Uşaq və polislər
04-12-2023 20:31 / Bu xəbər 1399 dəfə oxundu
Nazlı Ağayeva
Son günlər Qəbələnin Vəndam qəsəbəsində baş verənlər gündəmi silkələyir.
Adamlar növbəti şok yaşayır, stress keçirir.
Ölkədə informasiya müharibəsi gedir.
Ölkədən kənarda yaşayanlar daha fəallıq göstərirlər.
Bəziləri imkan daxilində bu məsələnin rəyçisi, məsləhətçisi, öncəgörəni olmağa çalışırlar.
Biganə, laqeyd qalanlar, polis faktorundan qorxub ağzına su alanlar və sairələr də öz yerində.
Hər şey, hər hadisə kulminasiya nöqtəsindən üzüaşağılara qayıtdıqca soyuq və acı həqiqətdən başqa ortada heç nə və kimsə qalmır.
Ad günündə təpik altında döyülüb xəsarət alan, atası və əmisiylə bərabər darısqal maşında təkrar əziyyət görən, iki gecə polisdə tək otaqda dustaq olub, gecələri diktə, hədə və sairə təzyiqlərlə açan Dəniz uşağın yaşadığı qorxu, ağrı, stress, əzab və sairə fiziki, psixoloji faciənin yarım səhifəlik gözlənilən "məntiqi qiyməti..."
Atasına ağlasığmaz ağır maddələrlə həbs qəti imkan tədbiri, əmisinə ev dustaqlığı. Amma nə qədər çətin görünsə də yenə ümid edək ki, yaxın zamanlarda Dəniz atasına qovuşa biləcək.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı:
Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb edilib
Dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi "Vaz 2107” minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri, ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ RPŞ-yə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.