''Cin çıxaranlar'' gənci 40 dəqiqə nar çubuğu ilə döyüb öldürdülər''

''Cin çıxaranlar''  gənci 40 dəqiqə nar çubuğu ilə döyüb öldürdülər''

13-11-2018 00:16 / Bu xəbər 966 dəfə oxundu

Şabranda tapılan cəsədlə bağlı 6 nəfər həbs olunub

Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun meyiti tapılıb. Onun üzərində zorakılıq əlamətlərinin olduğu deyilir.

"Report" yazır ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətiriliblər.

İlkin təhqiqat zamanı müəyyən edilib ki, saxlanılan şəxslər guya xalq təbabətindən istifadə etməklə Murad Soltanovu sağaltmaq istəyiblər. Onun bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurublar, nəticədə ağır bədən xəsarətləri alan M.Soltanov həyatını itirib. Məlumata görə, saxlanılan şəxslər günahlarını etiraf ediblər. Bildirilib ki, M.Soltanov Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə alıb, lakin sonuncu belə "seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb.

Məlumatda o da deyilir ki, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.