Xoşbəxt olun

Xoşbəxt olun

24-02-2024 00:20 / Bu xəbər 858 dəfə oxundu

Rasim Əlizadə
 
Mörfi qanununa görə bir şey pisə doğru gedirsə, həmin şeyin yaxşılaşma ehtimalı azalacaq, əksinə daha da pisləşəcək.  Ölkədəki gündəmə, baş verənlərə baxsaq, bunun canlı şahidi olarıq. Bu hadisələr də bir başa insanların əhval ruhiyyəsinə təsir edir. Bizim insanımızın üzündə səbəbli və ya səbəbsiz  yerə kədərli, aqressiv ifadə var. Hamıya aid olmasa da, çoxumuz beləyik. 

Yaxşı buna səbəb nədir? Sosial rifahın olmaması, işsizlik, əməkhaqqının az olması, şəxsi münasibətlər, təklik? Bu cavablar da doğru ola bilər, amma, məncə, əsas səbəb bu deyil. Məncə, biz sözün əsl mənasında xoşbəxt deyilik, ümumiyyətlə, xoşbəxtlik nədir, necə olur, kimə xoşbəxt demək olar? 

Həqiqətən e, görəsən xoşbəxtlik nədir, kimdir xoşbəxt insan? Əgər ətrafınızda xoşbəxt insan varsa, o da gizli şəkildə öz xoşbəxtliyini yaşayır ki, birdən kimsə bilər və xoşbəxtliyini əlindən alar. İnsanların çoxu xoşbəxtliyi sevgidə, hansısa insanda görür. Amma, məncə, xoşbəxtlik bu deyil, bu ola bilməz, kimdənsə, nədənsə asılı bir vəziyyətdə...

Xoşbəxtlik xarici faktorlardan asılı olmamalıdır, insan daxilən onu hiss etməlidir, çünki xarici faktorları aradan götürsək, xoşbəxtlik də uşaqların əlindən buraxdığı  şar kimi göyə qalxıb uzaqlaşacaq. 

Orxan Zeynallı (Aid) müsahibəsində deyir: "Zaman keçdikcə başa düşürsən ki, xoşbəxtlik hansısa ölkədə yox, öz içində olur, yəni fərqi yoxdur hansı ölkədəsən, oyananda yanında kimdir, qarajda hansı maşındır, sən xoşbəxtsənsə xoşbəxtsən, çünki xoşbəxtlik bir hissdir, hansısa insan, əşya, ölkə deyil. Sevgini xoşbəxtlik ona görə saymıram ki, bir-birini dəli kimi sevən o qədər cütlük saymaq olar ki, həqiqətdə xoşbəxt ola bilmirlər, birlikdə xoşbəxt ömür yaşaya bilmirlər". 

Kəramət Böyükçöl sevginin bu dünyaya aid hiss olmadığını deyir və əlavə edir ki, birini niyə sevdiyini bilmirsən, amma niyə nifrət etdiyini bilirsən, çünki nifrət bu dünyaya aid hissdir.

İlber Ortaylı deyir ki, "insan her yere kendini taşır".

Əşya, ev, maşını da vurğulamaq lazımdır ki, bunlar da xoşbəxtlik gətirmir. Xoşbəxtlik  bu qədər cılız bir şeydir ki, sənə "iphone", 3 otaqlı ev və ya BMW vasitəsi ilə gəlir? Məncə, yox.

İnsanın öz işindən narazı olması, əməkhaqqının az olması da xoşbəxtliyi məhdudlaşdıran bir şeydir. Burada "Günah kimdədir?" deyə soruşsanız, mən deyərəm ki, insanın özündə. Sən  əgər işindən və əməkhaqqından narazısansa edə biləcəyin ən məntiqli şey ərizə yazıb işdən ayrılmaqdır. Yox, əgər bunu edə bilmirsənsə, ya cəsarətin çatmır, ya da hazırki vəziyyətdə həmin gəlirə ehtiyacın var, asılısan, çıxış yolu tapmırsan... 

Sən xəyalların arxasıyca getmək istəyirsənsə, özünə hədəf qoyub, öz üzərində işləyib həmin xəyala çatmalısan. Ayrı cür yerində sayacaqsan. Nə irəli, nə də geri gedə biləcəksən. İndiki dövrdə insanların çoxu hər şeyin günahını ölkədə və hakimiyyətdə görür. Ola bilər ki, hansısa problemlər olsun. Hansı ki problemlər var, amma bunu tam onların boynuna yıxmaq da haradasa haqsızlıq olar. Çünki müşahidə edəndə görürsən ki, eyni univeristetin eyni ixtisasını bitirən 2 tələbənin gələcəyində olan fərqlər yerlə göy arasındadır.

Birisi çox irəliyə getməyi bacarmış, birisi isə yüngül formada desək heç nə əldə edə bilməmiş. Deməli, bir az da hər şey insanın özündən aslıdır, fərdi, individual məsuliyyətdən. Necə deyərlər, əslində dəyişiklik səndən başlayır, sən buna inanmaya bilərsən, amma kiminsə müsbət mənada dəyişməyi elə ölkənin dəyişməyi deməkdir. Dəyişən hər fərd sonda birləşib cəmiyyəti dəyişdirəcək. Tarixə baxsaq, güclü və xoşbəxt ölkələrin formalaşması da buradan başlayıb... 

Bu gün hərə öz sahəsində məsuliyyətlə işləsə, həkim, müəllim, polis, usta, sürücü, fəhlə - fərqi yoxdur hər hansısa sahə, kim dürüst və peşəkar şəkildə işinə yanaşsa, ölkədə çox şeyin dəyişəcəyinə əminəm. Biz də başqa ölkələr kimi güclü, xoşbəxt, rahat, azad və sosial rifah içində yaşaya bilərik, bu cür insanlar da yetişdirə bilərik. Ölkəmizdə xoşbəxtliyimizi tapsaq, başqa ölkələrdə xoşbəxtlik axtarmarıq. İnsan təbiətən bir yerdə xoşbəxt olmayanda alternativ yollar axtarır, bu məkan da ola bilər, hər hansı bir insan da... 

Məncə, bizlər yetişkin olaraq xoşbəxt deyiliksə, günah özümüzdədir, individual məsuliyyətsizliyimizdədir. Keçmiş keçmişdə qaldı, qayıdıb dəyişə bilmərik, bu, mümkün deyil, amma indiki an bizdən aslıdır. İndiki anı dəyişib gələcəydə xoşbəxt ola bilərik, çünki indiki anlar birləşib gələcək olur.. 

Lev Tolstoy deyirdi ki, xoşbəxt olmaq istəyirsinizsə, olun...