Baş Prokurorluqdan alpinistlərlə bağlı açıqlama

Baş Prokurorluqdan alpinistlərlə bağlı açıqlama

06-01-2018 18:17 / Bu xəbər 342 dəfə oxundu

Dekabrın 6-da Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətləri "Gilavar” idman klubunun itkin düşən 3 üzvü haqqında birgə məlumat yayıb.
 
Məlumatda deyilir ki,  ilkin araşdırmalarla alpinistlər Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində "Tufandağ” zirvəsinə qalxmaq məqsədilə "Şahdağ” Milli parkına doğru olan istiqamətdə,  "Xınalıq” keçid məntəqəsinə hərəkət etmişlər.

Məlumatda təhlükəsizlik tədbirləri ilə bağlı məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələrin olduğu  deyilir. 

Təbiət ərazilərinin istifadəsi sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsi alpinistlərin  təcrübəsi və hazırlıqlarının yürüşə imkan vermə səviyyəsi, meteoşəraitin  əlverişsizliyi, marşrutun seçilməsi ilə bağlı  məsələlərin araşdırılmasına ehtiyac var. 

Bu səbəbdən Respublika Baş Prokurorluğu tərəfindən  Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb. 
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Həmçinin dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq  intensiv axtarış tədbirləri davam etdirilir. Axtarışlar fövqəladə hallar, ekologiya və təbii sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən aparılır.

"Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

FHN-nin Əməliyyat Qərargahınən yaydığı məlumatda bildirilir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. 

Növbəti gün, 27 dekabr 2017-ci ildə səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış işlərinə nazirliyin canlı qüvvə və texnikası, o cümlədən aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri , xüsusi təlim keçmiş itlər cəlb olunub.///toplum tv