“Elə bilirsiniz ki, Bakıdakı ermənilər Ermənistanı müdafiə etmir?” - Vahid Əhmədov

“Elə bilirsiniz ki, Bakıdakı ermənilər Ermənistanı müdafiə etmir?” - Vahid Əhmədov

06-09-2019 20:41 / Bu xəbər 903 dəfə oxundu

"Arxivlər açılmalı və kimin  kim  olduğu bilinməlidir"

Bunu Milli Məclisin deputatı Vahid Əhmədovun modern.az-a müsahibəsində deyib.

"Aprel döyüşlərini davam etdirmək lazım idi”

Qarabağ mövzusunda danışan deputat bildirib ki, Aprel döyüşləri davam etdirilməli idi: "Sülh danışıqları da aparmaq lazımdır. Ancaq biz ildə orduya kifayət qədər pul ayırırıq. Kifayət qədər silahlar alırıq. Bunlar nədən ötrüdür?! Ondan ötrüdür ki, öz torpaqlarımızı  azad edək. Gec-tez azad etmək lazımdır. Nə qədər tez azad etsək, o qədər yaxşı olar. Deyirlər ki, Rusiya Qarabağı azad etməyə qoymaz. Rusiya gedib Gürcüstanı, Ukraynanı işğal edəndə qoymamaydılar da!... Avropa əngəl olaydı da...Hansı ki, Ukraynanın təhlükəsizliyinə 4 dövlət imza atıb. Rusiya, Fransa Amerika  demişdi ki, nüvə silahı olmasa, biz Ukraynanın təhlükəsizliyini təmin edəcəyik. Nə oldu bəs?! Burada maraqlar toqquşur. Ona görə də Azərbaycan torpaqlarını nə qədər tez azad etsə, bir o qədər yaxşı olar. Kimisə gözləməli deyilik. "Kimsə necə baxacaq”  məsələsi çoxdan keçib. 2016-cı ilin aprel hadisələri  göstərdi ki, ordumuzun  buna  imkanı  var. Onu davam etdirmək lazım idi. Artıq müharibə məsələsində güzəştə getməyə yol yoxdur". 

"Qarabağ döyüşlərində iştirak etmişəm, Ağdamda erməni gülləsinə də tuş gəlmişəm”

Qarabağla bağlı verilişlərin hazırlanması ilə bağlı suala cavab verən deputat televiziyaların fəaliyyətinə də toxunub: "Ağdamda gedən döyüşlərdə erməni gülləsinə də tuş gəlmişəm. Pənah Hüseynlə birgə atəş altında da olmuşuq. Söhbət ondan getmir. Həyatdı da... Bir dəfə verilibsə, gec-tez alınacaq. Bizim millət döyüşkən millətdir. 1992-93-cü  illərdə öz gözümlə görmüşəm ki, bizim uşaqlar necə fədakar idilər. Ad çıxaran insanlarımız olub ki, ermənilər onlardan qorxurdu. İnsanlarda vətənpərvərlik hissini qaldırmaq lazımdır. Televiziyada  ciddi  verilişlər  hazırlanmalıdır". 

"Millət ayağa qalxıb torpağını azad etməlidir"

Deputat qeyd edib ki, Paşinyan faktiki olaraq azğınlaşmış bəyanatlar səsləndirir: "Hətta Sarkisyanın bir açıqlamasını oxudum: "Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkib hissəsində olmayacaq”, - deyir. Bu hələ hakimiyyətdən kənarlaşdırılan adamdır. Köhnə separatçıdır, azərbaycanlıları qırıb. Paşinyan da Qarabağa gəlib yollar çəkir, tarixi abidələri söküb yerində başqa şeylər tikir. Qarabağı faktiki olaraq özününküləşdirirlər. Münaqişənin həll yolu müharibədir. Millət ayağa qalxıb torpağını azad etməlidir".

"Rusiya Dağlıq Qarabağın açarını itirib, indi o açar öz əlimizdədir”

"Əvvəllər müstəqillik məsələsi ilə bağlı çox narahat idim. Ancaq 2016-cı ilin aprelində bu narahatlıq aradan qalxdı. Gəncliyimiz çox yaxşı inkişaf edib. Torpağı da geri qaytarmaq olar, ancaq müstəqilliyimizi qoruyub saxlamaq bizim üçün çox önəmlidir. Bəzən deyirlər ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Ancaq bu gün o açar itirilib. O açar öz əlimizdədir. Rusiya istəsə də, Qarabağ məsələsini həll edə bilməz. Çünki bir tərəfdə Amerika, digər tərəfdə Avropa dövlətləri var".

"Elə bilirsiniz ki, Bakıdakı ermənilər Ermənistanı müdafiə etmir?”

Bakıda 30 minə yaxın erməninin yaşadığını deyən deputat onların Ermənistana dəstək verdiyini də vurğulayıb: "Elə bilirsiniz ki, Bakıdakı həmin 30 min erməni Ermənistanı müdafiə etmir? Edir, inanın mənə. Ürəklərində başqa, dildə tamam başqa söz deyirlər. Tarix boyu ermənilər heç zaman bizimlə yola getməyib. 1905-1906, 1918, 1948-53, 1988-ci ildən ta bu günə kimi".

"Arxivlər açılmalı və kimin  kim  olduğu bilinməlidir"

Arxivlərin açılmasına da toxunan deputat qeyd edib ki, bu məsələdə Siyavuş Novruzovla həmfikirdir: "Bu yaxınlarda deputat Siyavuş Novruzovun arxivlərin açılması ilə bağlı müsahibəsini oxudum. Mən də arxivlərin açılmasının tərəfdarıyam. Arxivlər açılmalıdır və  kimin  kim  olduğu  bilinməlidir".

"Gömrük İttifaqına qoşulmağın əleyhinəyəm"

Müxtəlif mövzulara toxunan Vahid Əhmədov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Gömrük İttifaqına qoşulmasının əleyhinə olduğunu deyib: " İstər KTMT, istərsə də Avrasiya Gömrük İttifaqı olsun, həmişə onların əleyhinəyəm. Heç birinə daxil olmamalıyıq".