Azərbaycanın bir qrup ziyalısı Ərdoğana müraciət etdi

Azərbaycanın bir qrup ziyalısı Ərdoğana müraciət etdi

22-03-2020 00:37 / Bu xəbər 489 dəfə oxundu

Azərbaycanın bir qrup ziyalısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. 

Ziyalıların müraciəti Türkiyədə həbs edilən xeyriyyəçi iş adamı Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə bağlıdır.

Bununla bağlı Qubad İbadoğlu feysbuk hesabında paylaşım edib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı "Palmali" Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan "Palmali" şirkətlər qrupu 2018-ci ildə "Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən "Palmali" şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır."
"Cənab Prezident,  Sizin  rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir", - müraciətdə deyilir.

Daha sonra vurğulanır: "Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanunazidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki, Mübariz Mənsimovun barəsind həbs qətimkan tədbirinin dəyişdirilməsinə və istintaqın onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisini daha da gücləndirəcəksiniz".

Müraciəti şair Rüstəm Behrudi,  tarix elmləri doktoru Hacıbaba Əzimov, ABŞ-ın Vudro Vilson Mərkəsinin araşdırmaçısı, tarixçi professor Cəmil Həsənli, ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru Qubad İbadoğlu, tibb elmləri doktoru, professor Adil Qeybulla, professor, jurnalist Qulu Məhərrəmli, iqtisadi elmlər doktoru, keçmiş maliyyə naziri Saleh Məmmədov imzalayıblar.

Şəmsiyyə İbişova
Toplum.Tv