaraq gündəlik problemləri və texniki bacarıqları necə həll edəcəyimizi öyrənirik və bu vacibdir.

Ancaq keçmişi bilmirsinizsə, indiki zamanda baş verən hər şey sürprizə çevrilir: 11 sentyabr, maliyyə böhranı, Kapitoliyə hücum, Ukraynanın işğalı. 

Gündəlik həyat bizi sıxışdırdıqda, lakin heç bir nəzəri baza olmayanda, kor-koranə ipuçları axtarırıq və bizə sadə cavablar verən insanlara qarşı həssas oluruq. 

Keçmiş o zaman mif səltənətinə çevrilir, hakimiyyətdə olanlar orada özləri üçün əlverişli narrativlər yaradırlar. Beləcə, Vladimir Putin keçmişlə bağlı real tarixlə heç bir əlaqəsi olmayan bir hekayə danışdı. 

Onun fikrincə, Rusiya və Ukrayna min il əvvəl Kiyev Rusun vəftizində birlikdə yarandılar. Onların ümumi mədəniyyəti var və buna görə də onları eyni şəxs idarə etməlidir. Əgər ukraynalılar rus olduqlarına inanmırlarsa, deməli bunlar xarici agentlərin və Qərb ideoloqlarının hiyləsidir. Putin təkcə bunları deməklə kifayətlənməyib; onunla mübahisə etməyi qadağan etmək üçün repressiyadan da istifadə edib.

Kanadalıların eyni dildə danışdıqlarına və ya ortaq tarixə malik olduqlarına görə amerikalı olduğunu desəm, bu, hamıya səfeh bir bəyanat kimi görünəcək, lakin heç bir halda qonşu ölkəyə işğal əmri vermək üçün səbəb olmayacaq. Heç bir hökmdar başqasının kimliyini müəyyən etməməlidir - əks halda vətəndaşlar seçim hüququndan məhrum olacaqlar.

Bu məntiqin rusiyalıları hara apardığını müşahidə etdikcə biz Putinin hekayələrinin etibarlılığını şübhə altına almağa başlayırıq. Amma belə aşkar vəhşiliyə şübhə etməməliydik. Amma yaxın vaxtlara qədər çoxları onunla razılaşmağa sevinirdi: Rusiya və Ukrayna oxşar görünürdü, rusca danışan insanlar rusa bənzədilirdi, diktatorun təyin etdiyi mədəniyyət isə qismət kimi qəbul edilirdi.

Bax müharibə belə başladı və birdən milyonlarla insan Ukrayna tarixi ilə bağlı onlayn dərsimə qoşuldu. Amerikalılar rus mifində nəyinsə səhv olduğunu başa düşdülər və bilik boşluqlarını doldurmağın yollarını axtarırdılar. Aldığım minlərlə məktubda bu boşluğun tarixlə doldurula biləcəyini görmək xoş idi. Şəxsən mənim üçün dərsləri onlayn dinləyən ukraynalıların, o cümlədən cəbhə xəttindəki əsgərlərin rəylərini eşitmək xüsusilə təsirli oldu.

Ukrayna tarixi bugünkü dünyanı daha mənalı edir. Yunanlardan başlayaraq Qərb sivilizasiyamızın bütün trayektoriyası Afinanın indiki Ukraynanın cənubunda olan torpaqlardan qidalandığını başa düşsək daha aydın olur.

Varyaqların fantastik tarixi onların Kiyevdə dövlət qurduqlarını anladıqda daha da fantastik olur. Polşa və Rusiya dövlətlərinin Avrasiya qitəsinin dərinliklərinə doğru irəliləyərək öz imperiyalarını qurduqlarını və nəhayət Ukraynada görüşdüklərini etiraf etdikdə tarix yeni ölçü götürür.

İmperiya dövrünü orada toqquşan nasist və sovet layihələri başa vurdu. Bu qanlı qarşıdurma 1933-cü ildən 1945-ci ilə qədər totalitar dövrdə Ukraynanı dünyanın ən təhlükəli məkanına çevirdi. Bu dövr və sonrakı ruslaşdırma Ukraynanın tarixini hətta ukraynalıların özləri üçün də çətinləşdirdi.

Mühazirələrimdə dediklərimin, demək olar ki, hamısı ukraynalı tarixçilərin əsərlərindən götürülüb. Onların ən yaxşılarından biri olan Yaroslav Qritsak onilliklərdir ki, Ukraynanın yeni nəslin öz hüquqlarına yiyələndikdə yaşayacağını deyir. Və bu baş verdi: jurnalistikada, vətəndaş cəmiyyətində, biznesdə və siyasətdə.

Ukrayna Rusiyadan tarixinə, o cümlədən Sovet İttifaqının dağılmasından sonrakı 30 ilin tarixinə görə fərqlənir. Əgər Putin ölkəsini miflərə doğru sürükləyibsə, ukraynalılar – öz səsləri, etirazları və itaətsizlikləri ilə kimliklərini inamla dərk etmələrinə yol açıblar.

Ukraynalılar kimi biz də tarixi anı yaşayırıq. Onlar kimi biz də demokratik gələcəyə çatmaq üçün keçmişi öyrənməli və miflərə meydan oxumalı olacağıq.

Tərcümə: Rəsul Rəsulov