Vəkil: “Tofiq Yaqublu heç bir cinayət törətməyib”

Vəkil: “Tofiq Yaqublu heç bir cinayət törətməyib”

26-03-2020 16:22 / Bu xəbər 507 dəfə oxundu

"Tofiq Yaqublu heç bir cinayət törətməyib, ona qarşı irəli sürülən ittiham tamamilə əsassızdır”, - xuliqanlıq törətməkdə ittiham olunan, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəkili Elçin Sadıqov Toplum.Tv-yə belə deyir. 

Vəkil siyasətçinin dərahl azad edilməsini istəyir. 

"AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.2. (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən Tofiq Yaqublunun həbsi qanunsuzdur. O, dərhal azad edilməlidir. Biz bu qərardan Bakı Apellyasiya Məhkəməsinə də şikayət ərizəsi ünvanlamışıq. Şikayətdə hər bir şey detallı şəkildə qeyd olunub. Lakin hələ şikayətə baxılmayıb”.

Müxalifətçinin qızı Nigar Həzi də rəsmi ittihamda deyilənlərlə razılaşmır: "Dünən Tofiq Yaqublu ilə görüşmüşəm. Özüm hadisə yerində olmasam da, vintaçandan danışmağa belə dəyməz. O maşın vurulan andan avtomobilindən düşməyib. Buna imkan yox idi. Digər sürücü tərəfindən maşını vurulduğuna görə qapını açmaq mümkün olmayıb”.  

Nigar Həzi atasının avtomobildə olduğu müddətdə polisə zəng etdiyini də vurğulayır. 

"Ancaq Meydan tv-yə müsahibəsində Cəvahir Cəbrayılova bildirir ki, ilk olaraq o, polisə zəng vurub. Bəlkə də onlar da polisə zəng vurub. Ancaq ata maşında olarkən birinci polisə zəng edib”, - Nigar Həzi söyləyir.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun martın 25-də birgə yaydığı məlumatda isə deyilir ki, Tofiq Yaqublu "VAZ-21074”  markalı avtomobilin sürücüsü Elxan Cəbrayılovla mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib, yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçanla sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub. 

Rəsmi məlumatda müxalifətçinin E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müyyən edildiyi bildirilir.
 
"Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində "VAZ-21074”  markalı avtomobilin isə sağ qabaq qanadı üzərində zədələrin olduğu da qeyd edilir.

Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin  221.3.(silah qismində istifadə olunan əşyalar  tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlandığı bildirilir. 

Müsavatçı, Milli Şura üzvü Tofiq Yaqublu əvvəllər də bir neçə dəfə həbs olunub. O, həbsinin siyasi sifariş olduğunu bəyan edib. 

Şəbnəm Adil