Mehman Hüseynov anasının dəfninə buraxıldı

Mehman Hüseynov anasının dəfninə buraxıldı

06-08-2018 17:37 / Bu xəbər 2342 dəfə oxundu

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, 10 dəqiqə əvvəl Mehman Hüseynov Penitensiar Xidmətin maşını ilə evlərinə aparılıb.

Vəkil Şəhla Hümbətova məlumatı təsdiqləyib və əlavə edib ki, bloger yas mərasimində iştirak üçün müvəqqəti olaraq evə buraxılıb.

***

''Bizə hələ müraciət olunmayıb, olan kimi dərhal baxılacaq''

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov 2 il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun anasının dəfninə buraxılacağı barədə məsələyə aydınlıq gətirib.

M.Sadıqov deyib ki, Penitensiar Xidmətə müraciətdən sonra onun buraxılıb-buraxılmaması məsələsinə baxılacaq:

"Hələ müraciət olunmayıb, olan kimi dərhal baxılacaq. Amma hansı qərarın qəbul olunması haqda heç nə deyə bilmərəm”.

Bəzi saytlar Mehman Hüseynovun buraxılması ilə bağlı xəbər yazır. Hətta Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu barədə sosial şəbəkədə paylaşım edib.

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova isə Meydan TV-yə deyib ki, Cəzaçəkmə Müəssisəsi rəhbərliyinə müraciət ediblər:

"Bir neçə dəqiqə əvvəl bütün tələb olunan sənədlər rəhbərliyə təqdim olunub. Biz hazırda burada gözləyirik".

Avqustun 6-da bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər.