Yasamalda yolsuzluq - FOTOLAR

Yasamalda yolsuzluq - FOTOLAR

02-04-2018 00:46 / Bu xəbər 967 dəfə oxundu

Yeni Yasamal qəsəbəsinin yollarında aparılan təmir işləri iyun-iyul aylarına kimi davam edəcək.

Bunu ToplumTV-yə ərazidəki işçi heyətindən deyiblər.
 
"Əslində tez həll olunardı, amma materiallar yarımçıqdı, tam təmin olunmayıb. Belə səbəblərdən işlər ləngiyir”. 

Yeni Yasamal 1 və Yeni Yasamal 2 arasındakı yol günduz saatlarında təmir üçün bağlanır və sərnişindaşıma vasitələri bir-birlərinin trayektoriyasına girərək qarışıqlıqla üzləşir. Yollarda saat 4-dən sonra iş dayanır və maşınların hərəkəti qaydasına düşür.
 
Yasamal Rayon İcra Hakimiyətindən niyə təmir materiallarının tam verilməməsinin səbəbini öyrənmək mümkün olmayıb.
 
Yolun təmiri üçün nə qədər pul ayrılması barədə də məlumat yoxdur.
 
Sakinlər isə bu vəziyyətdən ikiqat şikayətlənirlər.

Sakin Zeynəb Baxışovanın dediyinə görə, yolun bağlı olması maşını olanların dərdidir.

"Bizi narahat edən natəmizlikdir. Yolun asfalt qatı tam sökülüb deyə yağış yağanda palçıqdan, gölməçələrin əlindən keçmək mümkün olmur. Hava quru da olanda toz dumanından pəncərələri aça bilmirik. Elə təkcə maşınların təkərində gələn sarı palçıq məhəlləni nə günə qoyur. Uşaqların evə necə çirkli gəldiyini bir biz bilirik”-deyə o bildirib.
 
Yolların söküntüsünə  mart ayının əvvəllərində başlanılıb.