Avropa Məhkəməsi jurnalistə görə Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi jurnalistə görə Azərbaycanı cərimələdi

14-05-2020 16:23 / Bu xəbər 667 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 14100 avro cərimələyib. 

Avropa Məhkəməsi mayın 14-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib. 

Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb. 

Bu barədə məlumatı media hüququ üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.  

Elan edilən qərarlardan biri jurnalist Sevinc (Vaqifqızı) Abbasovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı  şikayəti olub. 
 
Qərarda deyilir ki, ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan hərəkət azadlığı və səmərəli hüquqi müdafiə vasitələri hüququ maddələri üzrə pozuntuları etiraf edib. 
 
Azərbaycan hökuməti oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu, məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib. 

AİHM hökumətin təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. 

Hökumət bu işdə jurnalistə 5 min avro təzminat ödəyəcək. Digər qərarda Georgi Nikolaevin işində də AİHM eyni nəticəyə gəlib, ərizəçiyə 5 min avro təzminat ödəniləcək. 

3-cü qərar isə Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrə olub. 

Xeyrulla Ağayev təxminən 10 il əvvəl küçə yürüşündə saxlanılıb, ardınca ona icazəsiz yürüşə qatılmağa və polisin qanuni tələblərinə əməl etməməyə görə 7 sutka inzibati həbs cəzası verilib. 

Bu işdə ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib. 

AİHM bu işdə 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddənin pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4100 avro təzminat ödəməlidir.