Vəkilin oğlu atasının həbsindən danışdı: "Görüşə bilməmişəm"

Vəkilin oğlu atasının həbsindən danışdı:

28-06-2022 15:10 / Bu xəbər 1057 dəfə oxundu

Vəkil Elçin Qənbərovun həbs edildiyi deyilir. 

Bu barədə "gununsesi.info" xəbər yayıb.  

"Mərkəz” Vəkil Bürosunun rəhbəri olan E.Qənbərovun adı dələduzluqda hallanır və barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. 

Onun həbsinin təfərrüatları mediaya tam bəlli deyil, hər hansı bir rəsmi açıqlama da verilməyib. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan münasibət öyrənək mümkün olmayıb. 

E. Qəmbərovun hüquqlarını oğlu Əli Qənbərov müdafiə edəcək. Bu barədə oğlu danışıb. 

"Atamın həbsindən sonra qeyri-iş günləri olduğundan onunla görüşə bilməmişəm. Özü ilə söhbət etmədən nəsə danışmaq istəmirəm", - deyə Ə.Qənbərov qısa açıqlama verib. 

Elçin Qənbərova verilən dələduzluq ittihamlarına gəlincə, oğlu bu barədə məlumatsız olduğunu deyib. 

Vəkilin ayrı-ayrı adamlara ümumilikdə 330 mindən çox zərər vurduğu iddia olunur. 

Daha əvvəl 2016-cı ildə məhbəs həyatı yaşayan MTN cinayətlərinin qurbanlarından olan Səid Dadaşbəylinin arvadı İlhamə Dadaşbəyli ictimai şəkildə vəkili dələduzluqda ittiham etməsi gündəm olmuşdu: "Bu adam ölkənin nüfuzlu müxalifət liderlərindən birinin adıyla bizdən 5000 dollar pul aldı ki, Səid Dadaşbəylinin adını siyasi məhbus siyahısına saldıracaq. Biz sonradan öyrəndik ki, Elçin Qənbərov həmin şəxsin adını bizdən etibar qazanmaq üçün çəkib. Bununla o, açıq formada dələduzluq edib. Bundan başqa o, bizdən Səidi əfvə saldırmaq adıyla 25 min manat pul almaq istədi. Yenə də illər keçdi, əfvə olan ümidlərimiz puça çıxdı". 

"2015-ci ildə ildə onu polisə verdik və cinayət işi başlandı. Sonra müxtəlif yollarla bu işdən çıxdı. Həbsdə olan bir insanın ailəsinin, yaşlı valideyinlərinin heysiyyatı ilə oynamaq, heç bir vicdana sığmır”, - deyə həyat yoldaşı mediaya bildirmişdi.

Eçin Qənbərov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da vəkili olub. 

Daha sonra hüquq müdafiəçisinin yazışmaları əsasında onun əleyhinə "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabını yazıb.