"Xəzər Xəbər"in saxta xəbəri

30-03-2021 02:23 / Bu xəbər 3033 dəfə oxundu

"Avropa İttifaqının 4,5 saatlıq çəkən zirvə toplantısında Çin istehsalı peyvənd vurduranlara "Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edilib", - bu xəbəri "Xəzər Xəbər” yayıb. 

"Fakt Yoxla” xəbərin doğru olub-olmadığını araşdırıb.

Məlumata görə, Almaniya kansleri Angela Merkel bildirib ki, Avropada səyahət etməyə imkan verən Rəqəmsal Peyvənd Pasportları yay aylarına qədər tətbiq ediləcək.

"Pasportlar istənilən Avropa Birliyi ölkəsində verilə bilər. Bütün Aİ vətəndaşları və ailə üzvləri, eləcə də üzv ölkələrdə qısa və ya uzunmüddətli qalan və digər üzv dövlətlərə getmək hüququ olan vətəndaşlar da pasportları pulsuz almaq hüququ qazanacaqlar. Ancaq bu o demək deyil ki, pasportu əldə etmədən səyahət etmək olmaz. Bütün Aİ vətəndaşlarının ittifaq daxilində sərbəst hərəkət etmək hüququ var və peyvənd olunub-olunmamasının buna təsiri yoxdur", - məlumatda bildirilir. 

Göründüyü kimi, Rəqəmsal Peyvənd Pasportu yalnız Aİ daxilində keçərlidir. Bu pasportlar Aİ-nin üzvü olmayan ölkələrin vətəndaşlarına səyahət üçün heç bir məhdudiyyət yaratmır. Eynilə pasportlar viza üçün də hər hansı bir problemə səbəb olmur. 

"Fakt Yoxla” xəbərin saxta olduğunu üzə çıxarıb.