Heç kim qatil doğulmur

Heç kim qatil doğulmur

29-06-2023 17:59 / Bu xəbər 2362 dəfə oxundu

Çingiz SULTANSOY

Yeganə, həqiqətən, ciddi mənəvi problem - qətldir.  

Alber Kamü


 

Detektiv hekayə, III hissə

Amma müəllifin əvəzinə növbəti məktub gəldi. Yenə köhnə şərt,  yeni ad: "Karl-Arthur Hoffman ölsə, 50 dollar alacaqsınız”.  

Bu zarafat olsaydı belə, çox uzanmışdı, bu uzunluqda zarafat olardı? Amma bu zarafat deyildi, ola bilməzdi, çünki dostları bəribaşdan istisna, varlı müştərilər belə bu məbləğdə pulu riskə qoyub zarafat eləməzdilər.

Rainer də orta statistik, qənaətcil, qayda-qanuna, səliqə-sahmana, dəqiqliyə riayət və hətta pərəstiş edən, "punktlich” dedikləri bir alman və zabit idi. Cıdır sevgisini, qumar azarını işdə bilsələr də, ona ayıb tutmurdular – rəhbərlik şirkətə önəmli gəlir gətirən işini yüksək dəyərləndirir, "Hərənin bir şakəri olur, hərə bir şeyin bazıdı. Həddini aşıb işinə mane olmursa özü bilər” düşüncəsiylə boş verirdi.  Həqiqətən də, bu azarına görə həmişə irili-xırdalı borc içində olsa da, ağını çıxarmır, bəzən azca geciksə də borclarını mütləq qaytarır, hörmətini qoruyub saxlayırdı. 

Bu səbəbdən onu cinayət edəcək nədi, qanun-qayda pozacaq, hətta işində qüsura yol verəcək şəxs saymaq rəhbərlikdə heç kimin ağlına gəlmirdi. Azdımı indiki zəmanədə Berlində borcu olan adam? O isə borc alanda marka ilə alırdı, amma nə qədər çətin olsa da ekvivalentini stabil valyuta – dollarla hesablayıb qaytarırıd, bu səbəbdən inflasiona baxmayaraq ona həmişə borc vermək istəyən tapılırdı, hətta çox idi. 

Daha üç həftə keçdi. Həmişəki kimi gələn məktubdan "Karl-Arthur Hoffman öldü” yazılan kağız, arasından əlli dollar çıxdı. Maaşından artıq pul idi, sürətlə düşən alman markasının o günkü kursu ilə yarım milyon markaya yaxın pul eləyirdi! Saxlasaydı, daha artıq edəcəkdi. Amma saxlamadı, bütün borclarını qaytardı və bazar günü çoxdan xoşladığı, paytaxtın ictimai-siyasi  həyatının mərkəzlərindən biri sayılan həmin "Hoppeqarten” hippodromuna getdi. Bu dəfə bəxti gətirdi və axşamı cibi pulla dolu, bir şüşə bahalı şampanla evə qalib kimi döndü.   

Altıncı məktubla yeddinci məktubun arası bir qədər çox çəkdi – ayyarım. Məktubda yüz dollar vəd olunmuşdu. Şərt isə dəyişməmişdi  – Dieter Baumbach adlı adamın ölümü. Rayner növbəti məktubu səbirsizliklə gözləyirdi, kiminsə gəlib bütün bu məktubların bir zarafat olduğu, pulunu geri istəyəcəyi ehtimalı yadından çıxmışdı. Həm də aldığı bu köçürmələri qaytarmağa pulu vardı daha, artıqlamasıyla.

Əvvəllər qəzetlərdə yalnız ticarət, maliyyə və iqtisadiyyat xəbərləri, kübar toplum, at yarışları haqqında xəbərləri oxuyurdu. İndi ağlına gəldi ki, nekroloqlara baxsın, bəlkə bir məlumat əldə edə bilər? Bütün milli qəzetlərdəki nekroloqları diqqətlə izləməyə başladı. Nəhayət, şərt qoyulan məktub gələndən altı gün sonra "Deutsche Allgemeine Zeitung” qəzetində Dieter Baumbach adlı birinin ölüm xəbərini oxudu. Görəsən, bu, öldüyü halda yüz dollar alacağı həmin Dieter Baumbach idi, yoxsa başqası? Kİm bilir?! O, gümanlar, ehtimal lar, şübhələr içində çabalayır, vicdanla tamah, dürüstlüklə ehtiras  arasında vurnuxa-vurnuxa, az qala boğula-boğula beş gün də gözlədi, amma ölənin məhz həmin adam olması istədiyini, məktubda adı çəkilən Dieter Baumbachın ölümünü arzuladığını özünə ürəyində belə etiraf etmədi...

Nəhayət, məktub gəldi və zərfin içindən yüz dollar yox, bu məbləğdə bank çeki çıxdı – onun adına. Rainerin ehtiyatına rəğmən çeki kimlik sənədiylə banka təqdim edib yüz dolları almaqda heç bir çətinlik olmadı.  

Nə isə, bütün borclarını ödəyib, özünə təzə palto, kostyum, ayaqqabı, bir neçə bahalı köynək və qalstuk alıb,  dörddə birini də "Hoppeqarten”də  uduzdu...

Daha iki həftə keçdi. Almaniyada krizis dərinləşirdi, marka sürətlə üzüaşağı yuvarlanırdı, yox, dibi görünməyən bir uçuruma düşürdü. Şirkətin bürosundakı gündəlik iş və qayğılar, həmişəki söhbətlər, evdə soğan-çörək və kartof suppesi əvəzinə restoranda yediyi dadlı və təbii ki bahalı xörəklər, otağına gətirdiyi və mincə marka müqabilində hər şeyə razı gözəlçələr, sürətlə əriyən "ölüm honorarı”, - belə ad qoymuşdu məktubla gələn pullara, - at yarışlarının hiss-həyəcanı, ləzzəti, udduqları və uduzduqları. 

İlahi, bu yarışları necə sevirdi! Məsələ tək udub-udmamaqda deyildi, cıdırın gözəlliyi, yarış mühiti və ovqatı onun iliyinə işləmişdi – günəş şüaları altında tərtəmiz yuyulmuş və qaşovlanmış, dərisi parıldayan, sıraya düzülən, start anını gözləyən, amma yerində sakit dayana bilməyən, yerində oynayan, cilov gəmirən ağ, qara, ağ-qara, ala-bula, kəhər, şabalıdı, qızılı, xallı, dəfnə, turşəng atlar, süvarilərin rəngbərəng çuxaları, şalvarları və papaqları...  start siqnalı – tapança atəşindən sonra atların yerindən dördnala ya da dingildətmə götürülməsi, finişə çathaçatda ağızlarında və sinələrində daşdanan köpük, cıdırdan sonra da sakit ola bilməyən bu gözəl, Mayn Rid demişkən, insandan gözəl məxluqların fınxırtısı, kişnəməsi, ayaq  tappıltısı, tər iyi və başqa belə, kiməsə adi ya  xoşagəlməz görünən səslər, qoxular, görüntülər, mənzərələr onunçün çox əziz idi və yaddaşına uşaqlıq, ailə xatirələri kimi əbədi hopmuşdu...

Hələ yeniyetmə vaxtı atası ona demişdi ki, bayramlar, ziyafətlər hərdənbir, nadir hallarda olur və rutin* həyatı bəzəmək, rövnəqləndirmək üçündür. Rainer o günü, varlı qonşu malikanədəki ziyafətə qonaq getməklərini, deyib-gülmək, qonşu uşaqlarla oynamaq, rəqs etməkləri, şənlik və qəhqəhələrlə dolu saatları, ziyafətdəki dadlı yeməkləri, axşam evlərinə qayıdanda alatoranda çisəyən yağışı, köhnə faytonun ritmik yırğalanmasını, atasının iki qardaşa, - kiçik bacıları yorulub yatmışdı, - dediklərini, atasının səsini yaxşı xatırlayırdı. 

Ata:  
- Həyat əyləncələrdən, bayramlardan yox, gündəlik, əksər hallarda rutin* işdən, qayğılardan ibarətdir  Bu həqiqəti bilən və ona uyğun yaşayan adam heç vaxt həyatın çətinliklərindən usanmaz, sınmaz, ailəsinin qədim və uca adına ləkə gətirməz. Özü isə uğur qazanar! – demişdi. 

Ata bu sözlərini elə demişdi ki, uşaqların yaddaşına həmişəlik həkk olunsun.  Olunmuşdu da. Pfeffellər nəslindən olan, uşaqlarını həmişə ailə başçısına itaət aşılayan anası  ərinin sözünə qüvvət verdi: 
- Mənim atam da, anam da mənə, bacılarıma həmişə belə deyirdi biz yeniyetmə olanda. 

Rainer  həyatını atasının öyrətdiyi kimi qurmuşdu, ona görə də hətta bu çətinliklər içində uğur qazanmışdı, aldığı ailə tərbiyəsi xasiyyətini yoğuraraq həyatda çox pisliklərdən qorumuş, çox yaxşılıqlara calamışdı. Amma indi Rainer rutin yox, əyləncə, bayram ovqatı istəyirdi, əyləncə isə həmişə xərc deməkdir, xüsusən inflasion vaxtı.

Rayner müştərilərlə görüşür, səbirlə razı salır, işini görür və növbəti məktubu pusquda oturan kəşfiyyatçı səbriylə gözləyirdi. Gələcək ya yox? Yenə də məktub gəldi, göndərəni adı yazılmışdı, bu dəfə ad başqa idi, amma bilirdi ki, bu da yalan çıxacaq. Zərfdən Rudolf-Alfred Falkenstein adı və məbləğ yazılmış varaq çıxdı. 

Məbləğin gözlədiyindən də böyük olmağı onu təəccübləndirdi və daha çox sevindirdi –  üç yüz dollar! O, məktubu yazı masasının siyirməsində saxladığı qovluğa qoydu, amma qovluğu daha siyirməyə qaytarmadı, seyfində gizlədib açarla bağladı. Heç nə eləməyəsən, heç barmağıvı da barmağıva vurmayasan, sənə üç yüz dollar verələr, elə-belə! 

Heç vaxt görmədiyin, tanımadığın, haqqında heç nə eşitmədiyin birinin ölümünə görə sənə bu qədər pul verələr?! Səbəbsiz yerə, havayı! Hərdən ağlına başqa fikir də gəlirdi, bəlkə bu zarafat deyil, şirkət rəhbərliyi tərəfindən qurulmuş bir yoxlamadır? 

Şirkətin həm da sahibi olan rəhbərinin öz müavinini vəzifədən azad etməsi söhbəti yayılmışdı, Rainer də eşitmişdi, təbii, bilirdi, amma iddialı deyildi, daha doğrusu, iddialarını göstərmirdi, yəqin ki, şöbə müdirlərindən birini təyin edəcəkdələr. Amma, bəlkə, onu təyin eləmək istəyirlər, yüksək vəzifə tapşırmazdan öncə onun təmizliyini, dürüstlüyünü yoxlayırlar? Hər halda bu variantı da istisna eləmək olmazdı. Rainer bu variantı da hazırlıqlı qarşılamaq üçün tanış bank işçisi ilə yüksək faizli kredit götürəcəyini əvvəlcədən danışdı.   

Günlərini yaxşı bildiyi və bacardığı, cəld və mükəmməl yerinə yetirdiyi işində, yüngülvarı vicdan sızıltısı içində, bir də qəzet nekroloqlarını izləməklə keçirirdi. Rahatsız deyildi, bu adamın gec-tez öləcəyinə, pulu alacağına əmin idi. Buna baxmayaraq iki həftə sonra məktubdakı adı "Deutsche Tageszeitung” qəzetindəki nekroloqda oxudu, Falkensteinın uzun sürən ağır xəstəlikdən öldüyünü öyrənib sakitləşdi və sevindi – üç yüz dollar onun olmalı idi! Çek bu dəfə daha tez, ikicə gün sonra, amma bu dəfə xüsusi poçtla əlbəəl çatdırılan, çatdırılma qəbzi  imzalandıqdan sonra təqdim edilən məktubda gəldi və bütün olan-qalan vicdan sızıltılarını, şübhələri borclarıyla birlikdə yuyub apardı. Puldan korluq çəkməyən insana həyat necə də gözəl görünürmüş!..    

Düz deyirlər, pul pulu gətirər. Üç yüz dollar azmış kimi, əli gətirdi - "Hoppeqarten”də də xeyli uddu və bu qələbənin təsiriylə həmin günün axşamı bahalı "Zillemarkt” restoranına getməyə qərar verdi.  Restorana tək getdi, dostlarından heç kimə əlinə bir belə pul gəldiyini göstərmək istəmirdi, çünki sorğu-suallar başlayacaqdı, düzünü demək istəmirdi, olmazdı da demək, bir səfehlik olardı.  

"Cıdırda udmuşam” demək də istəmirdi, sorğu, "Haçan? Hansı gün?”, "Hansı ata pul qoydun?”, "Nə qədər uddun?” suallarına görə yox, bəxtini hürkütməkdən qorxurdu. "Nəyimə lazım?” düşünüb dostlardan heç kimi dəvət eləmədi. Amma restorana tək gedib, cüt çıxdı.  

Bir gecəlik macəra axtaran, pul-para təmənnası olmayan qadınlar başqa, amma satılıq qadınların sanki lombard işçiləri, kart fırıldaqçıları və başqa fırıldaqçılar kimi üçüncü, bəsirət gözü var, adamı rentgen şüaları kimi işıqlandırıb, paltarı dəlib keçib  cibindəki pulu görürlər, duyurlar,  sanki iy çəkirlər. Reiner restorana girib özünə hələ masa seçəndə barın yanında oturan qısaətək paltarlı, dərin dekolteli qızlardan biri onu artıq manşırlayırdı. İyirmi-iyirmi beş yaşlı, mərmər kimi sinəsinin çoxusunu açıq, parıltılı donlu qız bu kişinin ofisianta yalnız özü üçün yemək və konyak sifariş verdiyinə, başqa heç kimi, yəni xanım gözləmədiyinə əmin olandan sonra naz-qəmzə ilə masasına yaxınlaşdı, mühafizəçisinə müraciət edən kraliça kimi: 

- Məni qonaq edərsinizmi? Sizinlə içmək istərdim, - dedi. 

Piyalə gözlərini süzdürə-süzdürə elə şahanə ədayla dedi ki, elə bil o Rainerdən yox, Rainer ondan içki istəyirdi. Rainer onu başdan ayağa ani, dəyərləndiri kişi baxışıyla süzüb, dekoltedən görünən sinəsini, incə belini və dümdüz ayaqlarını qeyd edərək "Buyurun!” dedi, ayağa qalxıb qızı oturtdu:
- Xanım, nə içəcəksiz? - soruşan anda qızı yaxşı  tanıyan ofisiant onların masasına yaxınlaşdı. 
Qız: 
- Veuve Clicquot Ponsardin şampanı. 
- Yaxşı zövqünüz var. 
Ofisiant sifarişi qəbul edib getdi. Qız:
- Mənim zövqüm də, hər şeyim də əladı, bəxtimdən başqa. 
- Nolub ki bəxtinizə? 
- İstəsəz, danışaram. Amma ürək sıxan, faciəli bir əhvalatdır. Dəyərmi? 
- Əlbəttə, danışın, işimizin adı nə? Amma əvvəlcə adınızı deyin. 
- Bekarçılıqdı, nəzakət xətrinə soruşursuz, yoxsa həqiqətən bilmək istəyrsiniz?
- Nəzakət xətrinə niyə? Əlbəttə, bilmək istəyirəm!
- Adeline. Ada deyə bilərsiniz. 
- Gözəl addır! Sizə də çox yaraşır.. 
- Bəs sizin?..   

Adanın sağlığına içdilər, yedilər, sonra Rainerin sağlığına, yedilər, danışdılar, yenə içdilər, rəqs elədilər, yenə içdilər, yenə rəqs elədilər, Adanın gözəl rəqs eləməyi vardı, fokstrot, svinq və tanqonu az qala peşəkar rəqqasə kimi oynayırdı. İki saat yarımdan sonra Rainer sərxoş və kefi kök, azca ləngər vuraraq "Zillemarkt” restoranından çıxırdı. Mavi piyalə gözlü Ada qolundan sallanmışdı, səxavətlə "Trinkgeld” –  "içmək pulu” - çaypulu verdiyi ofisiantla metrdhotel onu qapıya qədər təzim edə-edə ötürürdülər, sanki prins ailəsini yola salırdılar.  Bu restoran da, çox ehtimal uydurulmuş həyat tarixçəsi ürək ağrıdan, mütənasib bədəninin yumruları dar paltarın altından da göz oxşayan Ada da yəqin ki, bahalı, çox bahalı idilər, cibinə görə deyildilər və o, azca vicdan əzabı çəkirdi – içkinin təsirindən doğan qəfil səmimiyyətlə Rudolf-Alfred Falkenstein ölümünü arzuladığını nəhayət özünə etiraf etmişdi. Bəli, məhz bu insanın ölümünə görə pul mükafatı aldığını, gününü belə keflə keçirdiyini öz-özünə açıq demişdi! 

Amma şər qüvvələrin məsum qurbanı olan ya da rolunu məharətlə oynayan gözəlçə Adayla gecə keyfi hələ irəlidəydi, ona görə vicdanını dalayan, rahatlıq verməyən fikirləri başından isti bir yel apardı. Tutarqaları da səliqəylə sıralamışdı: birincisi, bu Falkensteini tanımırdı; ikincisi, Falkensteinin ölümünü arzuladığını nəzərə almasaq, onun ölümündə qətiyyən iştirak etməmişdi; yəni - bu da üçüncüsü, - ölümündə heç bir, heç bir təqsiri yox idi, xüsusən də, hüquqi cəhətdən; dördüncüsü, onun arzusundan, fikrindən, səylərindən  asılı olmayaraq, Falkenstein istənilən halda öləcəkdi; beşincisi, Berlində və bütün Almaniyada məğlubiyyətin və inflasionun doğurduğu kasıblıq, aclıq, səfalətdən, həkim yardımı, dərman çatışmazlığından və sairədən nə qədər adam ölürdü; altııncısı...

Nəşəli, bütün vicdan sızıltılarını-zadı unutduran gecənin sabahı Ada haqqını alıb gedəndən sonra fikirləşdi ki, gözəl rəqs-flan öz yerində, belə çox bahalı qızlar qiymətinə dəymir, nə gözəlliyinə, nə də yataq-məhəbbət bacarığı və texnikasına görə - bahalı, elit ərzaq mağazadan alınan, amma keyfiyyəti, dadı, doyumluğu eynilə adi bazardakı orta qiymətli kartof, kələm ya çuğundur kimi... 

İndən belə bu sirrli məktublar haqqında düçüncələrinə vicdan əzabı da qatıldı  – axı o, tanımadığı bir adamdan pul almaq üçün heç bir günahı olmayan başqa birisinə ölüm arzulayırdı. Bu cinayət olmasa da, müsbət hal, ləyaqətli adama layiq bir düşüncə sayılmazdı, ailəsinin, özünün adına-sanına isə heç yaraşmazdı. Əgər o, dindar olsaydı, deyərdi ki, bu günahdır. Amma dindar – protestant ailədə böyüsə də, dindar deyildi, bir çox səbəbdən, o cümlədən müharibədə gödüyü dəhşətlər, dünyanın vəfasızlığı, namərdliyi, həyatın haqsızlığı onun inamını laxlatmışdı.   

Son məktubdan bir ay keçdi, iki ay keçdi, üç ay keçdi, amma növbəti – on birinci məktub gəlmədi. Indiyə qədər gələn və xəbər gətirən məktublar ən çoxu iki-üç həftə intervalı ilə gəlirdilər. Birinci ay növbəti məktubu səbirsizliklə gözlədi, məktubun xüsusi poçtla gələcəyini bilsə də, adi poçtu da diqqətlə yoxlayırdı. Amma məktub gəlmədi... 
 
Davamı var

QEYDLƏR:

* "Rutine” - fransız dilindən götürülmüş bu sözün alman dilində mənfi mənası yoxdur, dəqiq və çoxdan müəyyən olunmuş, icrası tanış və məlum qayda-qanun ya da yeknəsəq iş deməkdir. Amma məsələn, rus dilində isə  bü sözün mühafizəkar qayda-qanun, bu qayda-qanuna qul kimi itaət, yenilikdən qorxu kimi neqativ məna çaları var. Məncə, iki xalqın eyni xarici sözə verdiyi müxtəlif məna çalarları xalqların təfəkkürünü, milli mentalitetini də əks etdirir. Yəni orta alman dəqiq müəyyən olunmuş qayda ilə yeknəsəq işləməkdə və yaşamaqda pis heç nə görmür, bunu uğura aparan zəruri yol sayır, orta rus və ya, məsələn, azərbaycanlını isə bu darıxdırır. Nəticəsi göz qabağında, Almaniyanı Rusiya ilə tutuşdurmaq yetər, xalqları, qurduqları dövlətləri, həyatın nizamını və başqa amillər.
 
** Hekayənin süjeti orijinal olmayıb, müəllifin ingilisdilli detektiv ədəbiyyatdan götürdüyü, dəfələrlə istifadə olunan süjetdir.