Xalq niyə sevinmək istəmir?

Xalq niyə sevinmək istəmir?

02-11-2023 01:01 / Bu xəbər 1615 dəfə oxundu

Seymur Baycan
 
Dünən bir yazı oxudum. Müəllif deyir ki, Xankəndinə bayraq sancmışıq, ərazi bütövlüyümüz bərpa olunub, terrorçular həbs edilib, amma xalq nədənsə bu böyük hadisələrə lazımi qədər sevinmir, ölkədə ciddi bayram ab-havası hiss edilmir. 

Müəllif yazıda xalqın baş vermiş böyük hadisələrə niyə lazımi qədər sevinmədiyinin səbəblərini axtarır, amma ciddi səbəblər tapa bilmir. Nəticədə, xalqın laqeydliyindən gileylənir, xalqı qınayır, hətta yazının sonlarında daha da uzağa gedərək, böyük hadisələrə lazımi qədər sevinmədiyinə görə xalqı nankorluqda ittiham edir.

Əlbəttə, əgər hakimiyyət istəsəydi, resurslarından, ştatlı və ştatsız yazıb-pozanlarından, çalıb-oxuyanlarından, televiziya kanallarından istifadə edərək bütün rayonlarda, qəsəbələrdə, ucqar kəndlərdə, bütün ali və orta məktəblərdə, uşaq bağçalarında, idarələrdə, təşkilatlarda, meydanlarda, bulvarlarda, parklarda təmtəraqlı, parıltılı, gur yığıncaqlar, mərasimlər təşkil edə bilərdi. 

"Bayram" yaratmaq, "bayram" təşkil etmək hakimiyyət üçün çox asandır. Əllərində böyük inzibati resurslar, yazıb-pozanlar, çalıb-oxuyanlar ordusu var. Söhbət burda səmimiyyətdən, səmimi ab-havadan gedir. Doğrudan da, qələbənin yaratdığı hərarət, səmimi bayram ovqatı, ümumi, geniş götürsək, hiss olunmur.  

Bəs, görəsən, xalq niyə sevinmir? Bu sual sadə, səmimi, qısa və konkret cavablar tələb edir.  

44 günlük müharibədə xalq böyük həmrəylik nümayiş etdirdi. Xeyli insan müharibədən sonra ölkədə vəziyyətin müsbət istiqamətdə dəyişəcəyinə, bəzi islahatların keçiriləcəyinə səmimi qəlbdən inanır, xeyli insan buna ümid edirdi. Amma müharibədən sonra heç nə dəyişmədi. Allahın heç kosmetik islahatları da aparılmadı. Köhnə hamam, köhnə tas rejimi davam etdi.

Üstəgəl, müharibə veteranlarına, yaralılara laqeyd münasibət, müharibə veteranlarının intiharları, ayrı-ayrı şəxslərdən, şirkətlərdən pul yığılması, Qarabağda aparılan tikinti-quruculuq işlərində böyük yeyintilər, türk şirkətlərində işləyən Azərbaycan vətəndaşlarına az maaş verilməsi, bəzən heç verilməməsi və bu qəbildən olan digər xoşagəlməz hallar adamlarda dərin məyusluq hissi yaratdı. Xüsusən əldə olunan qələbədən hakimiyyətin öz təbliğatı üçün maksimum, yeri gəldi-gəlmədi istifadə etməsi, ordunun, əsgərlərin, zabitlərin əməyinə barmaqarası, ikinci, üçüncü planda, "xala xətrin qalmasın” tərzində baxılması adamların ciddi narazılığına səbəb oldu. Adamlar öz narazılıqlarını birbaşa bildirməsələr də, açıq danışmağa, öz narazılıqlarını açıq ifadə etməyə qorxsalar da, bütün bunlar ümumi nəticəyə, ümumi ovqata şübhəsiz öz təsirini göstərir. Adamların böyük hadisələrə sevinməməyini hakimiyyətə qarşı bir növ səssiz, yumşaq müqaviməti kimi də qiymətləndirmək olar.

Yaxşı bir söz var. "Kasıblıq sürünə-sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır”. Siçanlar oynayan boş ciblər, boş soyuducular, ağır iqtisadi vəziyyət, işsizlik adamların baş verən böyük hadisələrə kifayət qədər sevinməməyində müstəsna rol oynayır. Ac, cibi boş, işsiz, sürünə-sürünə yaşayan, uşaqlarını imkansızlıqdan məktəbə göndərə, dərman ala bilməyən, güclə dolanan, gündən-günə, aydan-aya çətinliklə adlayan adamlar qələbəyə necə ürəkdən sevinə bilərlər? Qələbəyə sevinmək üçün hər şeydən əvvəl, heç olmasa insanın evində ən zəruri ərzaq məhsulları olmalıdır. Əgər sevgiylə qarın doymursa, qələbəylə qarın heç doymaz. 

Xülasə, baş verən böyük hadisələrin xalqda, insanlarda ciddi reaksiya yaratmamağının günahı birbaşa hakimiyyətin özündədir. Uzaqlarda, başqa yerlərdə günahkarlar, səbəblər axtarmağa ehtiyac yoxdur.