Azər Qasımlı: ''İdarəetmədə anarxik vəziyyət yaranıb''

Azər Qasımlı: ''İdarəetmədə anarxik vəziyyət yaranıb''

06-08-2019 17:18 / Bu xəbər 264 dəfə oxundu

Ənənəvi olaraq hər rübün sonunda prezidentin iştirakı ilə baş tutan Nazirlər Kabinetinin iclası bu dəfə naməlum səbəblərdən keçirilmədi.
 
Ekspertlərin bu məsələni gündəmə gətirməsindən sonra iyulun 30-da Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası oldu. Bundan dərhal sonra prezident İlham Əliyev iyulun 31-də iqtisadi sektora cavabdeh olan nazirlərin iştirakı ilə iclas keçirdi və ora Novruz Məmmədov dəvət almadı.

Baş verənlər ictimaiyyət arasında suallar doğurdu. "Turan” İnformasiya Agentliyinin bununla bağlı təhlili yazısında göstərilir ki, baş verənləri aşağıdakı motivlərlə izah etmək olar:

"Baş nazir Novruz Məmmədova ölkə daxilində və xaricində qəbul edildiyi kimi nominal deyil, fəaliyyətdə olan nazir statusu vermək. İyunun 15-də Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə son Müşavirədə Məmmədov dövlət liderlərinin əhatəsində qaneedici görünmürdü.

Məsuliyyət yükünün bir hissəsini Baş nazirin çiyinlərinə qoymaq. Əliyev tez-tez ictimai görüş sahəsindən yoxa çıxır, aydındır ki, bu, işlərin və onun üzərinə götürdüyü qayğıların çoxluğu ilə bağlıdır.

Əksər vətəndaşların yay relaksı dövründə belə öz komandasının fəallığını nümayiş etdirmək.

Prezidentin vətəndaşlar üçün ən çox maraq kəsb edən sahələrin - maliyyə sisteminin sabitliyi, rifahın artırılması, ərzaq məhsullarının istehsalı və onların qiyməti, məşğulluq və s. sahələrin nəbzini daim nəzərdə saxladığının nümayişi”. "Ola bilər prezident müəyyən adamlara istefaya getmələri barədə mesaj verir”

"Ola bilər prezident müəyyən adamlara istefaya getmələri barədə mesaj verir”

Meydan TV-ə bununla bağlı danışan sabiq Baş nazir Pənah Hüseyn hüquqi baxımdan bu məsələdə problem olmadığını deyib: "Prezident istədiyi tərkibdə müşavirə keçirə bilər. Kimi də dəvət edib-etməmək onun tam səlahiyyətidir. Ancaq şübhəsiz ki, son hadisə haqlı olaraq ictimaiyyətdə müzakirə yaradıb və suallar doğurub. Qanun öz yerində, ənənə də var”.

Pənah Hüseyn ehtimal edir ki, 31 iyul müşavirəsini siyasi mesaj da saymaq olar:

"Ola bilər, prezident müəyyən adamlara istefaya getmələri barədə mesaj verir. Prinsipcə Baş nazirin iştirak etməməsi sual doğurmaya bilməz. Bu mənada avqustun 5-də Baş nazirin müavini Əli Əhmədovun iqtidarı müxalifətə qarşı səfərbərliyə çağırması da həyanaclanmanın təzahürüdür”.

"2016-cı il referendumundan sonra idarəetmədə anarxik vəziyyət yaranıb”

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı bu məsələdə müxtəlif səbəblərin, o cümlədən, texniki səbəbin də mümkünlüyünü bildirib:

"Yalnız siyasi səbəb axtarmaq mümkün deyil. Əgər texniki səbəb var idisə, iclaslar arasında bir-iki gün vaxt qoymaq olardı. Dövlət idarəetmə nöqteyi-nəzərindən absurd və yanlışdır, çünki sosial-iqtisadi məsələlər müzakirə olunursa, Konstitusiyaya görə cavabdeh şəxs Baş nazirdir. Novruz Məmmədovun 31 iyul müşavirəsində olmaması dövlət idarəçiliyi baxımından yanlışdır, çünki hesabatı o verməlidir. Ola bilsin, Novruz Məmmədovu bu şəkildə cəzalandırırlar, informasiya olmadığından şərh vermək çətindir”.

Azər Qasımlı hesab edir ki, 2016-cı il referendumundan sonra Azərbaycanda idarəetmədə anarxik vəziyyət yaranıb:

"Baş nazirin yeri hardadır, iqtisadiyyatda onun rolu nədən ibarətdir? Ümumən ölkə iqtisadiyyatı inhisarlarla idarə olunur, Novruz Məmmədov nəsə dəyişmək istəsə, bunu bacarmayacaq. Novruz Məmmədovu ona görə Baş nazir təyin ediblər ki, ciddi problemlər haqda danışmasın. Həm də Novruz Məmmədov sələfi Artur Rasizadə kimi heç bir siyasi çəkisi olmayan və hakimiyyət daxilində bütün qrupların qəbul etdiyi şəxsdir. Bu mənada Novruz Məmmədov 31 iyul müşavirəsində olsaydı, heç nə dəyişməyəcəkdi”.

Onun fikrincə, ən əsası 2016-cı il referendumundan sonra idarəetmədə anarxik durum yaranıb.

Azər Qasımlı deyib ki, Birinci Vitse-Prezidentin təyin olunması ilə bağlı növbədənkənar prezident seçkisindən sonra yeni fərman verilməli idi.

"Yəni Birinci Vitse-Prezidenti yenidən təyin etməli idi. Təsəvvür edin ki, iki ildən çox keçib, Birinci Vitse-Prezident haqda qanunvericilik yoxdur, səlahiyyətlər bəlli deyil. Sadəcə, referendumda vitse-prezidentlərin olması haqda qanun qəbul edilib”.

"Görünür, hakimiyyət daxilində Nazirlər Kabinetinin ləğvinə hazırlıq gedir”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu məsələ haqda yalnız ehtimallarla danışmağın mümkün olduğunu deyib:

"Mən də Baş nazirin keçirdiyi müşavirənin səhəri Prezidentin müşavirə keçirməsini və Novruz Məmmədovun orda iştirak etməməsini müşahidə etdim. Ola bilər ki, format dəyişib, amma kiçik heyətdə keçirilən müşavirədə Baş nazirin iştirak etməməsi suallar doğurur. İnanmıram ki, o dəvət alsın, amma gəlməsin. Dəvət almayıbsa, haqlı suallar doğurur”.

Qubad İbadoğlu hesab edir ki, İlham Əliyevin keçirdiyi müşavirə görüntü xarakterli idi: "İctimaiyyətdə belə sual tələb şəklində formalaşmışdı ki, nədən prezidentin yanında bu ilin sosial-iqtisadi yekunlarına həsr edilən müşavirə keçirilmir. İkinci səbəb hakimiyyətdaxili münasibətlərlə də əlaqəli ola bilər. Ən əsası bu hadisələr Nazirlər Kabinetinin lüzumsuz, nominal bir qurum olduğunu, ciddi mandatı olmadığı təsdiqləyir. Görünür, hakimiyyət daxilində Nazirlər Kabinetinin ləğvinə hazırlıq gedir. Ona görə kabinetin mandatını kiçiltməklə proseslərdən kənarlaşdırmaq istəyirlər. Çünki Birinci Vitse-Prezident olduğu halda mövcud idarəetmədə Nazirlər Kabineti saxlandıqca ciddi suallar yaradır. Güman ki, gələcəkdə kabinetin ləğvi məsələsini referenduma çıxartsınlar”.