Zərifə Həmzəyevanın yazışmaları məhkəməyə təqdim olundu

Zərifə Həmzəyevanın yazışmaları məhkəməyə təqdim olundu

10-08-2021 13:46 / Bu xəbər 1167 dəfə oxundu

Məhkəmə vəsatətə ayın sonunda baxacaq

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, "Premium Bank”ın təsisçisi Zərifə Həmzəyevanın yazışmaları məhkəməyə təqdim olunub. Bu, avqustun 9-da "İdeal” mağazalar şəbəkəkəsində Zərifə Həmzəyeva ilə şərik olmuş iş adamı İlqar İsmayılovun məhkəməsində baş verib.

1999-cu ildə "İdeal”ın yaradıcısı olan, 2011-ci ildə şirkətin 50 faizini Zərifə Həmzəyevaya satdığını deyən İlqar İsmayılov məhkəmədə bildirib ki, bundan sonra o, "İdeal Company”də direktor kimi qalsa da, faktiki səlahiyyətləri yox idi. Onun sözlərinə görə, hətta qalan 50 faizlik pay zorla əlindən alınmamışdan əvvəl də faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. İlqar İsmayılov vurğulayıb ki, aralarındakı elektron poçt yazışmaları da bunu sübut edir.

Bu ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

İlqar İsmayılovun vəkilləri İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə avqustun 9-da həmin yazışmaları məhkəməyə təqdim ediblər. Elan olunan yazışma mətnindən aydın olur ki, İlqar İsmayılov Zərifə Həmzəyevaya 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir.

Başqa bir yazışmada AZAL prezidentinin xanımı İlqar İsmayılova bildirir ki, kreditlə bağlı müsbət cavab var, bankda Elçinə yaxınlaşsın, sənədlər rəsmiləşdiriləcək. Bundan sonra onu məlumatlandırsın.

İlqar İsmayılov iddia edir ki, Zərifə Həmzəyevanın təsisçisi olduğu "Premium Bank”dan onun adına 5 milyon manat pul ayrılması barədə kredit müqaviləsi rəsmiləşdirilib. Onun sözlərinə görə, əslində isə belə bir müqavilə olmayıb. İş adamı deyir ki, bu pul ona verilməyib. Nə müqavilədə, nə də məxaric sənədində onun imzası var: "Sonradan həmin saxta müqavilədən mənim şirkətdəki qalan payımı əlimdən almaq üçün üçün istifadə etdilər”.

Məhkəmə bu vəsatəti avqustun 23-də keçiriləcək növbəti iclasda müzakirə edəcək.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

"Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.

"Premium Bank” AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır.

Zərifə Həmzəyeva həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group”un rəhbəridir.