Daha 12 seçki məntəqəsində nəticələr ləğv edildi

Daha 12 seçki məntəqəsində nəticələr ləğv edildi

23-02-2020 19:20 / Bu xəbər 1133 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Qaynarinfo-nun məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. 

A.Muxtarova həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermələrin nəticələrinin ləğv olunmasını təklif edib. 

Sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsi təklifini irəli sürüb. 

Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv olunub.

10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb. Məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü əlavə edib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. 

İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. 

Təklif səsə qoyularaq qəbul olunub.