Universitetdə yanğın çıxdı, imtahan təxirə salındı

Universitetdə yanğın çıxdı, imtahan təxirə salındı

22-07-2017 15:56 / Bu xəbər 2540 dəfə oxundu

Abituriyentlərdən 4-ü tüstüdən zəhərlənib

İyulun 22-də Ziya Bünyadov prospektində yerləşən Kooperasiya Universitetinin binasında yanğın baş verib. Yanğın təhsil ocağının idman zalında qeydə alınıb.

"Olke.az”-ın məlumatına görə, əraziyə təcili tibbi yardım maşınları və yanğından mühafizə idarəsinin əməkdaşları cəlb edilib. İdman zalının əlverişsiz yerdə yerləşməsi yanğınsöndürən maşınların hərəkətinə mane olur. Bu səbəbdən də yanğını tam söndürmək mümkün olmayıb.

Hadisə zamanı binada abituriyentlər olub. Onlar ali məktəblərə I və IV ixtisas üzrə keçirilən qəbul imtahanına gələnlərdir.
Tüstüdən zəhərlənən 4 abituriyent təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Universitetin binasının qarşısında övladlarını gözləyən valideyinlərlə polislər arasında isə mübahisə yaranıb. Bəzi valideyinlər imtahanın dayandırılmasını, bəziləri isə uşaqlarının imtahandan çıxarılmasını tələb ediblər.

Hadisə yerinə gələn Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.

O, imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.