''Əvvəl obyektləri söküb hasar tikdilər, indi də hasarları söküb obyekt tikirlər''

''Əvvəl obyektləri söküb hasar tikdilər, indi də hasarları söküb obyekt tikirlər''

22-07-2018 01:56 / Bu xəbər 1898 dəfə oxundu

Söhbət Bərdədəki "Qəhrəmanlar parkı”nın ətrafından gedir

"Əvvəl adamların sənədli obyektlərini dağıdıb yerini hasarladılar. Adını da "abadlıq işləri” qoydular. İndi həmin hasarları dağıdıb yerləri obyekt tikmək üçün başqalarına satırlar”.

Bunu Meydan TV-yə Bərdə sakinləri deyir. Onların iddiasına görə, Tərtərçayın yaxınlığında - Koroğlu küçəsində yerləşən "Qəhrəmanlar parkı”nın ətrafında obyektlər tikilir. Halbuki bir neçə il əvvəl Bərdənin İcra Hakimiyyəti həmin ərazilərdəki obyektləri sökərək yerlərini hasarlayıb. Bərdə sakini Nizami Aslanov deyir, 6 ildən çoxdur ki, şəhərin mərkəzində sahibkarların obyektləri abadlıq, quruculuq işləri adı altında sökülür, yerlər satılır.

"Əllərində sənəd, gözləri yaşlı sahibkarlar" 

"Qəhrəmanlar parkı” salınanda parkın yerindəki və ətrafındakı bütün obyektləri sökdülər. Sahibkarları ağlar günə qoydular. Nə əllərindəki sənədə baxan oldu, nə gözlərindəki yaşa... Dedilər, abadlıq işləridir, bütün ölkədə aparılır, Bərdədə də aparılmalıdır, prezidentin göstərişidir. Simvolik mıəbləğdə kompensasiya təklif elədilər, götürən götürdü, götürməyən götürmədi... İndi də həmin yerlər başqalarına satılır. Yenə obyektlər tikilir”, - Nizami Aslanov deyir.

Bərdə sakini Qənirə Müslümova deyir, nə torpaq almaq fikri var, nə də obyekt tikmək istəyir. Ancaq hər gün qarşılaşdığı mənzərə ürəyini ağrıdır.

"Gecələr betonqarışdıran maşınlar gəlir"

"Haqsızlığa dözmək olmur. Birinin əlindən alıb o birinə satırlar. Axı büdcədən pul ayrılıb, hasarlar tikiblər, indi də dağıdıb mağazalar tikirlər. Söhbət şəhərin mərkəzindən axan Tərtərçayın ətrafından gedir. Hamı buranı çaylaq adlandırır. Gecələr betonqarışdıran maşınlar gəlir, beton töküb gedir. Hamı bilir ki, burda tikinti gedir. Adamlar səslərini çıxarmağa qorxur. Qınamaq da olmur, adamların gözünün odunu elə alıblar ki... Dərəbəylikdir, gəlib biri maraqlanmır ki, o gün obyeti söküb hasar çəkdiyin yeri indi nə səbəbə təzədən sökürsən, burda nə tikirsən?”, - Qənirə Müslümova deyir.

"Söküntü, tikinti aparılan ərazi "Mətin” şadlıq sarayının qarşısıdır. Yaxın illərdə tikdikləri "bardurları” gecələr dağıdırlar, yerinə beton tökürlər. Deyirlər, başçı yeri satıb”.

Rəsmi qurum: Bardurlar yerində, hər şey qaydasında...

"Qəhrəmanlar parkı” Koroğlu küçəsində yerləşir. Yaxın illərdə bu küçədə onlarla obyekt sökülüb, sahibkarlarla hökumət nümayəndələri arasında tez-tez qarşıdurmalar olub. 

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, şikayətlər əsassız və qərəzlidir. Koroğlu küçəsində heç bir söküntü, tikinti işləri aparılmır: "Boş söhbətlərdir. O ərazilərdə çoxdan abadlıq, quruculuq işləri aparılıb. Şəhidlərin xatirəsinə salınmış "Qərhəmanlar parkı”nın açılışında prezident də iştirak edib. O vaxt obyekti söküntüyə gedən sahibkarların kompensasiyaları artıqlamasıyla ödənilib, hamısı da razı qalıb. Şəhərin mərkəzində ən gözəl guşələrdən biridir, insanların rahatlığı üçün hər bir şərait var. Ola bilsin kimsə təmir işi aparır, "bardur”lar da yerindədi, hər şey də qaydasındadır”.

Prezindent İlham Əliyev Bərdədəki abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən bir neçə dəfə pul ayırıb. Eyni məqsədlə sonuncu dəfə bu ilin mart ayında Prezidentin Ehtiyat Fondundan Bərdəyə 3 milyon manat ayrılıb.