Heç kim qatil doğulmur
04-07-2023 12:39 / Bu xəbər 2120 dəfə oxundu
Detektiv hekayə, IV hissə
Çingiz SULTANSOY
Yeganə, həqiqətən ciddi mənəvi problem - qətldir.
Alber Kamü
Həyat vərdiş etdiyi qaydada, öz axarıyla davam edirdi. Üç yüz dollar xərclənib getmişdi, təzə borclar yığılırdı, çoxalırdı, qaytarmağa isə pulu yox idi, maaş çatmırdı.
Dördüncü ay da keçdi. Nəhayət, növbəti, tanış çap hərfləriylə yazılmış məktub gələndə artıq naməlum adamdan məktub almaq ümidini üzmüşdü, pul göndərənin ya daha bu yolla əylənmək istəmədiyini, ya da artıq pulu qurtardığını düşünüb gözləməkdən əl çəkmişdi. Deməli, səhv etmişdi, ümidi itirmək olmazdı.
Beynində "Bu dəfə hansı məbləğ vəd olunub görəsən?” sualı dolaşa-dolaşa, tələsə-tələsə bu dəfə nədənsə xeyli qalın olan zərfi açdı və bir yığın qəzet-jurnal səhifələri arasında məktubu tapıb açdı. Təkrarlanan, çoxdan tanış cümləni oxumadan əvvəlcə məbləğə baxdı və gözləri kəlləsinə çıxdı. Gözlədiyi 600, ən yaxşı halda 900-1000 dollar əvəzinə 10 000 dollar yazılmışdı! 10 000!
Gözlədiyindən az qala on-on beş dəfə artıq!
Bu məktub əvvəlkilərdən çox fərqlənirdi, zərfi böyük və qalın, içi dolu idi. Düzdü, məktubdakı vərəqdə ölməli, - və ya bu söz xoşunuza gəlmirsə, istədiyiniz başqa sözlə əvəzləyin, ölməyi ehtimal olunan və ya gözlənilən, - adamın adı və həmişəki, artıq ənənəvi cümlə yazılmışdı – "Ernst-Maria-Erich von Kolbenschlag ölsə, 10 000 dollar alacaqsınız”.
Amma məktubun həmişəkilərdən başlıca fərqi o idi ki, zərfin içində məlum, gələnəkli xəbər və ad-soyadlı kağızdan başqa qəzet-jurnal səhifələrindən kəsilmiş parçalar, bu parçalarda kübar xronikayla bağlı xəbərlər, müsahibələr, məqalələr var idi. Bu yazıların məzmunu onu əvvəlcə karıxdırdı.
Qəzet-jurnallardan qayçıyla səliqə ilə kəsilmiş məqalələrdə çoxlu məlumat vardı - adamın yaşı, təhsili, maraqları, əlaqələri, geşefti - biznesi, xeyriyyəçilik fəaliyyəti, müntəzəm getdiyi restoranların, kafelərin, pivəxanaların, əyləncə yerlərinin, klubların, teatr və sinemaların adları, həyat tərzi və başqa bu kimi xeyli bilgi. Başlıcası da ki, Berlində və şəhərdən kənardakı evlərinin, bağ və mülklərinin ünvanlarıyla yanaşı müsahibələrində bir neçə şəkli bə vardı. Onu heyrətləndirən tək məbləğ yox, həm də məlumatın gözlənilməz genişliyi oldu. Bütün qəzet məlumatları çoxluğu, dolğunluğuyla sanki Reinerə hədəf göstərirdi, üstəgəl şəkillər.
"Sanki nədir, göstərir də! Hədəf göstəməyin qaşı-gözü olar?”
Əgər beləydisə, bu təklif idi! Ernst-Erich Kolbenschlagı öldürmək təklifi! Ya da bəlkə oyunun davamı idi? Oyunu başlayan naməlum adam onu belə bir sınağa çəkirdi?! Necə istəyirsən, elə də başa düş!
Yatağına uzananda beynindəki dolaşıq, ziddiyətli fikirlərlərə görə yata bilməyən, yalnız gecədən xeyli keçmiş uyuyan Rainer səhərisi həmin adam haqda məlumatları ciddi öyrənməyə və təhlil etməyə başladı. Az sonra bilindi ki, Ernst von Kolbenschlag həqiqətən də göstərilən ünvanda, Kurfürstendammda möhtəşəm bir binada yaşayır, şəhərdə və şəhərdən kənarda geniş torpaq sahələri, bağı, başqa evləri, mülkləri də var. Yavaş-yavaş məktubdakı başqa məlumatlar, bəzi təfərrüat da tədiqləndi - varlı sahibkar, iki böyük bankın və bir şirkətin idarə heyətinin üzvü, kübar toplumun tanınmış, nüfuzlu siması idi, adı qəzetlərdə müntəzəm çəkilirdi – geşeft, maliyyə və kübar xəbərlər bölümündə. O, doğrudan da hər gün evdən eyni saatda çıxıb maşınıyla işə gedir, eyni vaxtda bəlli bahalı restoranlarda, bəzən evdə nahar edir, iş bitəndən sonra evə qayıdır, hərdənbir axşamlar xanımıyla konsertlərə, teatra və sinemaya gedir, Berlin kübar toplumunun ən möhtəşəm ziyafətlərində iştirak edir, bəzən axşamlar əshabələriylə parkda gəzişir, bəzən dostlarıyla klubda kart oynayır, kabarelərdə vaxt keçirir və məqalələrdə göstərildiyi kimi, evə gecədən xeyli keçmiş qayıdırdı. O vaxtın qaydalarına uyğun olaraq böyük mühafizəşi dəstəsi yox idi, yalnız suyu müharibə veteranına, istefaya çıxmış zabitə çəkən, otuz-otuz beş yaşlı enlikürək, zəhmli bir şəxs həmişə yanında olurdu.
Kolbenschlagı izləmək, fürsət düşəndə yaxınlaşmaq nəinki mümkünsüz, hətta elə də çətin də deyildi.
Demək, bu təklif tam real idi... Deməli, bu məktub və pul oyunu bununçün qurulmuşdu və indi də son mərhələsi çatmışdı?!
İki həftə keçəndən sonra da Rayner bu adam haqqında yazilan məlumatin çoxusunu yoxlayıb, marşrutlarını izləyib əlində olan faktları, başındakı qarmaqarışıq fikirləri və durumu təhlil etməyə, aydınlaşdırıb qiymətləndirməyə davam edirdi. Kolbenschlag çox zəngin və tanınmış adam idi, iş və maliyyə maraqlarının başqa nüfuzlu adamların maraqlarıyla toqquşması, düşmən qazanmaq ehtimalı həqiqətən də böyük idi. Təbii ki, ona düşmən kəsilən güclü, imkanlı adam həqiqətən də onu belə öldürtmək, indiki kriminal dillə desək "sifariş etmək” məqsədi qoya bilərdi. Məqsəd qoyulandan sonra iz buraxmamaq üçün qətlin icraçısını da bu məktub-pul alqoritmi* vasitəsiylə seçə bilərdilər – qatlin icrasına namizəd kimi seçilmiş, pul alan adam son mərhələdə qətli icra etməyə qərar versə və bacarsa. Bu öz yerində. Belə alqoritm icraçının seçilib təyin olunması üçün bir qədər qəribə, vaxtaparan, bahalı və gözlənilməz olsa da, hər halda mümkün və ən təhlükəsiz gerçək yollardan biriydi.
Təhlükəsizliyi, sifarişçinin sirrinin qorunması, anonym qalaraq təhlükəsizliyinin təminatı mənasında heç də bahalı deyildi. Rainerlə bu məktub oyununu başlayan hər kim idisə, ağıllı adam idi. Qatil tapşırığı alandan sonra imkan tapıb Kolbenschlagı münasib bildiyi yerdə və vaxtda vurar, dərhal da aradan çıxa bilərdi. Bu alqoritmin - planın digərlərindən böyük bir üstünlüyü onda idi ki, qatil yerindəcə tutulmasa, sonra tutulma ehtimalı çox kiçik, yox dərəcəsində idi və deməli iz əbədi itiriləcəkdi. Planın ikinci və başlıca üstünlüyü – icraçı üçün yox, təbii, sifarişçi üçün, - onda idi ki, qatil yerindəcə tutulsa belə, ən ağır işgəncələr altında da sifarişçini ələ verməyəcəkdi, verə bilməyəkdi, çünki onu tanımırdı, adını və ünvanını bilmirdi. Sifarişçiyə aparan yeganə ipucu adi və xüsusi poçtla gələn məktublar, pulu ona ötürmək üçün adına açılan bank hesabı idi. Bu işi əvvəldən başqasının əliylə səliqəli, təhlükəsiz və arxayın şəraitdə görərək iz qoymamaq, anonim qalmaq çox asan idi. Bu da öz yerində.
Amma nə qədər qəribə olsa da Raineri məsələnin başqa, mənəvi tərəfi daha çox düşündürürdü. Əgər bu təklif idisə, sifarişçi nədən, nəyə əsasən qərara gəlmişdi ki, o – Rainer von Eberhardt bu təklifi qəbul edəcək? Yerinə yetirməyə yəni qatil olmağa razılıq verəcək? Məsələ qətlin fiziki, "texniki” tərəfində, "Birdən tutularam” ehtiyatında ya "Vuraram, amma pulunu verməzlər” şübhəsində deyildi, hərçənd bu istisna oluna bilməyən ehtimallar da onu bir müddət düşündürdü. Məsələ təklifin mənəvi-əxlaqi tərəfində, bu əməliyyatı icra edəcək qədər alçalmaqda idi. Bəli, orduya çağrılandan sonra o kəşfiyyat zabiti kimi bəlkə də otuzdan çox adamı əlbəyaxa döyüşdə öz əliylə öldürmüş, bəlkə də yüzünü gülləylə uzaqdan vurmuşdu, daha artığını yaralamışdı, şikəst eləmişdi... Amma bu tamam başqa şeydi axı!
Müharibədə, cəbhədə düşmənlə üz-üzə gələn əskərsən, onu mərdi-mərdanə öldürürsən, sən onu öldürməsən o səni öldürəcək. Bu müharibənin amansız birinci qanunudur, sən şəxsi qisasa görə, ya qəzəbləndiyin, ya kefin istədiyi üçün və ya pul müqabilində yox, vətən naminə, əskər borcunu yerinə yetirərək qan töküb can alırsan. Burada şərəfsiz bir şey yoxdur, pasifistlər nə deyir desin, hətta əksinə! Qələbə ölümsüz-qansız qazanılmaz, şərəf nişanları, orden-medal qansız verilməz! Məktubda isə ona qatil olmaq, günahı olmayan, silahsız adamı namərdliklə arxadan vurmaq təklif edilirdi. Buysa tamam başqa, alçaq, şərəfsiz, əclaf bir əməl və təklifdi. Aydındır ki, arxadan vurmaq deyəndə güllənin yandan ya qabaqdan atılması heç nəyi dəyişmirdi, hücum gözləməyən silahsız adama güllə atana heç nə bəraət qazandıra bilməzdi, özəlliklə əsilzadə zabitə.
Almaniyada, bir çox başqa Avropa ölkələrindəki kimi, zəngin duel ənənəsi, tarixi və mədəniyyəti vardı, sərt duel qayda-qanunlarını azca pozmaq belə nakişilik, şərəfsizlik sayılırdı. Rainer özü tələbə olanda iki dəfə, - biri sevdiyi qızın üstündə, - düelə çıxıb, rəqiblərini qılıncla yaralamışdı, özü də yara almışdı, sol yanağındakı çapıq universitet illərinin xatirəsiydi. Tələbələr arasındabu dürl qədim ənnənə, bir dəb idi, dueldən çəkinən oğlanların hörməti olmazdı. 1930-cü illərin əccəlində duelə çıxıb qılıncla vuruşan ya tapançayla bir-birinə güllə atanların sayı xeyli seyrəlsə də hələ vardı, duel isə iki kişi arasında münaqişəni toqquşmanı həll etmək, haqq-hesab çürütmək usülü kimi hələ də normal və ağayana, hətta gözəl bir üsul hesab olunurdu. Almaniyada duel hələ altı-yeddi il sonra, 1937-ci ildə qanunla qadağan ediləcəkdi. Amma duel başqa, qətl başqa. Təsəvvür edin, yazılmamış duel, zabit şərəfi qanunlarını yazılı alman qanunlarından, İncildən uca tutan von Eberhardta muzdlu qatillik təklif olunur! Sutenyorluq – oğraşlıq təklifi kimi bir şey… Tfu!!.
Amma hər bir insan ürəyinin dərinliklərində yatan iblis baş qaldırıb ona pıçıldayırdı:
- Onu da unutma ki, sən neçə dəfə naməlum ünvandan pul almaq üçün günahsız insanlara ölüm arzulamısan axı! Bunu hara yazaq?!
Bu sözlərə etiraz edərək "Axı onların ölməsi üçün heç nə etməmişəm”, - deyə özünə bəraət qazandırmağa çalışırdı. İblis yenə:
- Nolsun ki? Sən pul almaq üçün insanlara ölüm arzulamısan. Yəni günahı, cinayəti ürəyində törətmisən. sənə heç bir pislik etməyən insanın ölməyini istəmisən. Özünə rəva bilmisən! Özü də bu qeyzlənib kiməsə "Öləsən səni!” demək deyil, şüurlü şəkildə kiməsə ölüm arzulamaqdır. Yetərli də, əsas da budur!
- Onu düz deyirsən, amma nolsun? Əilimi qana bulamamaışm ki?
- Bəs cəbhədə öldürdüyün 2o-30 adam?
- Boş-boş danışma! Yaxşı bilirsən ki, o qətlllər cinayət deyil, əskəri borcüm idi. Mən muzdlu qatil deyiləm, açıl başımdan! Rədd ol!
İblis ya o məkrli səs bir müddət susurdu, sonar yenə başlayırdı. Amma o səs olmasaydı belə Raineri yandıran tanımadığı korrespondentin sanki qəlbinə girib bu məqamları duya, hesablaya bilməsiydi.
"Demək, mənim zabit şərəfimi, prinsiplərimi şübhə altına alan, o məbləğ qarşısında duruş gətirə bilməyəcəyini bilərək plan quran var?!”
Zabit şərəfinəi, prinsiplərinə şübhə edən adam bu sözləri üzünə desəydi, Rainer şillə ilə cavab verərdi. Amma bu sözlər nəinki deyilməmişdi, hətta məktubda da yazılmamışdı, sadəcə bir təklif edilmişdi, o da birbaşa, açıq yox, üstüörtülü, eyhamla anladılan…
"Bəs mən?! Mən – zabit və von Eberhardtlar nəslinin indiyəcən layiqli davamçısı, muzdurluğun ən alçaq növü olan muzdlu qatil ola bilərəm?! Şərəfsiz və əclaf bir tapşırığı və rolu qəbul edə bilərəm?! Bu adını gizli saxlayan əclaf bunu da hesablayıb?!”
Rainer bütün varlığıyla qətiyyən layiq olmadığı, yaraşmaz, yaramaz, abırsız-əxlaqsız təklifə, ona biçilmiş rola razılaşmayıb daxilində etiraz edirdi. "Qətiyyən?! Heç olmasa öz-özünlə danışanda „qətiyyən" demə də!...”
Rainerə ən çox yer eləyən bu idi ki, yad birisi onun qəlbinin dərinliyinə varmışdı, elə bil onun içindəki gizliləri, sirrlərini, bütün zəiflik və ayıblarını aşkarlayaraq açıb ortaya tökmüşdü. Rainer, - cıdır aludəçisi, yəni qumarbaz olsa da, bunu etiraf eləmək lazımdı, edirdi də, - zabit şərəfini uca tutan və indi də unutmayan, aşağılamayan bir alman zabiti, - təklifə qarşı çıxır və özü özüylə mübahisə edirdi. Hətta demək olar ki bu mübahisə deyil, üsyan idi.
"Sanki gözümün qabağında bacıma açıq-aşkar abırsız təklif edirlər, mən də susuram. Susuram, etiraz etmirəm! Təklif edənin ağzından vurmuram! Sanki təkliflə razıyam?! Yox, bu olmayacaq! Görməyəcəksiniz!!.. "
Neçə gün belə ağır, üzücü düçüncələrdə, yuxusuz gecələrin və qayğılı gündüzlərin öz-özüylə daxili mübahisələrində və etirazlarında keçdi. Hətta ağır xəstəlik tapmış ya dərdə düşmüş adam kimi sınıxdı, arıqladı, gözləri çuxura düşdü, altı qaraldı. Ən yaxın dostu, silahdaşı Heinz Kessler başda olmaqla neçə adam nə baş verdiyini, niyə belə sınıxdığını soruşdu, amma onlara bir söz demədi, təbii, hərəsini bir cür yola verdi. Nə deyəydi ki? Alçaq təklif almışam, bir zabit kimi dərhal rədd eləmək əvəzinə, qəbul edib-etməməyi düşünürəm şərəfsizin biri kimi?..
Uzun, üzücü daxili mübarizədən sonra nəhayət qərara gəldi.
Davamı var
QEYDLƏR:
1. Alqoritm – latın dilində "algorithmi” – riyazi və ya başqa hər hansı məsələnin, problemin addım-addım həllinə yönəli, icra üçün dəqiq müəyyən olunan qayda və təlimatlar toplusu. IX yüzildə yaşamış görkəmli riyaziyyatçı, astronom, tarixçi, "cəbr” sözünü dünya elminə gətirən Əl-Xarəzminin adının latın dilində təhrif olunmuş formasından götürülüb.
2. Şnaps - alman arağı, meyvə, tərəvəz ya taxıldan çəkilir.
XATIRLATMA. Bu hekayənin fabulası orijinal olmayıb, müəllifin əlli il əvvəl oxuduğu və təsirləndiyi, amma adını, yazanın adını unutduğu bir ingilis novellasından götürülüb. Müəllif o novellanı tapıb ona çatdıran oxucuya əvvəlcədən təşəkkürünü bildirir və mükafat vəd edir.