Angela Merkel: "Putin Avropanı məhv etmək istəyir"

Angela Merkel:

09-06-2022 15:29 / Bu xəbər 731 dəfə oxundu

Almaniyanın keçmiş kansleri Angela Merkel öz istefasından sonra verdiyi ilk böyük müsahibədə Rusiyanın Ukraynaya təcavüzünü böyük səhv adlandırıb. 

"Bu, beynəlxalq hüququ heçə sayan qəddar, bəraəti olmayan hücumdur”, - keçmiş siyasətçi deyib.

"Putinin nifrəti, düşmənçiliyi Qərbin demokratiya modelinə yönəlib. O, Avropa Birliyini məhv etmək istəyir”, - Merkel "Der Spiegel”in jurnalistinə söyləyib.  

Keçmiş kanslerin sözlərinə görə, Qərb də bu təcavüzün qarşısını almaq üçün hər şeyi etməyib: "Biz Ukraynadakı müharibənin önünü kəsəcək təhlükəsizlik arxitekturası yarada bilmədik. Bunun haqqında düşünməliyik”.

Bununla belə, Merkel vurğulayıb ki, özünün indi "çox yumşaq” kimi qiymətləndirilən və tənqid olunan Rusiya siyasətinə görə üzr istəmək niyyətində deyil. 

Keçmiş kansleri Ukrayna məsələsində daim Rusiya ilə komromisə can atmaqda qınayırlar və nümunə kimi onun Minsk razılaşmalarına münasibətdə güzəştlərə hazır olmasını göstərirlər. 

Amma Angela Merkel Putinlə aparılan danışıqlarda sadəlövh olmadığını iddia edib. 

O bildirib ki, Rusiya və Ukrayna arasındakı konflikti diplomatik yolla həlli cəhdinin düzgün olduğunu hesab edir: "İşə yaramadığına görə diplomatiyanı yanlış hesab etmək olmaz”. Bununla bərabər o, etiraf edib ki, 2014-cü ildə Krımın ilhaqına daha sərt cavab vermək lazım idi: "Hərbi güc - Putinin anladığı yeganə dildir”. 

Keçmiş kansler Ukraynanın 2008-ci ildə NATO-ya qəbul olunmasına qarşı çıxmasını belə izah edib: "O vaxtkı Ukrayna ilə indiki Ukrayna eyni deyil. Ovaxtkı Ukrayna Yanukoviç və Yuşenko arasında siyasi cəhətdən çox bölünmüşdü. Daxilən sabit demokratik ölkə deyildi”. 

Digər tərəfdən, Merkelin sözlərinə görə, Ukrayna NATO-ya qəbul olunsaydı, Putin bunu "müharibə elanı” hesab edəcəkdi, o, isə Rusiya prezidentinə belə bəhanə vermək istəməyib.