Kərəm Həsənov Prezident Administrasiyasına niyə çağırılıb?

Kərəm Həsənov Prezident Administrasiyasına niyə çağırılıb?

19-12-2016 19:14 / Bu xəbər 4451 dəfə oxundu

Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəhbərlik etdiyi dönəmdə ölkənin ən qüdrətli nazirlərindən biri olan Eldar Mahmudovla münasibət qurmaq hər bir yüksək vəzifəli şəxs üçün şərəf sayılıb. Bu şərəfə nail olanlar MTN-nin sabiq şefinin "çətiri altına” girərək arxayın şəkildə işləyiblər.

Bu şəxslərdən biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Əslində Eldar Mahmudovun "vurulmasından” sonra onun da işdən atılacağı gözlənilsə də bu baş vermədi.

Bilgili mənbələrdən Gununsesi.info-ya verilən məlumatda Kərəm Həsənovun Eldar Mahmudovla münasibətlərinə görə sorğu-sual edildiyi deyilir. Belə ki, komitə sədrinin Prezident Admnistrasiyasına çağırıldığı və sabiq nazirlə yaxın münasibətlərini, iş birliklərini təsdiqləyən faktların qarşısına qoyulduğu deyilir. Bu yaxınlığı etiraf etmək məcburiyyətində qalan Kərəm Həsənov bununla bağlı rəsmi izahat da yazıb.

Mediada yayılan məlumatlara görə, Kərəm Həsənov hansısa dövlət əmlakını özəlləşdirən şəxslərin siyahısını MTN-nə ötürməklə, Eldar Mahmudova külli miqdarda pullar qazandırıb.

Hər iki şəxsin münasibətləri o qədər yaxın olub ki, hətta Kərəm Həsənov MTN şefinin qızının toyunda "Yallı” gedirmiş.

"Azadliq”a daxil olan məlumatlarda isə bildirilir ki, Kərəm Həsənov Prezident Administrasiyasına çağırılmasının bir səbəbi də son günlər iri çəkili məmurların torpaq sahələri barədə məlumatların mediaya sızması ilə bağlıdır. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev müşavirələrin birində məmurların iri ərazilərə sahib olmasına işarə vurmuşdu. Həmçinin bu torpaq sahələrinin səmərəli istifadəsi üçün onların əlindən alınacağını bildirmişdi. 26 sentyabr referendumunda konstitusiyaya mülkiyyət hüququ ilə bağlı dəyişiklik edilməsi də bununla izah edilirdi.

Bu məsələ ilə bağlı ilə Kərəm Həsənova da müvafiq tapşırıq verilmişdi. Bütün bunlardan sonra bəzi məmurların iri torpaq sahələrinə malik olması barədə məlumatlar yayılmağa başladı. Bununla da diqqət istər-istəməz Kərəm Həsənova yönəldi. Şübhələr var ki, məlumatları komitə sədri tərəfindən mətbuata sızdırılıb.

İddia olunur ki, Prezident Administrasiyasında Kərəm Həsənovdan bu məsələ barədə də izahat istənilib.

Arqument.Az