Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

21-03-2020 00:54 / Bu xəbər 1967 dəfə oxundu

"Məlum olduğu kimi, Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır".

Bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Təəsüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o, həkim olmasına baxmayaraq müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənmişdir. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilmiş və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunmuşdur. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil verilmişlər.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcəkdir", - E.Zahidov bildirib.